EN

Tramp İranın hücumdan əvvəl xəbərdarlıq etdiyini bildirib

BAKI, TurkicWorld

İran bizi Əl-Udeyd bazasına hücumdan əvvəl xəbərdar edib.

TurkicWorld xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İranın Qətərdəki Əl-Udeyd Hərbi Hava Bazasına hücum etməzdən əvvəl Vaşinqtonu məlumatlandırdığını bir daha bəyan edib.

“İran mənə zəng edərək dedi ki, ‘sizə hücum etməliyik’. Onlar bizə hörmət etdikləri üçün əvvəlcədən xəbərdarlıq etdilər”, – deyə Tramp bildirib. Onun sözlərinə görə, İran tərəfi həm hücumun vaxtını, həm də hədəfini açıqlayıb:

“Baza boşaldıldı, mənə dedilər ki, hücum saat 1-də olacaq. Mən də ‘problem deyil’ dedim.”

Tramp bu məlumatı daha əvvəl iyunun 23-də “Truth Social” hesabında paylaşmış və İrana əvvəlcədən xəbər verdiyi üçün təşəkkür etmişdi. “Bu səbəbdən itki olmadı, heç kim xəsarət almadı”, – deyə o vurğulamışdı.

Xatırladaq ki, ABŞ və İsrailin iyun ayında İrana qarşı həyata keçirdiyi hücumlar regionda gərginliyi artırıb. İsrail iyunun 13-də İranın bir neçə nüvə obyektinə və hərbi rəhbərliyinə zərbələr endirib. ABŞ da iyunun 22-də Natanz, Fordo və İsfahan daxil olmaqla üç nüvə obyektini hədəf alıb. İyunun 23-də İran cavab olaraq ABŞ-ın Qətərdəki bazasına raket hücumu həyata keçirib.

Qeyd edək ki, iyunun 24-də prezident Tramp İran və İsrail arasında atəşkəs əldə olunduğunu elan edib.

Chosen
9
50
turkic.world

10Sources