İsrail və Fələstin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəsə yaxındır, həll olunmamış yeganə problem İsrail Müdafiə Qüvvələrinin Qəzzada statusu və mövcudluğudur.
Vətəninfo.az xəbər verir ki, bu barədə Britaniyanın Sky News telekanalı mənbələrə istinadən məlumat yayıb.
Buna əsasən, tərəflər Qəzzaya humanitar yardımın çatdırılması prosesi və HƏMAS-ın 60 günlük atəşkəsdən sonra İsrailin hərbi əməliyyatları bərpa etməyəcəyinə dair Amerika zəmanəti tələbi kimi digər məsələlərdə də əhəmiyyətli fikir ayrılıqlarını həll edə biliblər.
Telekanalın məlumatına görə, İsrail ordusunun geri çəkiləcəyi bölgələrə humanitar yardımların çatdırılması üçün nə İsrailin, nə də HƏMAS-ın üzərində nəzarəti olmayan üçüncü tərəf təşkilatından istifadə ediləcək.
Humanitar yardımın ötürülməsi funksiyalarının BMT və ya digər tanınmış humanitar təşkilatlar tərəfindən həyata keçiriləcəyi güman edilir.