EN

Ağdərədə minaya düşən kişinin ayağı amputasiya olundu - YENİLƏNİB

Ağdərədə çobanın minaya düşərək xəsarət almasının bəzi təfərrüatları məlum olub.
 
Moderator.az xəbər verir ki, Qulu Quliyev əslən kəlbəcərlidir.
 
O, 30 ildən çoxdur ki, Ağdərə rayonun Şıxarx kəndində məskunlaşıb. Q.Quliyev uzun müddətdir Həsənqaya kəndi ərazisində mal-qara saxlamaqla məşğul olur. Ötən gün heyvanlarını axtararkən səhvən minalı əraziyə keçib.
 
Qeyd edək ki, Şıxarx və Həsənqaya kəndləri 1993-cü ildə erməni işğalından azad edilib. İşğal dövründə bu kəndlərin əraziləri uzun illər qoşunların təmas xətti olub.
 
09:42
 
Ağdərədə minaya düşən 46 yaşlı kişi Bərdəyə göndərilib.
 
Moderator.az-ın məlumatına görə, 46 yaşlı Q.Quliyevə Tərtər Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Diaqnostika Mərkəzinə göndərilib. Hazırda yaralı Q.Quliyev əməliyyata götürülüb. Onun sol ayağının topuq nahiyəsi amputasiya olunub.
 
Faktla bağlı araşdırma davam etdirilir.
 
09:31
 
Ağdərədə 46 yaşlı kişi minaya düşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumat yayıb.
 
Qeyd olunub ki, Ağdərə rayonunun Həsənqaya kəndi ərazisində mina hadisəsi baş verib.
 
1979-cu il təvəllüdlü Quluyev Qulu Tufan oğlu minalardan təmizlənməmiş Həsənqaya kəndi ərazisində mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.
 
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
 
09:26
 
Ağdərədə mina partlayışı olub.
 
Moderator.az xəbər verir ki, hadisə Ağdərə rayonu ərazisində qeydə alınıb.
 
Belə ki, Şıxarx qəsəbə sakini 1979-cu il təvəllüdlü Quliyev Qulu Tufan oğlu Həsənqaya ərazisində mal otararkən mina partlaması nəticəsində xəsarət alıb.
 
Yaralı Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
 
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşlarının cəlb olunduğu bildirilir.
Chosen
36
25
moderator.az

10Sources