EN

Böyük nağılçı şəhər: Orada velosipedlərin sayı avtomobillərdən çoxdur

“Bu qədər ev, bu qədər adam olan böyük şəhərdə xırdaca bir bağça üçün yer qalmır, ona görə də camaat evdə dibçəkdə çiçək bəsləməklə kifayətlənir. Bax həmin şəhərdə iki yoxsul uşaq yaşayırdı, bağçaları da gül dibçəyindən bir az böyükdü…” Xatırladınızmı? Hans Kristian Andersenin məşhur “Qar kraliçası” nağılı belə başlayır. Bütün sərgüzəştlərdən sonra iki dost - Kay və Gerda evə qayıdırlar: “Sonra zənglər çalındı və onlar doğma şəhərlərinin zəng qüllələrini tanıdılar...”

Bu şəhəri birmənalı şəkildə müəyyən etmək olar: Kopenhagen. Krallar və tacirlər, kanallar və zəng qüllələri, pərilər və nağıllar şəhəri. Danimarkalılar paytaxtlarını “Böyük nağılçı şəhəri” hesab edirlər.

Kopenhagen Andersenin nağıllarının dünya paytaxtı hesab olunur. Bu şəhərin hər daşına böyük Danimarka yazıçısının əsərlərinin ruhu hopub.

Kopenhagen Skandinaviya və Baltikyanı regiona hava qapısıdır.

Kopenhagendə həmçinin əyləncə ruhu var. Qitənin ən uzun piyada küçəsi olan Strogetdə insanlar fəvvarələrin ətrafında toplaşaraq gəzir, rəqs edir, mahnı oxuyur və əylənirlər. Kophenagenə səyahətimin ilk günü Toun Hall Meydanında keçirilən musiqi festivalı zamanı bu əhval- ruhiyyənin necə yüksək olduğunu müşahidə etdim…

Ən bahalı ölkə

Danimarka unikal ölkədir və 406 adadan ibarətdir. Bəzi adalar bərə xətləri ilə bir-birilərinə bağlıdır. 2000-ci ilin yayında Kopenhagen ilə İsveçin Malmö şəhəri arasında bərə keçidini əvəz edən körpü fəaliyyətə başlayıb.

Ölkə sıx dəmir yolları şəbəkəsi ilə əhatə olunub. Danimarkada qatarlar müasir və rahatdır. Avropada ilk maşinistsiz qatar bu ölkədə istifadəyə verilib.

Şəhərdə yaxşı inkişaf etmiş ictimai nəqliyyat sistemi var - metro, avtobuslar, şəhər və şəhərətrafı əlaqə üçün birləşdirilmiş qatarlar. Kopenhagendə taksilər çox bahadır. Ümumiyyətlə, Danimarka Avropanın ən bahalı ölkələrindən biridir. Məsələn, ictimai nəqliyyatda birtərəfli gediş 7.86 AZN-dir.

Danimarkalılar mallarının keyfiyyəti ilə fəxr edirlər. Demək olar ki, ölkədə nağd puldan istifadə edilmir.

Velosipedlərin sayı avtomobillərdən və piyadalardan çoxdur

Kopenhagen dünyanın velosiped paytaxtı adı uğrunda Amsterdamla asanlıqla rəqabət apara bilər. Şəhərdə velosiped mədəniyyəti çox yüksəkdir. Velosipedlərin sayı avtomobillərdən və piyadalardan çoxdur. Yerli çoxsəviyyəli velosiped dayanacağı və metroda və şəhərətrafı qatarlarda velosipedçilər üçün nəzərdə tutulmuş xüsusi vaqonlar var. Şəhərdə 400 kilometrdən çox velosiped yolu mövcuddur. Avtobus turuna alternativ olaraq velosiped turları da keçirilir. Avtomobillər üçün verginin yüksək olması da velosipedə marağı artırır. Turistlərə 20 krona (2 dollar) velosiped icarəyə verilir. Velosipedi geri gətirənə pulu geri qaytarılır. Hər velosipedə xəritə yerləşdirildiyi üçün şəhərdə hərəkət etmək asandır. Yeri gəlmişkən, 1960-cı illərdə məhz Kopenhagendə avtomobillərin hərəkətinin qadağan olunduğu ilk piyada zonaları yaradılıb.

Chosen
93
7
publika.az

10Sources