Suriyanın Latakiya vilayətində dörd gündür davam edən güclü meşə yanğınları ölkəni real ekoloji fəlakətə sürükləyib. Rəsmi məlumatlara əsasən, 10 min hektardan artıq meşə və kənd təsərrüfatı ərazisi külə dönüb. Yanğınlar nəticəsində yüzlərlə ailə evlərini tərk etmək məcburiyyətində qalıb.
Alovların söndürülməsi üçün Suriya qüvvələri ilə yanaşı, İordaniya və Türkiyədən gələn fövqəladə hallar və mülki müdafiə dəstələri də səfərbər olunub. Hava qüvvələri havadan dəstək verir, BMT isə yerli səviyyədə təcili qiymətləndirmə işləri aparır.
Fövqəladə Hallar və Fəlakət İdarəetmə Naziri Raid əl-Saleh bildirib ki, "yüz minlərlə ağac məhv olub, bu isə regionun təbii nəfəs mənbəyinin itirilməsi deməkdir." Nazir bu vəziyyəti "çox faciəvi" adlandırıb.
Bölgədəki vəziyyətin nə qədər təhlükəli olduğunu Suriyanın Mülki Müdafiə zabiti Əhməd Yazici belə ifadə edir:
“Çoxsaylı yanğın ocaqlarını söndürməyə nail olmuşuq. Amma bəziləri təhlükəli mərhələdədir – çətin relyef və dik yamaclar işimizi çətinləşdirir. Daha mühümü, bu sahələrdə partlamamış hərbi sursatlar və minalar var. Biz həm yanğını nəzarət altına almağa, həm də sahədə çalışan qrupların təhlükəsizliyini təmin etməyə çalışırıq.”
Yanğınlar al-Frunloq qoruğuna da yaxınlaşıb. Bu ərazi Suriyanın "yaşıl ciyəri" hesab olunur və nadir təbii örtüyə sahibdir. Yerli QHT-lərdən olan "Əl-Həyat" təşkilatının nümayəndəsi qeyd edir ki, təəssüf ki, artıq bu zəngin yaşıllığın böyük hissəsi itirilib.
BMT-nin Suriyadakı humanitar koordinatoru Adam Abdelmoula bildirib ki, "hazırda yanğınların miqyasını və təcili humanitar ehtiyacları qiymətləndirmək üçün komanda sahədədir."
İqlim dəyişikliyi, quraqlıq və qeyri-kafi yağıntılar Suriyanı bu kimi fəlakətlərə qarşı daha da həssas edib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı da xəbərdarlıq edir ki, Suriya son 60 ilin ən ağır iqlim şəraitini yaşayır.
Yanğınsöndürmə işlərinin tam başa çatması üçün hələ günlər tələb oluna bilər. Amma artıq aydındır ki, bölgə uzun müddət bu fəlakətin fəsadlarını yaşayacaq.