EN

Özbəkistanın ixrac potensialı, Azərbaycanın strateji körpü rolu böyüyür...


Məlum həqiqətdir ki, Azərbaycan ilə Özbəkistan arasında münasibətlər dinamik inkişaf edir. Bu hal, xüsusən son iki ildə özünü daha qabarıq büruzə verir.

Qeyd edək ki, ötən ilin avqustunda prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri reallaşıb. Özbəkistanın prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə həyata keçən bu səfər zamanı dövlətlər arasında turizm, mədəniyyət, elm-təhsil, ticarət, investisiyalar və digər sahələrdə mühüm sənədlər imzalandı, iki ölkənin biznes nümayəndələri arasında əməkdaşlıq perspektivləri müzakirə olundu. Daşkənddəki görüşdə ilk dəfə olaraq Ali Dövlətlərarası Şuranın iclası keçirildi və bu iclasda 20 yeni layihə üzərində əməkdaşlıq istiqamətləri müzakirə edildi. Bununla belə, bu səfərin ən əlamətdar məqamlarından biri kimi prezident İlham Əliyev və Şavkat Mirziyoyev tərəfindən Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətlərinə dair müqavilənin imzalanması oldu.

Qeyd edək ki, müttəfiqlik dövlətlərarası münasibətlərin ən ali səviyyəsini bildirir. Ölkəmizə dövlət səfərinə gələn Şavkat Mirziyoyevlə görüşdən sonra mətbuata bəyanatla çıxışı zamanı bu məqama toxunan prezident İlham Əliyev qeyd edib: “Biz həm ikitərəfli görüş, həm də Dövlətlərarası Şuranın iclası çərçivəsində ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinin geniş spektrini müzakirə etdik, münasibətlərimizin strateji, müttəfiqlik xarakterini bir daha təsdiqlədik. Keçən il Daşkənddə Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzaladıq. Bu, istənilən ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir. Biz artıq bir ildir ki, rəsmi müttəfiqik və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, qarşılıqlı dəstəklə, həmçinin bir çox sahədə həyata keçirdiyimiz konkret plan və layihələrlə nümayiş etdiririk”. Azərbaycan və Özbəkistan arasında hazırkı münasibətləri və strateji müttəfiqliyi hər iki ölkənin regionda oynadığı əhəmiyyətli roldan qaynaqlanır. İki ölkə arasında ticari-iqtisadi, nəqliyyat-kommunikasiya, enerji, mədəni-humanitar və digər sahələrdə əməkdaşlıq hər il daha da genişlənərək hər iki dövlətin və xalqların daha da yaxınlaşmasına zəmin yaradır. Qeyd edək ki, Azərbaycanın əlverişli coğrafi mövqeyi, inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu və beynəlxalq enerji və ticarət layihələrində oynadığı rol, Özbəkistanın ixrac potensialını artırmaqda mühüm vasitə kimi çıxış edir. Məsələ burasındadır ki, Özbəkistan kontinental, yəni dənizlərə çıxışı olmayan bir ölkə kimi dünya bazarlarına çıxışda nəqliyyat imkanlarına daha çox ehtiyac duyur. Bu baxımdan Azərbaycan onun üçün vacib tranzit ölkəyə çevrilir. Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri Özbəkistan mallarının xarici bazarlara çıxışını sürətləndirir. Bunlar Özbəkistan məhsullarının rəqabət qabiliyyətini artırmaqla yanaşı, logistik xərclərin azalmasına da səbəb olur. Bu infrastruktur sayəsində Özbəkistan, məhsullarını Azərbaycan vasitəsilə Qara dəniz limanlarına, daha sonra isə Avropa bazarlarına çatdıra bilir. Bu isə yalnız ticarət dövriyyəsinin artmasına deyil, həm də Özbəkistanın iqtisadiyyatının diversifikasiyasına və sənaye məhsullarının ixracına təkan verir.

Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər son dövrlərdə daha da intensivləşib. Dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanan əməkdaşlıq sənədləri iqtisadi əlaqələrin dərinləşməsinə yönəlib. Xatırlada qki, hələ 2022-ci ildə imzalanan strateji tərəfdaşlıq sənədi bu sahədə irəliləyişin hüquqi əsasını təşkil edir. Bu sənəd çərçivəsində nəqliyyat, energetika, aqrar sektor və sənaye sahələrində əməkdaşlıq gücləndirilib. Əlavə olaraq, Azərbaycan tərəfi Özbəkistan məhsullarının yerli bazarlarda tanıdılması və satışını dəstəkləyir. Ticarət evlərinin yaradılması, birgə sərgilər və biznes forumlar iki ölkənin sahibkarlarını bir araya gətirərək ticarətin həcmini artırır. Azərbaycanın tranzit ölkə kimi təklif etdiyi imkanlardan istifadə etməklə Özbəkistan öz ixrac xəritəsini genişləndirə və yeni bazarlara daxil ola bilir. Energetika sahəsində də əməkdaşlıq perspektivləri yüksəkdir. Azərbaycan enerji sahəsindəki təcrübəsini və infrastrukturu Özbəkistanla bölüşür. Bu, yalnız neft-qaz sektoru ilə məhdudlaşmır, həm də alternativ enerji sahələrində ortaq layihələrə şərait yaradır. Enerji və logistika sahəsində birgə layihələr isə iki ölkə arasında iqtisadi inteqrasiyanı daha da gücləndirir. Nəticə etibarilə, Azərbaycan Özbəkistan üçün təkcə dost və tərəfdaş ölkə deyil, həm də dünya bazarlarına açılan strateji körpüdür. Azərbaycanın tranzit imkanları, logistik infrastrukturu və regional təşəbbüslərdəki fəal rolu, Özbəkistanın ixrac imkanlarını genişləndirməkdə və beynəlxalq ticarətdə daha fəal iştirak etməsində mühüm rol oynayır. Xatırladaq ki, Cənubi Qafqaz və Orta Asiya regionu bütün Avrasiyanın nəqliyyat və enerji mərkəzinə çevrilməkdədir. Hər iki region həm Orta Dəhlizin, həm də “Bir kəmər, bir yol” layihəsinin önəmli hissələridir. Bu baxımdan həm Qərbin, həm də Şərqin bu iki regionunun geosiyasi və geoiqtisadi imkanlarına ehtiyacı var. Azərbaycan və Özbəkistan bunun üçün bütün mühüm şəraiti yaradırlar. Beləliklə, Azərbaycan-Özbəkistan münasibətləri təkcə milli-mənəvi, mədəni bağları ehtiva etmir. Mövcud münasibətlər modern trendlərə uyğun olaraq özündə həm də iqtisadi-siyasi çalarlar daşıyır. Əlaqələr iki dövlətin strateji müttəfiqliyi müstəvisinə qaldırılaraq, hər iki tərəfə fayda gətirir.

Ramil QULİYEV

Chosen
7
50
baki-xeber.com

10Sources