Avropa İttifaqı (Aİ) mümkün münaqişə və fövqəladə hallarda istifadə olunmaq üçün kritik minerallar və kabel təmir dəstləri ehtiyatı yaratmağa hazırlaşır.
Sfera.az xəbər verir ki, bu barədə “The Financial Times” qəzetinin əldə etdiyi Avropa Komissiyasının strateji sənədində qeyd olunub.
Sənəddə Aİ-nin “getdikcə mürəkkəbləşən və təhlükəli risk mənzərəsi” ilə üz-üzə olduğu vurğulanır. Bu risklərə münaqişələr, iqlim dəyişikliyi, ətraf mühitin pisləşməsi, hibrid və kibertəhlükələr daxildir.
Komissiya üzv dövlətlərə ərzaq, dərman və nüvə yanacağı kimi həyati vacib məhsullar üçün ehtiyat tədarük sistemini birlikdə qurmağı tövsiyə edir. Xüsusilə kabel təmir modulları və nadir torpaq elementləri kimi enerji və müdafiə sahəsində əhəmiyyətli sayılan materialların Aİ səviyyəsində ehtiyatının yaradılması nəzərdə tutulur.
Kabel modulları enerji və optik xətlərdə yaranacaq nasazlıqların sürətli bərpası üçün istifadə olunacaq. Kritik minerallar isə enerji və müdafiə sistemlərinin davamlı fəaliyyəti üçün vacib hesab olunur.
Məlumata görə, bu addım Aİ-nin təhlükəsizliyini və dayanıqlılığını artırmaq məqsədi daşıyır. Komissiya sənəddə kibercinayətkarlar, hakerlər və dövlət dəstəyi ilə fəaliyyət göstərən qrupların artan təhdidlərini də xüsusi olaraq vurğulayıb.
Xatırladaq ki, Aİ mart ayında da əhaliyə böhran zamanı ən azı 72 saatlıq ehtiyat saxlamağı tövsiyə etmişdi. İndi isə üzv ölkələr arasında əlaqəni gücləndirmək üçün vahid “ehtiyat şəbəkəsi” qurulacaq.
Lakin Komissiya bildirir ki, sürətlə dəyişən təhlükə şəraitində hansı materialların strateji baxımdan daha vacib sayılması ilə bağlı ortaq bir anlayış hələ də formalaşmayıb.
Bəsti Rəfizadə
Sfera.az