EN

Şahid: Jota sürət həddini aşmayıb

Portuqaliya millisinin və "Liverpul" futbol klubunun hücumçusu Dioqu Jota ilə qardaşı Andre Silvanın ölümü ilə nəticələnən qol qəzasının şahidi olan yük avtomobilinin sürücüsü Joze Azevedu faciəvi hadisənin detalları barədə danışıb.

"Report" xəbər verir ki, Azevedunun fikirlərini Portuqaliyanın "Record" nəşri yayıb. Hadisə zamanı yük avtomobilinin sürücüsü baş verənləri kameraya çəkib.

"Mən video çəkirdim və kömək etmək üçün dayandım, amma təəssüf ki, heç nə edə bilmədim. Vicdanım təmizdir. O gecə nələrdən keçdiyimi bilirəm. Düzünü desəm, maşında kimin olduğunu bilmirdim. Jotanın ailəsinə başsağlığı verirəm. Əmin edirəm ki, onlar sürət həddini aşmamışdılar. Mən avtomobilin markasını və rəngini görə bildim. Mən bazar ertəsindən şənbəyədək hər gün bu yoldan istifadə edirəm və onun (yolun - red.) pis olduğunu bilirəm. Bu qaranlıq bir yoldur, amma mən maşının markasını və rəngini ayırd edə bildim. Təəssüf ki, olanlar oldu", - o bildirib.

Azevedu yanğınsöndürəndən istifadə edərək portuqaliyalıya kömək etməyə çalışıb.

Xatırladaq ki, futbolçular İspaniyanın şimal-qərbində həlak olublar. Ötmə hərəkətini yerinə yetirərkən Jotanın idarə etdiyi "Lamborghini" markalı avtomobilin təkəri partlayıb, nəticədə avtomobil yoldan çıxaraq alovlanıb.

Jota və "Penafiel"də çıxış edən qardaşı Silvanın dəfn mərasimi iyulun 5-də Portuqaliyada keçirilib.

Chosen
56
9
report.az

10Sources