EN

Özbəkistanlı nazir: Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri nəqliyyat-logistika əlaqələrinin inkişafına təkan verəcək

Özbəkistan beynəlxalq ticarət daşımalarını sürətləndirmək üçün Xəzər dənizində öz bərələrini işlətməyə çalışacaq. Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri təkcə iqtisadiyyat və ticarət üçün deyil, həm də nəqliyyat və logistika əlaqələrinin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Çünki hazırda Özbəkistandan daşımaları həyata keçirən bir neçə dəhlizdən biri də ixrac-idxal ticarəti və yükdaşımaların Azərbaycan ərazisindən keçdiyi Orta Dəhlizdir.

“İki sahil” “Tashkent Times” nəşrinə istinadla xəbər verir ki, bu fikirləri Özbəkistanın nəqliyyat naziri İlhom Mahkamov “Uzbekistan 24” telekanalının efirində Prezident Şavkat Mirziyoyevin Azərbaycana uğurlu dövlət səfərini şərh edərkən ifadə edib.

Onun sözlərinə görə, Azərbaycan ərazisindən konteyner dəmir yolu ilə daşımalarda güzəştlər gələn ilin sonuna kimi uzadılıb: “Bu günə kimi biz Prezidentimizin səfərləri sayəsində konteyner və dəmir yolu nəqliyyatına güzəştlərin qüvvədə olma müddətini 2026-cı ilə qədər 70 faizə qədər uzatmışıq”. Nazir əlavə edib ki, Özbəkistan yükdaşımalarda gecikmələri azaltmaq üçün Xəzər dənizində öz bərələrini işə salmağa hazırlaşır: “Biz, həmçinin Xəzər dənizi ilə yükdaşımaların səviyyəsinin yüksəldiyini nəzərə alaraq özbək şirkətləri tərəfindən bərələrin istismarı ilə bağlı danışıqlar aparırıq və bu məsələ üzərində işləyirik. Özbəkistan şirkətləri Türkiyədən olan həmkarları ilə birlikdə Xəzər dənizində bərələrin istismarına qərar verib”.

Nazir vurğulayıb ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu layihəsinin həyata keçirilməsi Özbəkistan ilə Azərbaycan arasında əlavə tranzit həcmini təmin edəcək: “Biz artıq infrastrukturun genişləndirilməsi və modernləşdirilməsi ilə bağlı razılığa gəlmişik və buna hazırıq”.

O diqqətə çatdırıb ki, ötən il avqustun sonunda Azərbaycan Prezidenti İlham Əliyev Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi fonunda dəniz yükdaşımaları çərçivəsində birgə fəaliyyət göstərilməsi təklifini irəli sürüb. Azərbaycanın dövlət başçısı, həmçinin özbəkistanlı həmkarına Qara dənizdə yükdaşımalar üzrə də əməkdaşlıq etməyi təklif edib və vurğulayıb ki, hazırda Qara dənizdə sifarişlərin həcmi kifayət qədər böyükdür.

Özbəkistanlı nazir qeyd edib ki, Bakı və Daşkənd Trans-Xəzər dəhlizi çərçivəsində birgə logistika şirkətinin yaradılması, Bakıda və üçüncü ölkələrin limanlarında anbarların və logistika mərkəzlərin tikintisi imkanlarını müzakirə edirlər.

Chosen
30
50
ikisahil.az

10Sources