Rusiya Əfqanıstan İslam Əmirliyini ölkədəki rəsmi hakimiyyət kimi tanıyıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov RİA Novosti agentliyinə açıqlamasında bildirib.
Rusiyanın Kabildəki səfiri Dmitri Jirnovun sözlərinə görə, Əfqanıstan İslam Əmirliyinin tanınması barədə qərarı xarici işlər naziri Sergey Lavrovun təklifi ilə prezident Vladimir Putin verib. Jirnov vurğulayıb ki, bugünkü qərar "Əfqan xalqına qarşı tam hüquqlu tərəfdaşlıq və dost münasibət üçün səmimi istəyin əlamətidir".
İyulun 3-də Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Əfqanıstan İslam Əmirliyinin Moskvadakı yeni səfiri Gül Həsən Xanın etimadnaməsinin surətlərini qəbul edib.
Buna cavab olaraq Əfqanıstan Xarici İşlər Nazirliyi Moskvanın qərarını ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində “tarixi addım” adlandırıb.