EN

Azərbaycanın İƏT çərçivəsində yeni təşəbbüsləri

Xalq qazeti saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Beynəlxalq qurumun Xankəndi toplantısının regional inteqrasiya hədəfləri

Müasir dövrün çağırışları dövlətlər arasında iqtisadi, ticarət və nəqliyyat sahəsində əməkdaşlığı daha da aktuallaşdırır. Bu kontekstdə Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ilə qurduğu münasibətlər ölkəmizin regional inteqrasiyada artan rolunu və strateji mövqeyini əks etdirir.

1985-ci ildə İran, Türkiyə və Pakistan tərəfindən əsası qoyulan İƏT bu gün 10 üzv dövləti birləşdirərək böyük bir coğrafiyada iqtisadi inkişafın və qarşılıqlı inteqrasiyanın təşviqini gerçəkləşdirir. Azərbaycan bu təşkilata 1992-ci ildən üzv olmaqla bölgədə davamlı əməkdaşlıq strategiyasını uğurla həyata keçirir. Ölkəmizlə İƏT arasında əməkdaşlıq əsasən ticarət, nəqliyyat, enerji, kənd təsərrüfatı, turizm və infrastruktur sahələrini əhatə edir. Təşkilat çərçivəsində üzv dövlətlər arasında azad ticarət zonalarının yaradılması, gömrük prosedurlarının sadələşdirilməsi, investisiya təşviqi və birgə layihələrin icrası prioritet istiqamətlər sırasındadır.

Ölkəmizin təşəbbüsü ilə İƏT çərçivəsində indiyədək bir sıra mühüm layihələr həyata keçirilib. Bakı şəhərində təşkilatın bir neçə yüksək səviyyəli sammitinə və nazirlər görüşünə ev sahibliyi gerçəkləşdirilərək respublikamızın regional əməkdaşlıqda fəal mövqeyi nümayiş etdirilib.

Azərbaycan zəngin enerji resurslarına malik ölkə olaraq İƏT məkanında enerji təhlükəsizliyinin təminində mühüm tərəfdaşdır. Neft, qaz və bərpa olunan enerji sahəsində həyata keçirilən layihələr təşkilatın üzv dövlətləri ilə enerji əməkdaşlığını gücləndirir. Azərbaycan qazının TANAP və TAP boru kəmərləri ilə Avropaya nəql edilməsi İƏT-in üzvü olan Türkiyə və digər region ölkələri üçün enerji təchizatında alternativ marşrutların açılmasına şərait yaradır. Bununla yanaşı, ölkəmiz bərpa olunan enerji sahəsində də təcrübəsini paylaşaraq “yaşıl” enerji təşəbbüslərinin dəstəklənməsində fəal iştirak edir.

İƏT ölkələri ilə Azərbaycanın ticarət dövriyyəsi son illər ərzində müsbət dinamika nümayiş etdirir. Türkiyə, İran, Pakistan, Qazaxıstan və Özbəkistan kimi üzv dövlətlərlə qarşılıqlı ticarət və investisiya əməkdaşlığı genişlənir. Azərbaycan bu ölkələrlə qeyri-neft ixracını artırmaq, kənd təsərrüfatı və sənaye sahələrində birgə istehsal müəssisələri qurmaq niyyətindədir. Xüsusilə ərzaq təhlükəsizliyi, logistika mərkəzlərinin yaradılması və rəqəmsal ticarət platformalarının təşviqi sahəsində İƏT çərçivəsində əməkdaşlıq daha da intensivləşir.

İƏT-in dayanıqlı inkişaf gündəliyinə uyğun olaraq Azərbaycan ekologiya, iqlim dəyişikliyi və rəqəmsal transformasiya sahəsində də birgə təşəbbüsləri dəstəkləyir. “Yaşıl enerji zonası” elan olunan Qarabağ və Şərqi Zəngəzur bölgələri bu baxımdan potensial əməkdaşlıq məkanları kimi diqqət çəkir. Bundan əlavə, rəqəmsallaşma və innovasiya sahəsində Azərbaycanın təcrübəsi təşkilatın digər üzvləri üçün nümunəvi model rolunu oynaya bilər. Elektron hökumət, vergi islahatları və biznes mühiti üzrə modern yanaşmalar üzv dövlətlərlə paylaşılaraq qarşılıqlı öyrənməyə zəmin yaradır.

İyulun 4-də Xankəndi şəhərində keçirilən İƏT-in 17-ci Zirvə Görüşündə yuxarıda vurğulanan məsələlər ətrafında geniş bəhs olunub. Prezident İlham Əliyevin çıxışında Azərbaycanın İƏT-in işində həmişə fəal iştirak etdiyi, bu təşkilata üzv ölkələrlə əlaqələrin inkişafının daim diqqət mərkəzində saxlanıldığı, keçən il tarixdə ilk dəfə olaraq qurum məkanında COP29 konfransının reallaşdırıldığı, habelə həmin toplantıda inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasının razılaşdırıldığı, İtki və Zərər Fondunun işlək vəziyyətə gətirildiyi diqqətə çatdırılıb.

İƏT-in 17-ci Zirvə Görüşündə təşkilatın orta və uzunmüddətli inkişaf prioritetləri də aydın şəkildə müəyyənləşdirilib. Prezident Şavkat Mirziyoyevin çıxışında bu barədə ətraflı bəhs edilərək “İqtisadi əməkdaşlığın strateji məqsədləri – 2035” adlı konsepsiyasının qəbul olunması zəruriliyi bildirilib. Ticarət, sərmayə, nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı, ekologiya, turizm və təhsil kimi ənənəvi sahələrlə yanaşı, innovasiya, süni intellekt və rəqəmsal texnologiyalar üzrə əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Zirvə Görüşündə yuxarıda qeyd edilənlərlə yanaşı, əmtəə və xidmətlərdə ticarətin asanlaşdırılması, texniki və qeyri – tarif maneələrin tədricən aradan qaldırılması və elektron ticarətin inkişafının xüsusilə vacibliyi xatırladılıb. Eyni zamanda, qarşılıqlı ticarətin cari həcminin aşağı olaraq qaldığı, 2024-cü ildə bu rəqəmin 95 milyard dollar olduğu və bu göstəricinin ölkələrimizin ümumi ticarət dövriyyəsində cəmi 10 faiz təşkil etdiyi bildirilib.

Toplantıda İƏT- üzv ölkələr çərçivəsində kənd təsərrüfatı, ticarət və əmtəənin məhdudiyyətsiz təchizatı üzrə məlumatların sürətli mübadiləsi üçün “yaşıl dəhlizlər” sisteminin yaradılmasının zəruriliyi, sərmayə əməkdaşlığının yeni səviyyəyə qaldırılması məqsədilə “ECO invest” uzunmüddətli proqramının qəbul edilməsi və investisiya mühitinin daha şəffaf və cəlbedici olması barədə müəyyən təkliflər də səsləndirilib. Çin – Qırğızıstan – Özbəkistan dəmir yolu layihəsi yüksək dəyərləndirilib və gələcəkdə bu dəmir yolu xəttinin Transəfqan dəhlizi ilə birləşdiriləcəyi və böyük regionumuzda tranzit şəbəkələrini səmərəli şəkildə bir araya gətirəcəyi bildirilib.

Azərbaycanın coğrafi mövqeyi onun Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas nəqliyyat qovşağı kimi çıxış etməsinə şərait yaradır. Bu xüsusiyyət İƏT daxilində nəqliyyat əməkdaşlığında ölkəmizin rolunu artırır. TRACECA, Şimal – Cənub və Orta Dəhliz layihələri çərçivəsində respublikamızın təşəbbüsləri İƏT məkanında yükdaşımanın sürətləndirilməsinə və infrastrukturun modernləşdirilməsinə mühüm töhfə verir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı – Tbilisi – Qars dəmir yolu layihəsi regional ticarətin intensivləşməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu infrastruktur layihələri İƏT-in nəqliyyat şəbəkəsi ilə sıx inteqrasiya olunaraq regionun birgə inkişafına xidmət edir.

İƏT-ə üzv ölkələr üçün mühüm önəm daşıyan nəqliyyat dəhlizlərindən danışarkən bir məqama da toxunmaq istərdik. Belə ki, bu təşkilat üzvlərinin əksəriyyətini birləşdirən daha bir mühüm nəqliyyat dəhlizi Orta Dəhlizdir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədovun sözlərinə görə, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi dünyanın istehsal mərkəzi olan Çindən yüklərin Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə üzərindən Avropaya çatdırılmasını gerçəkləşdirir. İllik buraxıcılıq qabiliyyəti 10 milyon tona yaxın olan Orta Dəhliz regionda və dünyada cərəyan edən siyasi proseslər, hərbi münaqişələr səbəbindən ən aktual və cəlbedici istiqamətdir.

Aqil Əsədov qeyd edir ki, Çin – Qırğızıstan – Özbəkistan dəmir yolunun tikintisi Orta Dəhlizin, xüsusilə cənub qolunda yük axınının artmasına səbəb olacaq. Ümumilikdə isə, bu dəmir yolunun tikintisi Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında da nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasına mühüm töhfə verəcək. Qırğızıstandan keçən dəmir yolu marşrutu Çindən Avropaya quru məsafəsini 900 kilometr, çatdırılma müddətini isə tam bir həftə azaldacaq. Çini Avropayla bağlayan bu dəmir yolu Transxəzər dəhlizi üzərində aktivliyi artıracaq ki, bu da tranzit xidmətlərin həcm və miqyasının daha da genişləndirilməsinə kömək etməklə yanaşı, üzv dövlətlər arasında əlaqələrin daha da yaxınlaşmasına öz töhfəsini verəcək.

İƏT üzvlərinin əməkdaşlıq etdiyi mühüm nəqliyyat dəhlizlərindən biri də Şimal–Cənub nəqliyyat dəhlizidir. 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran, Hindistan arasında imzalanmış müqaviləyə əsasən formalaşan Şimal – Cənub nəqliyyat dəhlizi isə İƏT-ə üzv ölkələrdən Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan və Tacikistanı birləşdirir. Bu dəhliz üzrə də əsas marşrut Xəzər üzərindən yüklərin Azərbaycana və daha sonra da Gürcüstan–Türkiyə–Avropa istiqamətidir.

Beləliklə, göründüyü kimi, İƏT üzvlərinin hamısı bu və ya digər nəqliyyat layihələrində birgə fəaliyyət göstərir. Nəzərə alsaq ki, qlobal mühitdə rəqabət qabiliyyətliyi üstünlüyünün əsas istiqamətlərindən birini də əlverişli nəqliyyat – tranzit imkanları təşkil edir, onda İƏT-i bu baxımdan da mükəmməl qurum hesab edə bilərik. Başqa sözlə desək, hansı ölkənin beynəlxalq bazarlara əlverişli çıxışı və geniş əhatəli nəqliyyat – tranzit imkanları varsa, o ölkələr daha sürətlə inkişaf edir, qlobal məkana inteqrasiyanı intensivləşdirir və beynəlxalq tribunada söz sahibi olur.

V.BAYRAMOVXQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
50
xalqqazeti.az

10Sources