EN

Aşağı gəlirli, bölgələrdə yaşayan, sağlam qidaya və fiziki aktivliyə çıxışı az qadınların problemləri

Müasir dövrdə sağlam həyat tərzi, o cümlədən balanslı qidalanma, fiziki aktivlik, psixoloji rifah və tibbi xidmətlərə əlçatanlıqla birgə formalaşır. Lakin bu imkanlardan istifadə bərabər səviyyədə deyil. Xüsusilə də aşağı gəlirli ailələrdə böyüyən və bölgələrdə yaşayan qadınlar üçün sağlam həyat tərzini seçmək çox vaxt lüks halına çevrilir. Onların qarşılaşdığı iqtisadi məhdudiyyətlər, sosial stereotiplər və infrastruktur çatışmazlıqları uzunmüddətli sağlamlıq problemlərinə səbəb olur və bu vəziyyət qadınların həm fiziki, həm də psixoloji rifahını təhdid edir.

Aşağı gəlirli qadınlar çox vaxt ailənin əsas yükünü daşıyan şəxslərdir. Onlar həm ev işlərini idarə edir, həm uşaqların qayğısına qalır, bəzən də ailəyə maddi dəstək göstərmək üçün çalışırlar. Bu hallarda isə düzgün qidalanma onların gündəlik prioritetləri sırasında yer almır. Səbəbi isə sadədir: sağlam qida baha başa gəlir. Təzə meyvə və tərəvəzlər, keyfiyyətli zülal mənbələri (balıq, toyuq, yumurta), süd məhsulları və taxıl məhsulları aşağı gəlirli ailələrin gündəlik ərzaq səbətinə nadir hallarda daxil olur. Onların yerini isə ucuz, amma aşağı qida dəyəri olan məhsullar - un məmulatları, konservləşdirilmiş qidalar, fast-food və karbohidratla zəngin yeməklər tutur.

Bu

Bu cür qidalanma bədəndə enerji balansının pozulmasına, piylənməyə, şəkərli diabetə, ürək-damar xəstəliklərinə və digər xroniki xəstəliklərə yol açır. Nəticədə aşağı gəlirli qadınların sağlamlıq durumu daha da pisləşir və bu, onların məhsuldarlığına, ailədəki roluna və ümumi həyat keyfiyyətinə mənfi təsir göstərir.

Sağlam həyatın əsas komponentlərindən biri də fiziki aktivlikdir. Lakin bölgələrdə yaşayan qadınların böyük əksəriyyəti üçün bu, əlçatmazdır. Səbəb nədir?

Mütəxəssislər qeyd edir ki, bunun bir neçə səbəbi var. İlk növbədə təhlükəsiz ictimai məkanların olmaması ilə bağlıdır. Kənd və rayon yerlərində qadınların təhlükəsiz şəkildə idman etməsi üçün nə ictimai idman zalları, nə də qadınlara xüsusi nəzərdə tutulmuş parklar və açıq sahələr mövcuddur.

Azərbaycanda

Həmçinin mədəni və sosial stereotiplər öz təsirini göstərir. Məlum olduğu kimi bəzi bölgələrdə qadınların açıq havada idman etməsi, qaçış və ya velosiped sürməsi sosial baxımdan qeyri-məqbul sayılır. Bu kimi yanaşmalar onların aktiv həyat tərzi seçməsinə mane olur.

Vaxt və imkan məhdudiyyəti də öz sözünü deyir. Gündəlik məişət qayğıları, uşaqlara və ailəyə sərf edilən vaxt qadınların özlərinə və sağlamlıqlarına vaxt ayırmasını mümkünsüz edir.

Maarifləndirmə və sosial maneələr

Bir çox qadın düzgün qidalanmanın və fiziki aktivliyin nə üçün vacib olduğunu ya bilmədiyi, ya da bu məlumatı praktik şəkildə necə tətbiq edəcəyini anlamadığı üçün passiv həyat tərzini davam etdirir. Maarifləndirmə tədbirləri əksər hallarda şəhər mərkəzləri ilə məhdudlaşır, bölgələrdə isə bu sahədə ciddi boşluq qalır. Üstəlik, qadınların sosial və iqtisadi imkanları məhdud olduqda sağlamlıq mövzusunda qərarvermə səlahiyyətləri də zəifləyir, bəzən həyat yoldaşı və ya ailə böyükləri onların sağlamlıqla bağlı qərarlarına təsir göstərir.

Xroniki

Bəs həll yolları hansılardır?

Mütəxəssislərin fikrincə, mövcud vəziyyət ümidsiz deyil. Aşağı gəlirli və bölgələrdə yaşayan qadınlar üçün də sağlam həyat tərzi əlçatan ola bilər. Bunun üçün aşağıdakı istiqamətlərdə tədbirlər görülməlidir:

-İcma əsaslı təşəbbüslər: Yerli bələdiyyələrin, QHT-lərin və könüllülərin birgə təşəbbüsü ilə icma mərkəzlərində pulsuz və ya minimal ödənişli sağlamlıq proqramları təşkil edilə bilər. Bu proqramlara sadə idman dərsləri, sağlam qidalanma üzrə praktik təlimlər və ailə daxili psixoloji dəstək proqramları daxil ola bilər.

-Maarifləndirmə kampaniyaları: Radio, televiziya və sosial media üzərindən bölgələrə yönəlmiş, sadə və əlçatan dildə hazırlanan maarifləndirmə materialları qadınların məlumatlılığını artıra bilər. Hətta kənd yerlərində mobil təlim maşınları və ya "sağlamlıq karvanları" vasitəsilə birbaşa maarifləndirmə tədbirləri keçirmək mümkündür.

-Sağlam və ucuz alternativlər: Təzə məhsullara çıxışın məhdud olduğu bölgələrdə yerli kənd təsərrüfatı bazarlarının təşviqi, kiçik ailə bağçalarının yaradılması və konservləşdirmə texnikalarının öyrədilməsi ucuz və sağlam qidalanma alternativləri yarada bilər.

-İdman və fiziki aktivlik üçün təşviq: Qadınlar üçün xüsusi ayrılmış idman sahələri və ya təhlükəsiz yürüş yollarının salınması mühüm rol oynayır. Eyni zamanda, qadın idman klublarının və qrup məşqlərinin təşviqi həm fiziki aktivliyi artırar, həm də qadınlar arasında sosial birliyi gücləndirər.

-Dövlət dəstəyi və sosial siyasətlərin gücləndirilməsi: Sağlamlıq siyasətləri yalnız şəhərlərə deyil, bölgələrə də yönəlməli, gender əsaslı bərabərlik nəzərə alınmalıdır. Aşağı gəlirli ailələr üçün sağlam qidalanma kartları, qadınlara məxsus sağlamlıq proqramları və tibbi sığorta təşviq olunmalıdır.

Sağlam

Beləliklə, qadınların sağlam həyat tərzinə çıxış imkanlarının artırılması təkcə fərdi sağlamlıq məsələsi deyil, bütövlükdə cəmiyyətin rifahı, inkişafı və davamlılığı üçün strateji əhəmiyyət daşıyan bir məsələdir. Sağlam həyat tərzi — düzgün qidalanma, fiziki aktivlik, vaxtında tibbi xidmətə çıxış və psixoloji dəstək kimi amilləri əhatə edir ki, bunlar da qadının fiziki və zehni sağlamlığını qoruyaraq onun ailə və cəmiyyət içindəki rolunu gücləndirir.

Təəssüf ki, aşağı gəlirli təbəqədən olan və ucqar bölgələrdə yaşayan qadınlar bu imtiyazlardan tam istifadə edə bilmirlər. Onların üzləşdiyi əsas problemlər sırasında iqtisadi çətinliklər, səhiyyə infrastrukturunun zəifliyi, maarifləndirmə səviyyəsinin aşağı olması və gender stereotiplərinin davam etməsi dayanır. Bu çətinliklər yalnız fərdi qadınlara təsir etmir, əksinə, uzunmüddətli perspektivdə ailənin, uşaqların və bütövlükdə cəmiyyətin sağlamlığına mənfi təsir göstərir.

Bu səbəbdən, qadınların sağlam həyat tərzi sürməsinə yalnız bir fərdin hüququ kimi deyil, cəmiyyətin ümumi təhlükəsizliyi və inkişafı baxımından yanaşmaq lazımdır. Burada dövlət strukturlarının, səhiyyə və təhsil sisteminin, vətəndaş cəmiyyəti institutlarının və media qurumlarının üzərinə böyük məsuliyyət düşür. Qadınlara yönəlik maarifləndirmə kampaniyaları, kənd yerlərində mobil tibbi xidmətlərin təşkili, sosial dəstək proqramlarının genişləndirilməsi və qadın sağlamlığına dair spesifik dövlət proqramlarının hazırlanması mühüm və təxirəsalınmaz addımlardır.

Qadın

Qadın sağlamlığı yalnız tibbi deyil, həm də sosial məsələdir. Sağlam qadın  güclü ana, savadlı tərbiyəçi, aktiv vətəndaş deməkdir. O, həm ailənin dayağı, həm də cəmiyyətin dirəyi rolunu oynayır. Əgər qadın sağlamdırsa, ailədə daha sağlam münasibətlər formalaşır, uşaqların psixoloji və fiziki inkişafı daha sabit olur, ailə institutunun dağılma riski azalır. Bu isə öz növbəsində daha möhkəm, dayanıqlı və rifahlı cəmiyyət deməkdir.

Qeyd edək ki, yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən, Qadın Haqları və Gender Bərabərliyi İctimai Birliyi tərəfindən icra olunan “Qadınlar arasında piylənmənin qarşısının alınması" layihəsi çərçivəsində hazırlanmışdır.

Yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Xalidə Gəray
Musavat.com

Chosen
16
11
musavat.com

10Sources