AZ

İranda türk dili problemi - Xankəndi sammiti tarixi mərhələ açdı...


Azər Həsrət: “Mənə elə gəlir ki, belə çıxışlar etməsi Pezeşkian üçün ciddi təhlükə təşkil etməyəcək”

İran prezidenti Məsud Pezeşkianın cənubdakı soydaşlarımızın türk dilində təhsil almaqla bağlı üzləşdikləri problemi dilə gətirməsi və bu problemin həll edilməsinin vacib olduğunu deməsi böyük ajiotaj yaradıb.

“Bizim ana dilimizdə təhsillə bağlı problemimiz var. Bunu danmaq düzgün deyil. Güney Azərbaycanda özünü türk adlandıranlara xor baxmaq olmaz. Bu insanların ana dili türkcədir, etnik mənsubiyyəti türkdür. Özlərinə başqa heç nə deyə bilməzlər, uydurma adlar isə qəbuledilməzdir. Onların ana dilində təhsili isə İranın həm milli, həm də beynəlxalq öhdəliyidir”- İran prezidenti M.Pezeşkian deyib.

O qeyd edib ki, İranın ayrılmaz bir parçası olan milyonlarla türkün ana dili türk dili olduğu üçün Azərbaycan türkcəsində təhsil məsələsinə xüsusi yanaşılmalıdır: "Şəhriyarın danışdığı və yazdığı dil türkcədir, bu dildə şeir deyəndə əsəbiləşmək məntiqsizdir. Şəhriyar tarixin ən parlaq simasıdır.

Ümumiyyətlə, türk, ərəb və bütün digər dillər İranın ayrılmaz sərvətidir. Son 12 günlük müharibə göstərdi ki, İranın milli sərvəti onun milli birliyidir. Ona görə də xalqın özünüifadəsi onun təbii haqqıdır".

Pezeşkianın bu çıxışı olduqca cəsarətli bir çıxışdır. Bu çıxışa görə Pezeşkian ölkəsində təqib oluna bilərmi? Ümumən bu çıxış onun siyasi karyerasında nə rol oynayacaq?

Yeri gəlmişkən, İran prezidentinin həm bu fikri, həm də onun İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci zirvə görüşündə iştirak etmək üçün Azərbaycanın Xankəndi şəhərinə gəlməsi İranda müxtəlif dairələr tərəfindən geniş müzakirə olunur, hətta buna görə onu təndiq edənlər də az deyil.

Suallarla bağlı siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, düzdür, neçə gündür Pezaşkianın adından belə bir paylaşım edilir: “Bunu mən özüm də görmüşəm və özüm də paylaşmışam. Sadəcə olaraq bu çıxışın harda edildiyi, bu sözlərin harda deyildiyi haqda məlumat yoxdur. Bunun mənbəsini göstərən olsa, əlbəttə, sevinərik. Üstəlik də, Pezeşkian öz çıxışlarında heç vaxt Güney Azərbayucan ifadəsi işlətməyib, işlətməz də. Çünki o, İranın prezidentidir, İran rəsmi olaraq Güney Azərbaycan adında bir ərazi tanımır. Təbiidir ki, belə bir şəraitdə bir ölkə prezidentinin tanımadığı bir ərazinin adını qeyd etməsi, çıxışında vurğulaması mümkün deyil. Bu çıxışın əsassız və mənbəsiz olduğu qənaətindəyəm. Ancaq ümumiyyətlə fikirləşirəm ki, bəli, Pezeşkianın mövqeyi odur ki, ölkədə, özəlliklə də türklər öz ana dillərində təhsil almalıdır, öz ana dilini inkişaf etdirməlidir, həmçinin də digər xalqlar. Mənə elə gəlir ki, belə çıxışlar etmək Pezeşkian üçün ciddi təhlükə təşkil etməyəcək. Təhlükə təşkil edərsə belə, düşünürəm ki, İran əhalisinin ona olan sevgisi artacaq, özəlliklə də türklər Pezeşkianın ətrafında daha sıx birləşəcəklər, bərabərində digər qeyri-fars millətlər də Pezeşkiana rəğbəti artıracaqlar”.

A.Həsrətin fikrincə, çünki əgər söhbət türklərin dilindən gedirsə, onun bərabərində ərəblərin, bəlucların, türkmənlərin, kürdlərin dili də gündəmdə olacaq. O qeyd etdi ki, bu da ölkə əhalisinin böyük çoxluğunu təşkil edir. A.Həsrət vurğuladı ki, dillərinin dövlət dili olmasına baxmayaraq, əslinə qalanda farslar daha azlıqdadırlar. “Ona görə də çıxışlarımızda xüsusi vurğulayırıq ki, İranın birinci dövlət dili türkcə olmalıdır, fars dili ikinci dövlət dili, yaxud rəsmi dil kimi olmalıdır. Belə təcrübə var.

Yəni deməyim odur ki, Pezeşkianın bu çıxışı sadəcə mənbə göstərilmədiyinə görə bir az şübhəli görünür”-deyə A.Həsrət vurğuladı.

İradə SARIYEVA

Seçilən
22
3
baki-xeber.com

10Mənbələr