AZ

Ölkəmiz Özbəkistanda beynəlxalq festivalda təmsil olunub

İmişli, 6 iyul, Aydın Yavərzadə, AZƏRTAC

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistanda keçirilən 64-cü Beynəlxalq Gül Festivalında fəxri qonaq qismində iştirak edib. Səfər Özbəkistan tərəfinin rəsmi dəvəti əsasında baş tutub.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Daşkənd şəhərində yerləşən Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkı və Ümummilli Liderin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.

Daha sonra nümayəndə heyətinin Namanqan vilayətinin rəhbəri Şafkat Abdurazakovla görüşü keçirilib. Görüş zamanı tərəflər iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Tərəflər arasında aparılan danışıqlarda Azərbaycan ilə Özbəkistan arasında ortaq tarixə, etnik və mənəvi dəyərlərə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin bu gün regionda nümunəvi əməkdaşlıq modeli kimi çıxış etdiyi xüsusi vurğulanıb. Bu baxımdan, İmişli rayonu ilə Namanqan vilayəti arasında qurulan qarşılıqlı əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin xüsusi önəm daşıdığı diqqətə çatdırılıb. Görüş zamanı 2024-cü il iyulun 12-də Özbəkistan Respublikasının “TST Textile Group” MMC şirkəti ilə İmişli Rayon İcra Hakimiyyəti arasında imzalanmış müqavilənin icra vəziyyəti müzakirə olunub. Qeyd edilib ki, həmin müqaviləyə əsasən, İmişli rayonunda pambığın əkilməsi, emalı, eləcə də pambıq yağı zavodunun yaradılması məqsədilə şirkətə 5826,0 hektar təsərrüfat sahəsi uzunmüddətli icarə əsasında təqdim edilib. Görüşdə bu ərazidə aparılan mövcud işlər, layihənin mərhələli şəkildə icrası və gələcək əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Səfərin növbəti günündə nümayəndə heyəti Namanqan şəhərində keçirilən 64-cü Beynəlxalq Gül Festivalında iştirak edib. Festival çərçivəsində nümayəndə heyəti müxtəlif ölkələrdən təqdim olunan gözoxşayan gül kompozisiyaları, dekorativ-sənətkarlıq nümunələri, həmçinin zəngin mədəniyyət proqramları ilə tanış olub. Tədbir boyu nümayiş olunan bənzərsiz gül sərgiləri və estetik zövqlə tərtib edilmiş ekspozisiyalar iştirakçılarda dərin təəssürat yaradıb.

Qeyd edək ki, Beynəlxalq Gül Festivalı Namanqan vilayətinin mədəni və turizm potensialını beynəlxalq səviyyədə nümayiş etdirməklə yanaşı, həm də regionlararası əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətli platforma kimi çıxış edir. Eyni zamanda İmişli nümayəndə heyətinin bu mötəbər tədbirdə iştirakı Azərbaycan ilə Özbəkistan arasında mövcud olan dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə, iqtisadi inteqrasiyanın gücləndirilməsinə, qarşılıqlı sərmayə qoyuluşuna mühüm töhfə verməkdədir. İki qardaş dövlətin ortaq məqsədlərə əsaslanan davamlı iqtisadi tərəfdaşlığı həm xalqlarımızın rifahına, həm də regionda sabitliyin və firavanlığın möhkəmlənməsinə xidmət edir.

Seçilən
20
16
azertag.az

10Mənbələr