EN

Azərbaycan - Özbəkistan münasibətləri etimad və qarşılıqlı dəstəyə əsaslanır

Azərbaycan və özbək xalqları ortaq mədəniyyət, eyni dil ailəsinə mənsubiyyət, dini dəyərlər və milli ənənələrlə bir-birinə bağlıdır. Bu bağlar tarixlə, gen yaddaşı ilə möhkəmlənib. Əsrlərin dərinliklərindən boylanan münasibətlər bu gün dövlətlərarası səviyyədə yeni mərhələyə qədəm qoyur. Məhz 1995-ci ilin 2 oktyabrında qurulan diplomatik əlaqələr bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu əlaqələr çoxşaxəli əməkdaşlıq müstəvisində inkişaf etməkdədir. Siyasi dialoqdan iqtisadi inteqrasiyaya, humanitar əməkdaşlıqdan regional təhlükəsizlik məsələlərində ortaq mövqelərə qədər uzanan bu münasibətlər, Türk dünyasının gələcəyi üçün strateji əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu getdikcə artırır, dostluq körpüləri daha möhkəm təməl üzərində dayanır. Qeyd edək ki, bu strateji xəttin ən parlaq nümunələrindən biri də Mərkəzi Asiya istiqamətində atılan ardıcıl və məqsədyönlü addımlardır. Xüsusilə, Özbəkistanla münasibətlər yüksək səviyyədə inkişaf etdirilir.  Türk Dövlətləri Təşkilatından BMT-yə qədər müxtəlif platformalarda hər iki dövlət bir-birini dəstəkləyir, ortaq maraqları müdafiə edir. Hər addımda səsləri bir, mövqeləri eynidir. Özbəkistanın Azərbaycanın haqq savaşında - 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi qətiyyətli mövqe isə qardaşlıq əlaqələrinin təcəssümüdür. Özbəkistan münaqişənin tarixə qovuşmasında Azərbaycanın ədalətli mövqeyinə daim açıq və birmənalı dəstək verib. Özbək diplomatiyası beynəlxalq təşkilatların tribunalardan Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən çağırışlar səsləndirib, qardaşlıq və prinsipiallığın rəmzinə çevrilib. Özbəkistan-Azərbaycan münasibətləri etimad və qarşılıqlı dəstəyə əsaslanır. Dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər, birgə imzalanan sənədlər və yaradılan institusional mexanizmlər strateji əməkdaşlığın əsas dayaqlarını formalaşdırıb.  Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı səfərləri, imzalanan sənədlər, keçirilən görüşlər təkcə protokol tədbirləri yox, həm də xalqlar arasında mənəvi bağların, ortaq tarixin və taleyin təntənəsidir.

Prezident İlham Əliyevin 2022-ci ilin 21-22 iyun tarixlərində Özbəkistana dövlət səfəri münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun ilk siqnalı oldu. Səfər çərçivəsində imzalanan sənədlər və aparılan müzakirələr gələcək müttəfiqliyin konturlarını müəyyənləşdirdi. Elə həmin ilin 15-16 sentyabr tarixlərində Səmərqənddə keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində iştirak edən dövlət başçımız bölgədə siyasi çəkisi artan ölkə kimi Azərbaycanın regional platformalarda fəal rol oynadığını göstərdi. Bu xətt 10-11 noyabr tarixlərində keçirilmiş Türk Dövlətləri Təşkilatının IX Zirvə Toplantısında da davam etdirildi. Prezident İlham Əliyev burada Türk dünyasının birliyi naminə atılan addımlara birbaşa töhfə verdi. 2023-cü il noyabrın 9-da Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının Səmərqənddəki XVI Zirvə Toplantısında iştirakı isə Azərbaycan-Özbəkistan əlaqələrinin iqtisadi müstəvidə də güclənməkdə olduğunu təsdiqlədi. 22-23 avqust 2024-cü ildə Prezident İlham Əliyevin Özbəkistana etdiyi növbəti dövlət səfəri müttəfiqlik sənədinin imzalanması ilə tarixə yazıldı.

İyulun 2-də cənab Prezident İlham Əliyevin mətbuata bəyanatında bu reallıqlar aydın şəkildə əks olundu. Xüsusilə Qarabağda aparılan quruculuq işlərində Özbəkistanın rolu böyük rəğbətlə qeyd edildi. Prezident İlham Əliyev minnətdarlıqla vurğuladı: "Qarabağın bərpasına göstərdiyi köməyə görə xüsusi minnətdarlığımızı ifadə edirik. Özbəkistan bu sahədə birinci ölkə, öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev isə dünyada ilk lider olub." Bu yardımlar təkcə simvolik xarakter daşımır, həm də real nəticələr verir. Bunun ən parlaq nümunəsi Şuşada inşa edilmiş, böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan məktəbdir. Bu məktəb artıq öz əcdadlarının torpağına qayıdan uşaqlar üçün bilik ocağına çevrilib. Digər mühüm layihə isə Xankəndidə yaradılan tikiş fabrikidir ki, burada 200-dən çox insan işləyir. Gələcəkdə bu rəqəmin daha da artacağı gözlənilir. Əməkdaşlıq yalnız sosial layihələrlə bitmir. İqtisadi sahədə yaradılmış 500 milyon dollarlıq birgə İnvestisiya Fondu artıq 10-dan çox layihə üzrə investisiya qərarları qəbul etmək mərhələsindədir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələr xüsusilə enerji, nəqliyyat, logistika, kənd təsərrüfatı və sənaye sahələrində dinamik inkişaf edir. Zəngəzur dəhlizi layihəsi və Özbəkistanın Orta Dəhlizə marağı ölkələrimiz arasında geoiqtisadi tərəfdaşlıq yaradır. Prezident İlham Əliyevin bildiridiyi kimi iki ölkə nəqliyyat və logistika sahəsində koordinasiyalı fəaliyyətə sadiqdir: “Biz, həmçinin bugünkü imkanları və Xəzərdən Azərbaycana, oradan isə Qərbə çıxışı olan Mərkəzi Asiya regionunda daha geniş və şaxələndirilmiş nəqliyyat infrastrukturunun yaradılmasına gətirib çıxaracaq gələcək layihələri nəzərə alaraq, nəqliyyat və logistika sektorunu ətraflı nəzərdən keçirdik.”

Hər iki ölkə başçısının iştirakı ilə Bakıda Özbəkistanın Azərbaycandakı səfirliyinin inzibati binasının açılış mərasimi də keçirilib. Müasir üslubda ərsəyə gətirilən bina qardaş ölkələr arasında əlaqələri daha da genişləndirəcək. İqtisadi əlaqələrə nəzər salaraq qeyd edək ki, iki ölkə arasında, xüsusilə Mərkəzi Asiya ilə Azərbaycanın olduqca interaktiv iqtisadi əməkdaşlıq prinsipi mövcuddur. Bu ilin ilk beş ayında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox artaraq 200 milyon dollarlıq sərhədi aşıb. Azərbaycan və Özbəkistan rəhbərləri artıq daha böyük hədəfləri müəyyən ediblər. 2030-cu ilə qədər ikitərəfli ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması planlaşdırılır. Bu isə strateji tərəfdaşlığın göstəricisidir.  Səfər həm də xalqlar arasında mənəvi körpü rolunu oynayan “Özbəkistan” parkının təməlqoyma mərasimi ilə yadda qaldı. Qeyd edək ki, Bakının “Ağ Şəhər” ərazisində salınacaq “Özbəkistan” parkı iki ölkə arasında mədəni-humanitar əlaqələrin bariz təzahürüdür. 5 hektar ərazini əhatə edəcək bu park Özbəkistanın xəritəsi formasında olacaq. Burada ölkənin qədim şəhərləri – Buxara, Səmərqənd, Xivə və Kokandın memarlıq üslubunda obyektlər inşa ediləcək. Muzey, kinoteatr, amfiteatr, Özbək mətbəxini əks etdirən restoran və kafelər, habelə zoopark və mehmanxana kimi infrastruktur obyektləri ilə park Bakının turizm və mədəni həyatına mühüm töhfə verəcək.

Nəqliyyat sahəsində əməkdaşlıq isə hər iki ölkənin region üçün oynadığı mühüm rolu göstərir. Xəzərdən Azərbaycana, oradan isə Qərbə çıxışı təmin edən Orta Dəhliz layihəsi artıq praktiki mərhələdədir.Cənab Prezident qeyd etdi ki, "Biz layihələrimizi ikitərəfli formatda əlaqələndirməyi davam etdirəcəyik. Həm də qonşu ölkələrlə nəqliyyat siyasətinin əlaqələndirilməsi üzrə müntəzəm dialoq aparacağıq." Bu, yalnız ticarət üçün deyil, həm də regionun tranzit imkanlarını genişləndirmək baxımından strateji əhəmiyyət daşıyır. Bu əməkdaşlığın əsasını güclü siyasi iradə, qarşılıqlı etimad və xalqların bir-birinə olan səmimi sevgisi təşkil edir. Azərbaycan -Özbəkistan münasibətləri yalnız iki dövlətin maraqlarını deyil, həm də bütövlükdə Türk dünyasının birliyini və gələcəyini əks etdirən strateji əməkdaşlıq modelidir.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri

Chosen
16
40
ikisahil.az

10Sources