EN

2025-ci ilin ilk yarısında interneti ən çox məhdudlaşdıran 10 ölkə (SİYAHI)

"Surfshark"ın məlumatlarına əsasən, bu ilin ilk yarısında dünyada dövlət tərəfindən tətbiq olunan internet məhdudiyyətlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Məhdudiyyətlərin əksəriyyəti etiraz aksiyaları və siyasi hadisələrlə eyni zamana təsadüf edib.

Valyuta.az xəbər verir ki, 2025-ci ilin yanvar-iyun ayları ərzində dünya üzrə 10 ölkədə ümumilikdə 24 internet kəsintisi və ya platforma bloklaması qeydə alınıb. Halbuki ötən ilin eyni dövründə 9 ölkədə 20 belə məhdudiyyət baş vermişdi.

Hindistan hökuməti ictimai təhlükəsizliyi əsas gətirərək etirazlar zamanı internetə girişə müdaxilə etməyə davam edir. İlin ilk altı ayında ölkədə 5 dəfə internet kəsintisi tətbiq olunub. Bu kəsintilər hələ də 1885-ci il tarixli "Teleqraf haqqında qanun"un 5(2)-ci maddəsinə əsasən həyata keçirilir.

2015-ci ildən bəri internet məhdudiyyətlərini izləyən "Surfshark" bu cür müdaxilələrin yalnız texniki giriş məhdudiyyətləri ilə məhdudlaşmadığını bildirir. Bu məhdudiyyətlər internetin tamamilə bağlanması, "Facebook", "X", "WhatsApp", "Telegram" kimi platformaların bloklanması və ya senzura edilməsi şəklində tətbiq olunur.

"Surfshark"ın məhsul rəhbəri Yustas Pukis bu müdaxilələrin əksər hallarda siyasi motivli olduğunu vurğulayır. Onun fikrincə, hökumətlər internet məhdudiyyətlərini tez-tez jurnalistləri, müxalifləri və vətəndaşları susdurmaq üçün istifadə edirlər.

"Surfshark"ın məlumatları göstərir ki, internet məhdudiyyətləri əsasən yerli səviyyədə tətbiq olunur. Şirkətin qeydlərinə görə, indiyədək dünya üzrə 558 yerli və 124 milli səviyyədə internet müdaxiləsi qeydə alınıb. Ən çox rast gəlinən səbəblər etiraz aksiyaları, siyasi qeyri-sabitlik və seçki dövrləridir.

2025-ci ilin ilk yarısında "Telegram" ən çox məhdudlaşdırılan tətbiq olub. Yanvar ayında Venesuela bu tətbiqə beş gün müddətinə giriş yasağı qoyub. Həmin dövrdə vətəndaşların VPN-lə yasağı keçməyə çalışmasından sonra, dövlət bəzi populyar VPN xidmətlərini də hədəfə alıb. Bənzər şəkildə Vyetnam da may ayında "Telegram"a çıxışı bağlayaraq tətbiqin cinayətlə mübarizədə kifayət qədər əməkdaşlıq etmədiyini bildirib.

Bu ilin ilk yarısında iki ölkə, Surfshark-ın ölçüm apardığı dövrdə ilk dəfə internetə məhdudiyyət tətbiq edib. Albaniya, uşaqları zərərli məzmunlardan qorumaq məqsədilə "TikTok"a bir il müddətinə qadağa qoyub. Panama isə ölkənin Bocas del Toro bölgəsində baş verən ictimai narahatlıq səbəbindən fövqəladə vəziyyət elan edib və bu çərçivədə bölgə üzrə internet məhdudiyyəti tətbiq edib.

İnternetə çıxışın məhdudlaşdırılması fonunda, bu maneələri keçmək üçün VPN istifadə səviyyəsi də əhəmiyyətli dərəcədə artıb. Bu tendensiya xüsusilə İranda nəzərəçarpacaqdır. 2025-ci ilin ilk yarısında ölkədə üç fərqli məhdudiyyət qeydə alınıb. İyun ayında VPN istifadəsi ötən ilə nisbətən 700%-dən çox artım göstərib. Bu artım İran hökumətinin VPN-ləri bloklama səylərinə baxmayaraq baş verib.

Pukis qeyd edir ki, internetə çıxış xüsusilə seçkilər, etirazlar və böhran dövrlərində həyati əhəmiyyət daşıyır. Onun fikrincə, bu cür müdaxilələr təkcə xəbər alma azadlığını deyil, insanların yaxınları ilə ünsiyyətini və dünya ilə əlaqəsini də zəiflədir.

Paşa Məmmədli

Chosen
21
50
valyuta.az

10Sources