Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakı, 4 iyul, AZƏRTAC
III MDB Oyunlarına hazırlıq plan üzrə davam edir. Oyunların yüksək səviyyədə təşkili üçün aidiyyətı qurumlar koordinasiyalı olaraq fəaliyyət göstərirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri gənclər və idman naziri Fərid Qayıbov bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanda keçiriləcək MDB Oyunlarına hazırlıq işləri barədə danışarkən deyib.
Nazirin sözlərinə görə, bütün bu hazırlıq işləri Azərbaycanın növbəti dəfə mühüm bir beynəlxalq tədbiri uğurla təşkil edəcəyinə əminlik yaradır: “Həm Baş nazirin müavini Samir Şərifovun sədrliyi ilə Təşkilat Komitəsinin ikinci iclasında, həm də Gənclər və İdman Nazirliyində işçi qrupuna daxil olan federasiya nümayəndələri ilə növbəti iclasımızda Oyunlara hazırlığın əsas istiqamətləri üzrə görülən işlər nəzərdən keçirildi, qarşıda duran vəzifələr konkretləşdirildi və bütün istiqamətlər üzrə görülən işlər barədə hesabatlar dinlənildi, müvafiq tapşırıqlar verildi. Yeri gəlmişkən, 2025-ci il üçün MDB-nin “İdman Paytaxtı” seçilmiş Gəncədə bu ay sertifikatın təqdimetmə mərasimi keçirildi. Bu münasibətlə bütün Gəncə sakinlərini və idmansevərləri təbrik edirəm”.
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi UFC turnirindən də söz açan F.Qayıbov döyüş gecəsinin təşkilinin iyun ayının ən əlamətdar hadisələrindən biri olduğunu vurğulayıb: “Möhtəşəm tədbirin yüksək səviyyədə təşkili UFC-nin Azərbaycana etimadının təsadüfi olmadığını göstərdi. Bir tərəfdən tədbirin Bakıda yüksək səviyyədə təşkili, azarkeş izdihamı, xarici qonaqların ölkəmizə səfəri, həmçinin UFC kanalları vasitəsilə dünyanın dörd bir yanından on milyonlarla izləyicinin diqqətinin Bakıya yönəlməsi qürur yaşatdısa, digər tərəfdən də idmançılarımızın doğma arenada uğurlu çıxışları azarkeşlərə sevinc hissi bəxş etdi”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.