İsrail və radikal Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəsə yaxındır, yeganə həll olunmamış problem İsrail Müdafiə Ordusunun anklavdakı statusu və mövcudluğudur.
“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Sky News” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, tərəflər Qəzzaya humanitar yardımın çatdırılması prosesi və HƏMAS-ın 60 günlük atəşkəsdən sonra İsrailin hərbi əməliyyatları bərpa etməyəcəyinə dair ABŞ-dən zəmanət tələbi kimi digər məsələlərdə əhəmiyyətli fikir ayrılıqlarını həll edə biliblər.
Telekanal bildirir ki, İsrail Ordusunun geri çəkiləcəyi bölgələrə humanitar yardımların çatdırılması üçün üçüncü tərəfdən istifadə olunacaq.
Beləliklə, "Sky News"un qeyd etdiyi kimi, Təl-Əviv tərəfindən ABŞ-nin iştirakı ilə yaradılan Qəzza Humanitar Fondu İsrail Müdafiə Ordusunun olmadığı yerlərdə fəaliyyət göstərə bilməyəcək. Humanitar yardımın ötürülməsi funksiyalarını BMT və ya digər humanitar təşkilatların öz üzərinə götürəcəyi güman edilir.