EN

AMEA-da “Ədəbi proses – 2024” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib

Bakı, 9 iyul, AZƏRTAC

İyulun 9-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi proses – 2024” mövzusunda elmi-yaradıcılıq müşavirəsi keçirilib. Əvvəlcə foyedə “Ədəbi proses” elmi-yaradıcılıq müşavirələrini əks etdirən nəşrlərdən ibarət sərgi ilə tanışlıq olub.

AZƏRTAC xəbər verir ki, tədbiri açan AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli “Ədəbi proses” elmi-yaradıcılıq müşavirələrini böyük ənənəyə çevrilmiş elm hadisəsi kimi yüksək qiymətləndirib. Akademik İsa Həbibbəyli 1976-1984-cü illərdə əsası qoyulmuş elmi-yaradıcılıq müşavirələrinin 2013-cü ildən fasiləsiz olaraq Ədəbiyyat İnstitutunda keçirildiyini, onun materiallarının kitab halında çap olunduğunu, 2018-ci idən isə “Ədəbiyyat” qəzetində hər il nəşr edildiyini diqqətə çatdırıb.

“Ədəbi proses” elmi-yaradıcılıq müşavirələrini 2020-ci ildən “Zəfər diskursu dövrü” kimi xarakterizə edən AMEA rəhbəri həmin ildən ədəbiyyatın mahiyyətinin dərinləşdiyini, ədəbiyyat tariximizin yeni təfəkkür işığında tədqiqata cəlb olunduğunu, mübarizlik, yenilməzlik və əyilməzlik düşüncəsi, milli özünüdərk, özünəinam ideyalarının bütün janrları əhatə etdiyini söyləyib.

Sonra Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid çıxış edərək “Ədəbi proses” elmi-yaradıcılıq müşavirələrinin ədəbi hərəkata çevrildiyini bildirib.

Rəşad Məcid bildirib ki, müşavirə çərçivəsində yalnız Ədəbiyyat İnstitutunun əməkdaşları deyil, digər elmi və mədəni qurumlarda çalışan ədəbiyyatşünasların iştirakı, eləcə də müzakirələrin Azərbaycan Yazıçılar Birliyi ilə əməkdaşlıq şəraitində aparılması ölkədə ədəbiyyatşünaslıq sahəsinin inkişafına xidmət edən əsas mexanizmlərdən biridir.

Azərbaycan Yazıçılar Birliyinin katibi, şair və tərcüməçi Səlim Babullaoğlu çıxışında AMEA, o cümlədən Ədəbiyyat İnstitutu və digər elmi qurumlar arasında son illərdə formalaşan səmərəli əməkdaşlıq əlaqələrindən söz açıb. Bu əməkdaşlığın konkret nümunəsi kimi “Ədəbi proses” ədəbi toplularını, eləcə də “Ədəbiyyat” qəzeti və digər mətbu orqanlarda gedən materialları göstərib.

Səlim Babullaoğlu əlavə edib ki, obyektiv ədəbi tənqid və kənar elmi baxış olmadan hər hansı bədii əsərin bütövlüyü və müstəqil dəyəri tam şəkildə formalaşmaya bilər. Bu səbəbdən də tənqid yaradıcılıq prosesinin ayrılmaz və tamamlayıcı mərhələsidir.

“Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan isə çıxışında 2018-ci ildən sözügedən müşavirələrin icmallarının ixtisarla “Ədəbiyyat qəzeti”ndə yayımlandığını bildirib. O, bu yaxınlarda dünyasını dəyişmiş gənc şair, Vətən müharibəsi iştirakçısı Həsən Kür kimi istedadlı şairlərin zamanında diqqət mərkəzindən kənarda qalmamasının zəruriliyini qeyd edib, ədəbi ictimaiyyəti daha həssas olmağa çağırıb.

Tədbirdə Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova “2024-cü ilin ədəbi mənzərəsi” haqqında geniş məruzə ilə çıxış edib. Məruzəçi ötən ilin ədəbi mənzərəsinə nəzər salaraq, ölkəmizin 2024-cü ildə COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməsinin Azərbaycanın dünyada artan nüfuzunun, möhkəmlənən yerinin və dünya siyasətində iştirak payının göstəricisi olduğunu bildirib. O, “Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamını xatırladıb, həmçinin ötən ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini diqqətə çatdırıb.

Elnarə Akimova ölkə başçısının “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında”, “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” və digər sərəncamlarının əhəmiyyətini qeyd edib.

Ötən il türk dövlətləri ilə mövcud əlaqələrin daha da inkişaf etdirildiyini söyləyən məruzəçi türk xalqları ədəbiyyatının öyrənilməsi istiqamətində mühüm işlər görüldüyünü, 34 hərfdən ibarət Ortaq Türk Əlifbası üzərində ümumi razılığın əldə olunduğunu, Türk dünyasının ən qiymətli kitablarından biri olan “Divanü lüğat-it-türk” əsərinin Azərbaycanda çap edildiyini diqqətə çatdırıb.

O, həmçinin ötən il Qərbi Azərbaycanla, Qarabağla, mühacirət ədəbiyyatı ilə bağlı ərsəyə gəlmiş əsərlərdən bəhs edib.

Tədbirdə “Poeziya”, “Nəsr”, “Ədəbi tənqid”, “Dramaturgiya”, “Gəncliyin baxışı və gəncliyə baxış”, “Bölgələrdə ədəbi həyat”, “Zəfər publisistikası: Yaradıcı fəallığın bir ili”, “Güney Azərbaycanda ədəbi proses”, “Uşaq ədəbiyyatı”, “Azərbaycanın xarici dillərdə yaranan ədəbiyyatı”, “Keçən ilin bədii tərcüməsi: məziyyətləri və gözləntiləri” və “2023-2024-cü illərdə İraq-türkman ədəbiyyatında ədəbi proses” mövzularında məruzələr dinlənilib.

Chosen
29
1
azertag.az

2Sources