EN

Professordan virus xəbərdarlığı – “Evdən çıxmayın...”

“Yay mövsümündə əhali arasında yayılan infeksiyanın birmənalı şəkildə koronavirus olduğunu söyləmək hələlik tezdir”.


Ekologiya.az xəbər verir ki, bu barədə professor-həkim Adil Qeybulla Bizim.Media-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda müşahidə edilən yoluxmalar daha çox soyuqdəymə xarakterli virus infeksiyaları ilə əlaqəlidir:


“Birmənalı şəkildə yayılan virusun koronavirus olduğunu demək bir qədər çətindir. Bu, digər respirator viruslar da ola bilər. Lakin nəzərə almaq lazımdır ki, Omicron ştammı hələ də mutasiyaya uğrayır və dünyanın əksər ölkələrində lokal epidemik ocaqlar şəklində koronavirusa rast gəlinir. Bu baxımdan, Azərbaycanda da bu cür hallar mümkündür”.


Professor qeyd edib ki, yayılmış infeksiyanın dəqiq identifikasiyası üçün müvafiq səhiyyə qurumları tərəfindən elmi-tibbi tədqiqatlar aparılmalı, nəticələr əsasında məlumatlandırıcı addımlar atılmalıdır.

“Əhali maarifləndirilməlidir. İnsanlar bilməlidir ki, infeksiyanın yayılmasının qarşısını necə almaq olar, karantin qaydaları nədir, xəstəliklə necə davranmaq lazımdır. Çünki insanlar məlumatlı olduqda qaydalara əməl edir və bu da yoluxmanın azalmasına səbəb olur”, – deyə professor vurğulayıb.

Həkim həmçinin qeyd edib ki, xəstələnmiş şəxslər işə getməməli, yataq rejimində olmalı, bol maye qəbul etməli və mütləq həkim təyinatlarına əməl etməlidirlər:

“Tam sağalmadan gündəlik fəaliyyətə qayıtmaq yoluxmanın yayılma riskini artırır”.

Professor hesab edir ki, infeksiya təhlükəsinə qarşı dövlət səviyyəsində müəyyən normativlər və qabaqlayıcı tədbirlər hazırlanmalı, bu çərçivədə əhalinin sağlamlığı qorunmalıdır.
Chosen
12
24
ekologiya.az

10Sources