EN

Həkim: Laboratoriya testləri ailə planlaşdırılmasında həlledici rol oynayır

 

Bakı, 7 iyul, AZƏRTAC

Reproduktiv sağlamlıq sahəsində müasir tibbi inkişaflar arasında laboratoriya testləri həlledici rol oynayır.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının həkim-laborantı Pərvin Səidova açıqlamasında bildirib.

O deyib ki, bu testlər yalnız diaqnostika üçün deyil, həm də erkən aşkarlama, müalicəyə yönləndirmə və ailə planlaşdırması baxımından da mühüm əhəmiyyət daşıyır: “Laboratoriya testləri hormonal balanssızlıqlar, infeksiyalar və genetik risklərin obyektiv qiymətləndirilməsində əvəzsizdir. Fərdin həyatının istənilən dövründə, yeniyetməlikdən tutmuş menopauza qədər bu testlər sağlamlıq göstəricilərinin izlənməsi üçün vacibdir. Qadınların reproduktiv sağlamlığı üçün əsas testlərə FSH, LH, estrogen və progesteron hormon panelləri daxildir. HPV və Pap-smear testləri uşaqlıq boynu xərçənginin erkən aşkarlanmasına, AMH səviyyəsi isə yumurtalıq ehtiyatının qiymətləndirilməsinə xidmət edir. Həmçinin genetik skrininqlər və CYBİ testləri də ailə planlaşdırmasında mühüm rol oynayır. Kişilərin reproduktiv sağlamlığının qiymətləndirilməsində əsasən spermoqramma aparılır. Eyni zamanda, testosteron, FSH və LH səviyyələrinin yoxlanılması da önəmlidir”.

Pərvin Səidova qeyd edib ki, estrogen, progesteron, FSH və LH kimi hormon səviyyələri menstrual dövr, yumurtlama və ümumi məhsuldarlıq göstəricilərini təhlil etməyə imkan yaradır: “Bu testlər PCOS və erkən menopoz kimi pozuntuların aşkarlanmasında mühüm vasitədir. Laboratoriya testləri ailə planlaşdırmasında fərdi risklərin qiymətləndirilməsi və kontraseptiv seçimlərin uyğunluğunun müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Hamiləliyin planlaşdırılması zamanı həm qadının, həm də kişinin sağlamlıq göstəriciləri təhlil edilir”.

O vurğulayıb ki, 21-29 yaş arası qadınlarda hər 3 ildən bir Pap-smear, 30-65 yaş arası qadınlarda isə Pap-smear və HPV testlərinin kombinasiyası tövsiyə olunur: “Bu testlər uşaqlıq boynu xərçənginin qarşısını almaqda mühüm rol oynayır. Hamiləlik zamanı CBC, qan qrupu və Rh faktoru, qlükoza testi, infeksiyalara qarşı skrininqlər, GBS testi və digər analizlər aparılır. NIPT və tiroid funksiyası testləri də əlavə olaraq hamiləlikdə fəsadların qarşısını almaq üçün tövsiyə olunur. Genetik skrininqlər daşıyıcı vəziyyətin təyinindən tutmuş xromosom pozuntularının aşkarlanmasına qədər geniş spektri əhatə edir. Xüsusilə sonsuzluq və təkrarlayan düşük hallarında bu testlər əhəmiyyətlidir”.

Pərvin Səidova onu da diqqətə çatdırıb ki, laboratoriya testləri tibbi qərarların dəqiqliyini artırır, fərdi qayğını təmin edir və reproduktiv sağlamlıq nəticələrini yaxşılaşdırır.

 

Chosen
8
50
azertag.az

10Sources