EN

İƏT Qadınlar Forumunda “Şəhərsalmanın inkişafında qadınların rolu” mövzusunda növbəti panel müzakirə təşkil edilib


İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Qadınlar Forumunda “Şəhərsalmanın inkişafında qadınların rolu” mövzusunda növbəti panel müzakirə təşkil edilib. Baki-xeber.com xəbər verir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi Elmar Məmmədovun moderatorluğu ilə keçirilən paneldə Pakistan İslam Respublikasının Qadınların Statusu üzrə Milli Komissiyanın sədri Ume Laila Azhar, Tacikistan Respublikasının Qadın və Ailə Məsələləri Komitəsinin sədr müavini Çamanoro Odinazoda, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva, Türkmənistan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq Əlaqələr şöbəsinin müdir müavini Maral Yayliyeva, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Nəsar Hayat, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı çıxış ediblər.

Paneldə İƏT regionunda inklüziv şəhər siyasətlərinin təşviq edilməsi, eləcə də iqlim dəyişikliyinə qarşı dayanıqlı və sağlam şəhərlərin qurulmasında qadınların rolunun gücləndirilməsi və müvafiq sahə üzrə digər məsələlər müzakirə edilib.

Çıxışçılar 2026–2035-ci illər üçün İƏT-in yeni inkişaf sənədinin hazırlanması və həyata keçirilməsində qadınların iştirakının təmin edilməsi, İƏT çərçivəsində dayanıqlı şəhərlərlə bağlı yeni bir platformanın yaradılmasının əhəmiyyəti, qadınların davamlı şəhər iqtisadiyyatı layihələrinə, o cümlədən dövri iqtisadiyyat layihələrinə fəal cəlb olunmasını və onların maliyyə resurslarına, o cümlədən iqlim maliyyəsinə çıxışının dəstəklənməsi ilə bağlı fikirlərini səsləndiriblər.

Panel zamanı, həmçinin ölkəmizdə Qarabağ və Şərgi Zəngəzurda aparılan yenidənqurma və bərpa işlərində qadınların töhfəsindən bəhs edilib. Qeyd edilib ki, işğaldan azad olunmuş ərazilər də daxil olmaqla, şəhərlərin inklüzivliyinin yüksək olmasına səy göstərilir. Panel sessiya mövzu üzrə müzakirə və sual-cavabla davam edib.

Günel CƏLİLOVA

Chosen
15
1
baki-xeber.com

2Sources