İran Prezidenti Məsud Pezeşkianın Xankəndidə baş tutan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə fəal iştirakı, həmçinin Azərbaycan və Türkiyə liderləri səmimi görüntüləri böyük maraqla qarşılandı.
Pezeşkianın Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbəti, Xankəndidən paylaşılan görüntüləri beynəlxalq siyasi arenada xüsusi diqqət çəkdi. Ekspertlərin fikrincə, bu, yeni geosiyasi reallıqda Bakı-Tehran-Ankara münasinbətlərinin yenidən tənzimlənməsinin mesajı kimi dəyərləndirilə bilər.
Üç qonşu ölkənin yaxınlaşması və “buzların əriməsini” zəruri edən amillər nələrdir? Bakı-Tehran-Ankara birliyi hansı gələcək proseslərdən xəbər verir?
Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Prezidenti Məsud Pəzeşkianın Azərbaycana səfəri, xüsusilə onun Qarabağa gəlişi, Prezident İlham Əliyevlə yaxın və rəmzi mesajlarla dolu görüntüləri, eləcə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə verdiyi “üçtərəfli” görüntülər regional diplomatiyada diqqətəlayiq hadisə kimi dəyərləndirilməlidir:
“Görünən odur ki, Tehran yeni bir ünsiyyət dili ilə meydana çıxmaq niyyətindədir. Lakin bu ritorikanın real siyasətə çevrilməsi həm daxili institutların səlahiyyət bölgüsündən, həm də İranın dəyişən xarici mühitə necə reaksiya verəcəyindən asılı olacaq.
Əgər bu səfər sadəcə bir jest deyil, real siyasətə transformasiya edilərsə, Azərbaycanla İran arasında enerji, logistika, sərhəd təhlükəsizliyi və Araz vadisində birgə layihələr üzrə ciddi əməkdaşlıq platforması formalaşa bilər. Bunun üçün isə təkcə prezidentin iradəsi kifayət etmir.
İranın son illərdə açıq şəkildə ifadə etdiyi narahatlıqlardan biri də Zəngəzur dəhlizi layihəsidir. Bu dəhlizin açılması Azərbaycanın Naxçıvanla birbaşa quru bağlantısını təmin etməklə yanaşı, Türkiyəni Orta Asiya ilə birləşdirən yeni bir geosiyasi arteriya formalaşdıracaq. İran isə bu marşrutun öz ərazisindən keçməməsini regionda təsir gücünə və tranzit roluna təhlükə kimi qiymətləndirir”.
Deputat qeyd edib ki, Tehranın qənaətinə görə, Çin və Mərkəzi Asiya ölkələrinin “Orta Dəhliz”ə meyli İranı geoiqtisadi layihələrin kənarında saxlaya bilər:
“Həmçinin nəzərə almaq lazımdır ki, İran Türkiyə və Azərbaycanın Türk Dövlətləri Təşkilatı vasitəsilə bölgədə artan rolunun özünün dini-ideoloji doktrinası ilə ziddiyyət təşkil etdiyini düşünür. Pəzeşkian administrasiyası bu həssas mövzuda kompromis axtarışına girsə belə, İranın ali lideri və SEPAH məsələ ilə bağlı sərt yanaşmanı davam etdirə bilər.
Bu xüsusda, son aylarda Moskva və Tehran arasında münasibətlərdə gizli gərginliklər və ziddiyyətlərin müşahidə olunduğunu da nəzərə almaq lazımdır. Artıq İranda Rusiyaya etibarsız müttəfiq kimi yanaşanların sayı artmaqdadır. Kreml daxilində də İranla yaxınlaşmaya qarşı çıxan dairələr var. Onlar Tehranı etibarsız, radikal və qeyri-proqnozlaşdırılan tərəfdaş kimi qiymətləndirirlər.
Bu kontekstdə, Tehranın Bakı və ilə münasibətləri normallaşdırması, həm də Moskva ilə münasibətlərdə müəyyən balans yaratmaq niyyəti daşıya bilər. Unutmaq lazım deyil ki, İranın teokratik idarəetmə sistemində prezident məhdud icra səlahiyyətlərinə malikdir. Xarici siyasət və milli təhlükəsizlik kursunu ali lider və ona bağlı qurumlar, həmçinin SEPAH müəyyən edir”.
Deputat əlavə edib ki, Pəzeşkian islahatçı və türk olması, həmçinin Azərbaycana bağlılığı ilə tanınması baxımından müsbət siqnallar ötürsə də, sistemin sərhədləri içərisində hərəkət etməyə məhkumdur:
“Onun əsas rolu diplomatik ritorikanı yumşaltmaq, texniki əməkdaşlığı bərpa etmək və ictimai imic üzərindən gərginliyi azaltmaq olacaq. Bu baxımdan, İran prezidentinin Qarabağa səfəri və üçtərəfli görüşlər müsbət diplomatik jestlər kimi qiymətləndirilsə də, onların dayanıqlı strateji əməkdaşlığa çevrilməsi üçün bir sıra şərtlərin nəzərə alınması lazımdır. Bütövlükdə proses İran daxilində ali liderin siyasi iradəsi ilə dəstəklənən real dəyişiklikdən, Zəngəzur dəhlizi ilə bağlı kompromisli və qarşılıqlı faydalı razılaşmaların əldə olunmasından, Rusiya ilə münasibətlərdə gərginliyin artması fonunda İranın yeni regional balans siyasəti formalaşdırmasından asılıdır.
Beləliklə, regionda olduqca həssas bir mərhələ başlayıb. Bu mərhələnin uğuru yalnız liderlərin şəxsi jestləri ilə yanaşı, sistemlərin çevikliyindən və qarşılıqlı strateji maraqlardan asılı olacaq”.