EN

Azərbaycanın ECO ilə qurduğu münasibətlər ölkənin təşəbbüskar mövqeyini ortaya qoyur ŞƏRH

Bakı, 5 iyul, AZƏRTAC

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) növbəti yüksək səviyyəli tədbirinə ev sahibliyi etməklə regional əməkdaşlıq və iqtisadi inteqrasiya istiqamətindəki öhdəliklərini bir daha nümayiş etdirdi. Bu tədbir ECO-ya üzv dövlətlərin nümayəndələrini, beynəlxalq təşkilatların təmsilçilərini və ekspertləri bir araya gətirərək iqtisadi, nəqliyyat, enerji, ticarət və ekoloji sahələrdə əməkdaşlıq imkanlarının müzakirəsi üçün mühüm platforma yaratdı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O bildirib ki, ECO-nun tədbiri üzv ölkələr arasında iqtisadi bağların dərinləşdirilməsi, dayanıqlı inkişafın təşviqi, ticarət həcminin artırılması və infrastruktur layihələrinin koordinasiyası baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan bu tədbir vasitəsilə həm öz milli maraqlarını, həm də regional tərəfdaşlıq çağırışlarını balanslı şəkildə ortaya qoyur. Zirvə görüşü zamanı nəqliyyat dəhlizləri ilə ECO ölkələri arasında əlaqələrin genişləndirilməsi, yaşıl enerji və iqlim dəyişikliyi – COP29-un ev sahibi ölkə kimi, qida və su təhlükəsizliyi – regionda iqlim dəyişikliyinin doğurduğu yeni çağırışlara cavab olaraq təşkilat çərçivəsində birgə layihələrin təşviqi, rəqəmsal transformasiya – ticarət, logistika və informasiya axınının rəqəmsallaşdırılması vasitəsilə inteqrasiyanın sürətləndirilməsi kimi sahələrə xüsusi diqqət ayrılıb.

Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın ECO ilə qurduğu münasibətlər ölkənin regional və beynəlxalq iqtisadi sistemdə fəal və təşəbbüskar mövqeyini aydın şəkildə ortaya qoyur. 1992-ci ildən ECO-ya üzv olan Azərbaycan bu platforma çərçivəsində ticarət, enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və ətraf mühit sahələrində mühüm əməkdaşlıq təşəbbüsləri irəli sürür. ECO ilə əməkdaşlıq Azərbaycanın yalnız iqtisadi deyil, eyni zamanda, mədəni, elmi və humanitar əlaqələrinin də inkişafına töhfə verir. Bu təşkilat çərçivəsində Azərbaycan sülh, sabitlik və davamlı inkişaf naminə regional təşəbbüslərin fəal iştirakçısı kimi çıxış edir. Azərbaycanın ECO məkanında irəli sürdüyü layihələr – Bakı-Tbilisi-Qars dəmir yolu, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Cənub Qaz Dəhlizi – regionun nəqliyyat və enerji xəritəsini dəyişdirən strateji təşəbbüslərdir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycanın nəqliyyat-logistika infrastrukturu üzv dövlətlər üçün tam açıqdır və ölkəmiz bu sahəyə milyardlarla sərmayə yatırıb. Bu layihələr vasitəsilə Azərbaycan Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən aparıcı tranzit və enerji qovşağına çevrilib. Şərq-Qərb Orta Dəhlizi və Trans-Xəzər marşrutu kimi təşəbbüslərdə Azərbaycanın rolu xüsusilə əhəmiyyətlidir.

Chosen
14
18
azertag.az

10Sources