EN

“Daha camaşırxana və alış-veriş yoxdur”

ABŞ-dan olan Şeron Leyn bu ay San Dieqo limanından Villa Vie şirkətinə məxsus “Odyssey” adlı rezidensiya kruiz gəmisinə minib. 77 yaşlı Leyn növbəti 15 ilini yaşamağa başladığı kruiz gəmisində keçirməyi planlaşdırır.

Kruiz sənayesinə yeni nəfəs gətirən rezidensiya gəmilərindəki kabinlər uzun müddətə icarəyə götürülə bilər.

Leyn, “Odyssey”də kabinəsini 15 il müddətinə kirayəyə götürdüyünü ifadə edərək, “İllərdir etmək istədiyimə nəhayət nail oldum”, – deyib.

Şirkətin baş direktoru Mikael Petterson deyir ki, daxili kabinlərin qiymətləri 15 il üçün 129.000 dollardan, xarici kabinlər isə 169.000 dollardan başlayır.

Kabinədə tək qalmaq istəyənlər ayda əlavə 3000 dollar, cütlükdə qalmaq istəyənlər isə əlavə olaraq 2000 dollar ödəyirlər. Xarici kabinlər üçün ödəniş 500 dollar daha yüksəkdir.

Müştərilərə kabinləri digər sərnişinlərə icarəyə götürmək imkanı da təklif olunur.

77 yaşlı Kaliforniyalı bütün əmanətlərini kabinəyə qoyduğunu və peşman olmadığını deyir: “Artıq çamaşır yumağa ehtiyacım yoxdur. Marketdə alış-verişinə getməyə məcbur deyiləm. Cənubi Kaliforniyada yaşamaqdan qat-qat ucuzdur”.

15 il fasiləsiz dünya turu edəcək gəmi, getdiyi limanlarda bir neçə gün dayanır. Torpaq turları əlavə ödənişlədir.

İlk ildə Antarktida, Qalapaqos adaları və Folklend adaları kimi dayanacaqlar pis hava şəraiti və bəzi bürokratik problemlər səbəbindən ləğv edildi. Gələn il bu marşrutlar üçün xüsusi tur təşkil olunacaq.

Son iki ilini Kaliforniyada qocalar evində keçirdiyini ifadə edən Leyn, “Mən belə bir həyat istəmirdim, daim başqa bir yer axtarırdım” deyir.

Şeron, kabinəsinin dənizə mənzərəsi olmasa da, vəziyyətindən razı olduğunu deyir: “Mən daha həyatımda xaos deyil, sadəlik istəyirəm. 15 ildən sonra nə olacağını bilmirəm. Bəlkə başqa gəmiyə keçim. Vaxtı gələndə görəcəyik”.

Chosen
32
50
vaxt.az

10Sources