EN

"Azərbaycan-Özbəkistan əlaqələri gələcəkdə daha da möhkəmlənəcək" - Bayram Aslanov

"Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır. O cümlədən, günü-gündən inkişaf edən Azərbaycan-Özbəkistan əlaqələri əməkdaşlığımızın gələcəkdə daha da möhkəmlənəcəyini göstərir". 

Bunu "Unikal"a açıqlamasında YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib. 

Onun sözlərinə görə, hazırda ölkələrimiz arasında bütün sahələri əhatə edən strateji və çoxşaxəli əməkdaşlıq getdikcə dərinləşir və ikitərəfli münasibətlərin gələcək inkişafı üçün möhkəm təmələ çevrilir. 

"Eyni soy-kökə, tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış 170-dən çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. İyulun 2-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə rəsmi səfəri iki dövlətin dostluq, qardaşlıq münasibətlərinin inkişafında mühüm məqamları ilə yadda qaldı.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə mətbuata bəyanatlarla çıxışı zamanı ölkəmizin Prezidenti İlham Əliyev xüsusi ilə Azərbayca-Özbəkistan dostluğuna, qardaşlığına toxunaraq, bildirib ki, bu gün Özbəkistan və Azərbaycan münasibətlərinin tarixində əlamətdar gündür. Özbəkistan Prezidentinin dövlət səfəri layiqincə, qardaşlıq və qarşılıqlı anlaşma ab-havasında keçir. Bu gün biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk.

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə rəsmi səfəri, səfər çərçivəsində mühüm sənədlərin imzalanması, Bakıda “Özbəkistan” parkının təməlinin qoyulması, Özbəkistan səfirliyinin yeni binasının açılışı bir daha təsdiq edir ki, dövlətlərarası münasibətlər möhkəm təməl üzərində inkişaf edir.

Məramı, məqsədi regionda sülhün, təhlükəsizliyin, sabitliyin qorunub saxlanması olan Azərbaycanın Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Özbəkistan ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Şübhəsiz ki, ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək". 
 

Chosen
9
50
unikal.az

10Sources