EN

Ermənistanda yeni konstitusiya müzakirəsi

Hər şey var, heç nə yoxdur

Ermənistan hakimiyyəti ölkədə Konstitusiya günü ərəfəsində yeni konstitusiyanın konseptual hissəsi üzərində işi başa çatdırır. Bunu ölkənin ədliyyə naziri Srbuhi Qalyan hökumətin iclasında bildirib. Onun sözlərinə görə, növbəti iki həftə ərzində yekun müddəaların müzakirəsi aparılacaq və sonra əsas qanunun tam mətninin yekunlaşdırılmasına başlanılacaq.

Nazir jurnalistlərlə söhbətində məsələyə nisbətən əhatəli toxunub və bildirib ki, yeni konstitusiya layihəsinin əsas ideyalarının müzakirəsi həlledici mərhələyə qədəm qoyur. “İki həftə ərzində Konstitusiya Şurasının üzvləri razılaşdırılmış yanaşmaları təqdim edəcəklər və bu yanaşmalar daha sonra yekun mətnin əsasını təşkil edəcək”, - deyən Qalyan əlavə edib ki, əsas qanun üzrə bəzi başlıca müddəalar artıq formalaşıb, lakin bir sıra mövzular üzrə müzakirələr gedir və qarşıdakı müddətdə bütün nüanslara tam aydınlıq gələcək.

Qeyd edək ki, erməni nazir konstitusiya mətni üzərində işin nə dərəcədə tamamlandığını qiymətləndirməkdən çəkinərək, “müzakirələr zamanı mühüm dəyişikliklərin mümkünlüyünü” vurğulayıb. Qalyanın bu fikri əlavə suallara yol açır. Suallar ona görə formalaşır ki, konstitusiya dəyişikliyi məsələsinin Azərbaycanın tələbi seqmenti aktuallığını qorumaqdadır. Hərçənd, erməni iqtidarı mövcud məqamı istisna edir, daha çox ümumən dəyişikliyin labüdlüyü üzərində dayanır. Nəzərə alaq ki, məsələ 2018-ci ildən gündəmə gəlib.

Bəli, Ermənistan konstitusiyası ilə bağlı məsələnin ölkənin Azərbaycanla sülh prosesinə birbaşa aidiyyatı var. Ölkəmizin bütün bəndləri razılaşdırılmış barış sazişinin imzalanması üçün irəli sürdüyü iki şərtdən biri erməni əsas qanununa dəyişikliyin aparılmasıdır. Rəsmi Bakı sənədin Ermənistanın 1990-ci il İstiqlaliyyət Bəyannaməsinə istinadının aradan qaldırılmasını tələb edir. Çünki bəyannamədə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin adı çəkilir. Daha doğrusu, Ermənistan Respublikasının yaranmasının bazası kimi Azərbaycan ərazisindəki sabiq inzibati ərazi vahidinin Ermənistana birləşmə qərarı əsas götürülür. Ölkəmiz durumu ərazi iddiası olaraq qiymətləndirir və mövqeyində haqlıdır. Həm də ona görə haqlıdır ki, rəsmi İrəvan 1991-ci ildən başlayaraq təcavüzkarlıq yolu tutdu, torpaqlarımızın 20 fazini işğal etdi və işğal otuz ilə yaxın müddətdə davam etdi.

Azərbaycan dövləti əsaslı və dayanıqlı sülh naminə Ermənistanın bütün iddialarının və avantürist niyyətlərinin yenidən təkrarlanmayacağına dair ciddi təminat istəyir. Ölkəmizin şərti də məhz həmin təminatı əldə etmək məramından qaynaqlanır. Bunun yolu isə referendumdan keçir. Lakin hazırda ölkənin siyasi cameəsinin təmsilçilərini, xüsusən müxalif kəsimin nümayəndələrini düşündürən başlıca sual əsas qanun layihəsində İstiqlaliyyət Bəyannaməsinə istinadın olub-olmamasıdır. Ermənistanda mövcud istiqamətdəki müzakirələrdə məsələyə təkcə hüquqi deyil, həm də geosiyasi baxımdan yanaşılır və rəsmi Bakının şərti ön ölana çıxarılır. Erməni revanşist-şovinist kəsim Azərbaycanın tələbinin yerinə yetirilməsini növbəti rüsvayçılıq kimi qiymətləndirir.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan da mütəmadi olaraq konstitusiya islahatlarından söz açır və mövcud xüsusda ölkəmizin irəli sürdüyü şərtin üzərinə gəlir. Sonuncu dəfə o, bu ilin mayında keçirilmiş “İrəvan dialoqu -2025” forumundakı çıxışında bildirmişdi ki, “mən konstitusiya islahatlarına təşəbbüs edəcəyəm, çünki sülh prosesi və barış sazişi əldən verilməməlidir. Cəmiyyəti uzunmüddətli sülh naminə dəyişikliklərə razı salmalıyıq”. Nikol yalnız bunu bildirib mövzuya dair başqa nə isə deməsəydi, onun söylədiklərini konstruktiv qiymətləndirmək olardı. Amma baş nazir çıxışında digər mətləblərə də toxundu. O ərazi iddiası xüsusunda söz açaraq belə bir ritorik sual səsləndirdi: “Gəlin anlayaq, Ermənistan konstitusiyasında belə bir iddia varmı?

Nikol fikrimi əsaslandırarkən demişdi ki, Ermənistan konstitusiyasında ərazi iddiasının yer alıb-almadığını müəyyənləşdirmək səlahiyyəti ölkənin Konstitusiya Məhkəməsinə aiddir. Bu yanaşma isə yanlışdır. Çünki konstitusiya mənbəyini İstiqlaliyyət Bəyannaməsindən götürürsə, əsas qanun ümumixalq səsverməsində – referendumda qəbul olunubsa, deməli, qərar verən erməni xalqıdır, Konstitusiya Məhkəməsi yox. Yəni, məhkəmənin xalqın adından qərar çıxarması mümkünsüzdür. O cümlədən, qurumun Ermənistan və Azərbaycanın sərhədlərinin delimitasiya və demarkasiyası üzrə komissiyalarının reqlamentinin əsas qanuna uyğunluğunu bildirib müsbət rəy verməsi, hələ o demək deyil ki, rəsmi İrəvanın ölkəmizə qarşı ərazi iddiası yoxdur. Halbuki, təkcə Paşinyanın yox, ümumən erməni rəsmilərinin Azərbaycana cavab xüsusunda ortaya atdıqları başlıca arqument məhz budur. Əlbəttə, yanaşma rəsmi Bakı tərəfindən qəbul edilmir və edilə də bilməz. Səbəbini vurğuladıq.

Onu da bildirək ki, Paşinyanın “İrəvan dialoqu-2025” forumunda mövzuya dair əsaslandırması qəribə təsir bağışlamışdı. O bildirmişdi ki, həm Ermənistan Konstitusiya Məhkəməsinin haqqında söz açdığımız qərarı, həm də qurumun 1991-ci ilin Alma-Ata Bəyannaməsinin ölkənin əsas qanununa uyğunluğunu təsdiqləməsi Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmadığını sübuta yetirir. O zaman sual yaranır: Ermənistan nə üçün Azərbaycanın torpaqlarını işğal etmişdi? Deməli, Ermənistan heç bir sənədə məhəl qoymayıb. Əsl mahiyyət də elə budur və bu səbəbdən Ermənistan referenduma getməli, Azərbaycanın tələbini yerinə yetirməli, böyük ölçüdə avantürizmə “yox” deməlidir.

Bəli, Ermənistan konstitusiyasının işğalçı İstiqlaliyyət Bəyannaməsindən imtinası erməni xalqının məkrli niyyətlərə düşməyəcəyinə, sülhə sadiq qalacağına dair böyük səmimiyyət jestinə çevrilməlidir. Bu məqam erməni cəmiyyəti və dövləti tərəfindən dərk edilməlidir. Ancaq Nikolun sözügedən forumda dedikləri Ermənistanın bundan uzaqlığını göstərmişdi. O vurğulamışdı ki, Azərbaycanın Konstitusiyasında, guya, Ermənistana qarşı müəyyən ərazi iddiaları var. “Amma biz bu məsələni gündəmə gətirməmişik. Çünki hesab etmişik ki, müqavilə (sülh sazişi nəzərdə tutulur – red.) imzalandıqdan sonra məsələ həll olunacaq”, - deyən Paşinyanın sözlərindən gəlinən daha bir qənaət budur ki, barış sazişi ölkələr arasındakı bütün problemlərin həlli deməkdir: “Müqavilənin imzalanması həm Ermənistan, həm də Azərbaycan üçün mümkün bütün problemləri həll edir. Diqqəti imzalanmaya yönəltmək lazımdır. Mən, hökumətimiz və siyasi komandamız irəliləməyə və regionda uzunmüddətli sülhə nail olmaq üçün məsuliyyəti üzərimizə götürməyə hazırıq”.

Sonda belə qənaətə gələk ki, Ermənistanın ədliyyə naziri S.Qalyanın açıqlaması və hökumətin iclasındakı çıxışı zamanı bildirdikləri fikirlər ölkədə konstitusiya dəyişikliyinin hansı məzmun və xarakter daşıması barədə dolğun rəy formalaşdırmasa da, ümumən prosesin diqqətdə saxlanılmasını müsbət hal kimi qiymətləndirmək mümkündür. Hərçənd, görünən budur ki, erməni iqtidarı təfərrüatları açıqlamaqda, konkret suallara cavab verməkdə çətinlik çəkir. Həm də ona görə ki, ölkədə revanşist və şovinist kəsimin aktivləşməsi müşahidə edilməkdədir. Belə bir şəraitdə rəsmi İrəvanın özündə qətiyyət tapacağını söyləmək çətinləşir. Necə deyərlər, yaşayarıq, görərik.

Ə.RÜSTƏMOV
XQ

Chosen
22
32
xalqqazeti.az

10Sources