EN

Kremlin Paşinyanı devirmək ehtimalı çox aşağıdır Politoloq

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bunun üçün Rusiya-Ukrayna məsələsini bitirməli, bütün gücünü Ermənistan hökumətinə qarşı yönəltməlidir

Əks halda seçkilərədək Paşinyanın öz hakimiyyətini qoruyacağı şübhəsizdir

Ermənistan Baş naziri Nikol Paşinyan rəqiblərini müxtəlif yollarla sıradan çıxararaq seçki öncəsi önünü "təmizləməyə" davam edir. Ötən gün müxalif "Kamq" hərəkatının lideri Vaaqn Çaxalyan saxlanılıb. Ermənistan İstintaq Komitəsinin sözçüsü Kima Avdalyan bildirib ki, V.Çaxalyan terrorizm və hakimiyyəti ələ keçirməyə etməyə hazırlıq ittihamı ilə saxlanılıb: "Sonuncu həbs-qətimkan tədbirinin tətbiqi üçün məhkəməyə çıxarılmaq məqsədilə saxlanılıb". Ermənistanda son günlərdə baş verən hadisələr ölkədə siyasi və ictimai gərginliyi daha da artırıb. Müxalif “Respublikaçılar” Partiyasının sədr müavini Armen Aşotyanın iyunun 28-də etdiyi emosional çıxış hökumətin Erməni Apostol Kilsəsinə qarşı atdığı addımların cəmiyyətdə yaratdığı dərin narahatlığın bariz nümunəsidir. Aşotyan bildirib ki, Ermənistan hakimiyyəti artıq xalqın inamını və mənəvi dayağını təşkil edən dini institutlara qarşı açıq hücumlara keçib: "Ötən gün baş verənlər, Kilsənin polislə mühasirəyə alınması, ruhanilərin saxlanılması artıq sadəcə siyasi deyil, milli faciədir. Bu, xalqın mənəvi ürəyinə zərbədir". Aşotyan həmçinin qeyd edib ki, hazırkı vəziyyətin yalnız emosional deyil, eyni zamanda siyasi və strateji kökləri də var. Onun sözlərinə görə, hakimiyyətin son addımları Ermənistanın xarici tərəfdaşlardan, xüsusilə Rusiyadan uzaqlaşmasına və Türkiyə ilə əlaqələrin dərinləşdirilməsinə xidmət edir: "Bu, uzunmüddətli planın hissəsidir. Karapetyanın həbsi, Kilsəyə qarşı kampaniya – bütün bunlar Paşinyan hökumətinin Türkiyə və Azərbaycanla enerji və siyasi inteqrasiya məqsədilə həyata keçirdiyi addımlardır". Onun fikrincə, müxalifətin qeyri-koordinasiyalı fəaliyyəti nəticəsində hökumət faktiki olaraq 2026-cı ilə qədər sərbəst fəaliyyət imkanı əldə edib: "Hakimiyyət bu zaman ərzində daha sərt addımlar ata və mövcud siyasi balansı tamamilə poza bilər".

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Sherg.az-a deyib ki, Rusiya 2026-cı ildə keçiriləcək parlament seçkilərinə kimi Nikol Paşinyanı devirmək niyyətindədir. Ekspert vurğulayıb ki, Rusiya onu da anlayır ki, bu prosesdə S.Sarkisyan və R.Köçəryan kimi erməni cəmiyyətində heç bir nüfuzu olmayan fiqurlara güvənmək ağılsızlıqdır:

 "Bu səbəbdən Paşinyana qarşı səhnəyə yeni qüvvələr çıxarılır. Kilsə və böyük maliyyə imkanlarına sahib iş adamları Rusiyanın yeni qüvvələri rolunda çıxış edir. Bu qüvvələr Paşinyanı devirmək istədiklərini gizlətmir, hətta bu yöndə aşkar addımlar atırlar. Keşiş Baqrat Qalstanyanın bir ildən çox davam edən küçə etirazları, Samvel Karapetyanın Kilsəni dəstəkləməsi, İrəvan hökumətini hədələməsi Moskvanın konkret hərəkətə keçdiyini göstərir. Paşinyan bunun qarşılığında kəskin mövqe tutmaq məcburiyyətində qaldı. Baxmayaraq ki, uzun müddət B.Qalstanyanın fəaliyyətinə, onun zorakılığa çağırışlarına səbrlə yanaşmışdı".

Analitik hesab edir ki, Rusiya məsələni seçkilərə kimi həll etmək istəyir:

 "Bəs Kreml Paşinyanı devirə bilərmi? Ehtimal çox aşağıdır. Bunun üçün Rusiya-Ukrayna məsələsini bitirməli, bütün gücünü Ermənistan hökumətinə qarşı yönəltməlidir. Əks halda seçkilərədək Paşinyanın öz hakimiyyətini qoruyacağı şübhəsizdir. Ona görə də Moskva çalışır ki, Paşinyanın qarşısına seçkilərdə daha dişli rəqiblər çıxarsın. Sarkisyan və Koçaryan vurulmuş qüvvələrdir, onların şansı yoxdur. S.Karapetyan həbsdədir. Yeni simaya ehtiyac var ki, xalqın narazı hissəsi onun ətrafında birləşə bilsin. Hələlik Ermənistanda belə bir şəxs üzə çıxmayıb. Əgər tapılarsa, Paşinyanın nüfuzunun daha da azalması, Kilsənin öz tərəfdarlarının sayını artırması, böyük maliyyə imkanlarının müxalifətə yönəldilməsi son nəticədə hökumətin devrilməsinə gətirib çıxara bilər. Ancaq bunun üçün ortaya Rusiyanın, kilsənin, müxalifətin dəstəklədiyi yeni siyasi qüvvə çıxmalıdır".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
32
45
sherg.az

10Sources