Birləşmiş Ştatlar Brüssellə ticarət mübahisəsinə cavab olaraq Avropa İttifaqının kənd təsərrüfatı məhsullarının idxalına 17 faiz rüsum tətbiq etməklə hədələyib.
Musavat.com xəbər verir ki, məlumatı Financial Times müzakirələrdə iştirak edən mənbələrə istinadən yayıb.
Aİ rəsmilərinin transatlantik münaqişənin gərginləşməsi kimi qiymətləndirdiyi təhdid iki ticarət nəhənginin razılıq əldə etməsi üçün nəzərdə tutulan 9 iyul tarixindən az əvvəl səsləndirilib. Bu yaxınlara qədər Aİ rəsmiləri ABŞ ilə danışıqlardan tariflərin baza dərəcəsində saxlanacağını gözləyirdilər.
Qida məhsullarına tətbiq olunacaq 17 faizin Trampın elan etdiyi digər tariflərə əlavə və ya onların yerinə olacağı bəlli deyil.
Aİ bəzi məhsullar üçün öz istisnalarını təmin etməyə çalışır. Brüssel rəsmisi bildirib ki, təyyarə hissələri və alkoqollu içkilər blokun istisna etmək istədiyi məhsullar arasındadır. Hər iki tərəf beş səhifəlik “prinsipial razılaşma” layihəsi üzərində işləyir, lakin hazırda razılaşdırılmış məqamlar çox azdır.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen tərəflərə yekun razılaşmanı gözləyərkən danışıqları davam etdirməyə imkan verəcək prinsipial razılaşmaya ümid etdiyini bildirib.
Qəzet yazır ki, Aİ-nin ticarət komissarı Maroş Şefçoviç dünən Vaşinqtonda keçirilən görüşlər zamanı kənd təsərrüfatı-ərzaq məhsullarına təklif edilən 17 faiz tarifləri ilə bağlı xəbərdarlıq edilib. Dərhal 27 üzv ölkələnin səfirləri məlumatlandırılıb.
Aİ ölkələri müəyyən müddət müqabilində bəzi yüksək tarifləri qəbul etmək və ABŞ-yə güzəştə getmək üçün təzyiq göstərmək istəyənlər olmaqla iki yerə bölünür.
Aİ-nin iki diplomatı bildirib ki, onlara ABŞ-nin iyulun 9-na üç ssenari hazırladığını bildiriblər: “Prinsipial razılığa” malik olan ölkələrə 10 faizlik tarifləri qüvvədə saxlayacaqlar və sonrakı mərhələdə yüngülləşdirmə mümkün olacaq; belə bir razılığa gələ bilməyən ölkələr tariflərin razılaşma əldə olunana qədər aprel ayında elan edilmiş səviyyəyə qaytarılacağını görəcəklər; ABŞ-nin vicdanla danışıqlar aparmadığına inandığı ölkələrə daha yüksək tariflər tətbiq ediləcək.
Avropa Komissiyasının sözçüsü deyib: "Aİ-nin mövqeyi əvvəldən bəllidir: biz ABŞ ilə danışıqlar yolu ilə həllin tərəfdarıyıq və bu, bizim prioritetimiz olaraq qalır. Eyni zamanda qənaətbəxş razılığın əldə oluna bilməyəcəyi ehtimalına hazırlaşırıq".
Xatırladaq ki, Tramp Brüsseldən ABŞ şirkətlərinin qaydalardan tamamilə azad olunmasını və ABŞ ilə ticarət profisitinin azaldılmasını tələb edir. Lakin Aİ rəsmiləri Vaşinqtonun bu cür istisnalar və ya ərzaq tarifləri ilə bağlı son təkliflərini rədd edib.
Musavat.com