Azərbaycan Premyer Liqasının yeni mövsümünün başlanmasına 1,5 aydan da az müddət qalıb. Zaman sürətlə keçib gedir, gözünü yumub-açırsan ki, yenicə başlayan ay tamam oldu. Ona görə də avqustun 15-i elə də uzaq tarix deyil, tezliklə yeni mövsümün startının həyacanını yaşayacağıq. Məni təəccübləndirən odur ki, bizim klublarımız yeni mövsümün hazırlıqlarına, ümumiyyətlə, mövsümün özünə dırnaqarası yanaşır, məcələnin ciddiyyətini qəbul etmək istəmirlər. Bu siyahıda elitanın debütantları “İmişli” ilə “Karvan”la yanaşı “Kəpəz”lə “Sumqayıt” da var. Xüsusən də sonuncunun ləng davranışları xeyli təəccüb doğurur.
Hamımız yaxşı bilirik ki, Vaqif Cavadovla müqavilənin vaxtından əvvəl pozulmasından sonra “Sumqayıt”ın baş məşqçisi postu boş qalıb. Avqustun 15-də çempionat başlayır, amma “Sumqayıt”ı hansı baş məşqçinin meydana çıxaracağı bəlli deyil. Sözsüz ki, baş məşqçi olmayanda heyətlə bağlı suallar da açıq qalır. Gedənlər gedir, getməyənlər də başının çarəsinə baxmağa çalışır. Çünki heç kim təminat vermir ki, yeni gələn məşqçi hansısa mövqeyə öz tanıdığı-bildiyi futbolçunu gətirməyəcək. Belədə yerinə məşqçinin tanışı gələn futbolçu da sözün həqiqi mənasında oyundan kənar vəziyyətdə qalır. Buna görə də “Sumqayıt”ın ayağı az-çox top tutan futbolçuları Samir Abasovun çağırışına səs verib, “Neftçi”yə yollanırlar. Qalanlarının da qulağı xoş bir sorağa, yəni ki, dəvətə həsrət qalıb.
Yeni məşqçi gələcək, hazırlıq planı tətbiq edəcək, heyət formalaşdıracaq, təlim-məşq toplanı keçiriləcək... Atalar demişkən, ölmə eşşəyim, yaz gələr, yonca bitər, yeyərsən. Kobud səsləndisə, sumqayıtlı futbolsevərlər məni bağışlasın. Amma onların sevimli komandalarının indiki halına başqa cür izah verə bilmirəm. Bütün bunları klubun prezidenti Riad Rəfiyev də bilməmiş deyil. Hər halda, adam illərdir ki, futbolun içindədir. Əvvəllər sırf menecer kimi çalışırdı, 2018-ci ildən bəri isə “Sumqayıt”ın prezidentidir. Deməli, klub idarə etməyin nə olduğunu, baş məşqçi təyinatının tezləşdirilməsinin vacibliyini, fasilənin hər gününün qızıla bərabər sayıldını da ondan yaxşı bilən olmaz. Lakin bilmək ayrıdır, bilib ona əməl etmək ayrı. Riad Rəfiyev bildiklərinə əməl etmək, daha doğrusu, əməl edib, “Sumqayıt”a fayda vermək istəmir.
Cənab Rəfiyev iyunun 29-da mətbuata müsahibə verib, yeni əcnəbi mütəxəssislə anlaşdıqlarını, xırda nüansları dəqiqləşdirdikdən sonra rəsmi açıqlamanın olacağını demişdi. Hətta konkret tarix də söyləmişdi. Sitat: “Demək olar ki, müqavilə şərtlərində razılığa gəlmişik. İyulun 2-3-ü aralığında onun adını açıqlaya bilərik, indi yox. Proses uzağı gələn ayın ilk həftəsinədək çəkəcək. Təyinatın ondan o yana qalacağını düşünmürəm”. Deyilən vaxt ötdü, hətta həftənin də sonuna gəlmişik. Lakin “Sumqayıt”ın baş məşqçisi postuna hələ də təyinat yoxdur. “Böyük şəhərin tək komandası” çarəsiz qalıb...