Müasir dövrdə bəşəriyyətin qarşılaşdığı ciddi problemlərdən biri də demoqrafiya ilə bağlıdır. Bu məsələ Azərbaycan üçün də aktualdır. Son illər Azərbaycanda da qız uşaqlarının sayının azalması müşahidə olunur.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) yaydığı məlumatda qeyd edilir ki, 2025-ci ilin yanvar-iyun ayları ərzində 46 437 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunub və ödəniş edilib. Müavinət ödənişləri 21 765 nəfər qız, 24 672 nəfər oğlan uşağına görə aparılıb. Açıqlanan məlumatlardan da bəlli olur ki, cari il ərzində də dünyaya gələn uşaqlar arasında qız uşaqlarının sayı azalıb. Ekspertlər hesab edir ki, vəziyyət bu cür davam edərsə gələcəkdə daha da pis vəziyyətin şahidi olacağıq.
Elçin Bayramlı: “Bəzi yoxsul ölkələrdə ailələr qız uşağının dünyaya gəlməsində maraqlı olmurlar, çünki oğlan uşağı böyüyəndə…”
Sosial məsələlər üzrə ekspert Elçin Bayramlı hesab edir ki, selektiv abortların artmasında 2 səbəb var: “…Sosial-iqtisadi səbəblər və mənəvi-psixolojik səbəblər. Bəzi yoxsul ölkələrdə ailələr qız uşağının dünyaya gəlməsində maraqlı olmurlar, çünki oğlan uşağı böyüyəndə ailəyə dəstək olur, işləyir, pul qazanır, asan yaşamaq üçün kömək edir, daha sonra isə ailənin himayəçisinə çevrilir. Qız uşağı isə bunu edə bilmir. Onun evlənməsi üçün cehiz lazımdır. Sonda da ərə verirlər və bununla da o ailədən ayrılıb gedir. Ata-ana tək qalır. Buna görə yoxsul ölkələrdə böyük əksəriyyət oğlan uşağına üstünlük verir. Bu, sosial-iqtisadi səbəbdir. Mənəvi-psixoloji səbəblərə baxdıqda görürük ki, son dövrlərdə insanlar oğlan uşağını nəslin davamçısı hesab edirlər və bunun daha vacib olduğunu düşünürlər. Bununla yanaşı indiki dövrdə qız uşaqlarını böyütmək, evləndirmək daha çətindir. Həm sosial, həm də psixoloji baxımdan insanların baxışları dəyişib. İnsanlar burada bir çox problem görürlər, ona görə də qız uşaqlarını ardıcıl surətdə abort etdirirlər. Oğlu olmayanı sonsuz sayırlar, kişinin oğlu olar kimi təzyiqlər edirlər”.
Könül İsmayılova: “Vəziyyət bu cür davam edərsə, məlum problem daha da kritik vəziyyət alacaq”
Psixoloq Könül İsmayılova “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, hər bir ailənin psixologiyası fərqlidir: "Elə ailələr var, onlar üçün qız uşağı önəmlidir, elələri var oğlan uşağı. Ancaq bu doğru psixologiya deyil. Uşaqlar arasında ayrıseçkiliyə əsasən irsi xüsusiyyətlərə qiymət verən ailələrdə rast gəlinir. Belə ailələrin qərarlarına, əsasən nənə, baba, dayı, əmi, bibi müdaxilə edir. Məsələn, nənə, baba deyirlər ki, oğlumun soyadı yerdə qalmasın deyə oğlan uşağının olması vacibdir. Belə ailələrdə dünyaya gələn oğlan uşağı ilə qız uşağı arasında fərq qoyulur. Qız həmişə ikinci planda olur. Bu, ailələrin psixoloji, sosial cəhətdən maarifləndirilməməsindən irəli gəlir. Dünyagörüşü, ağlı, savadı olan valideyn heç vaxt övladları arasında ayrıseçkilik salmaz. Bu, ailədə qısqanclığa, paxıllığa, qardaş-bacı arasında düşmənçiliyə kimi gətirib çıxara bilər. Onu da deyim ki, artıq məktəblərdə demokrafiq problem hiss olunmağa başlayıb. Belə ki, ibtidai siniflərdə təhsil alan şagirdlərin əksəriyyəti, demək olar ki, oğlanlardır. Vəziyyət bu cür davam edərsə məlum problem daha da kritik vəziyyət alacaq”.
Günel CƏLİLOVA