
Tehranla əldə edilmiş atəşkəs zamanı İsrail Rusiya ilə İran və Suriya mövzusunda gizli danışıqlar aparıb.
Reyting.az xəbər verir ki, belə bir iddianı İsrail dövlət televiziyası KAN səsləndirib.
Kanalın xəbərinə görə, Təl-Əviv rəhbərliyi İran və Suriya məsələlərində diplomatik həll üçün yüksək səviyyəli Rusiya rəsmiləri ilə təmaslarını davam etdirirlər.
Bildirilir ki, Rusiyanın iki ölkə arasında vasitəçi olmaq təklifindən sonra Tehran rəhbərliyi ilə atəşkəs əldə edildikdən təxminən bir həftə sonra İsrail tərəfi İran və Suriya məsələlərini müzakirə etmək üçün Moskva ilə əlaqə saxlayıb.
Danışıqların məzmunu ilə bağlı təfərrüat açıqlanmır.
Digər tərəfdən, İsrailin İran mövzusunda ABŞ-la razılaşmaq istədiyi və İsrailin baş naziri Binyamin Netanyahunun gələn həftə Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Donald Trampla görüşündə bu məsələni gündəmə gətirəcəyi də iddia edilir.
Məlumata görə, Təl-Əviv rəhbərliyi Livanla əldə olunan razılaşmaya bənzər İranla bağlı əsas prinsipləri müəyyən etmək istəyir.
Qeyd edək ki, iyunun 13-də İsrailin İrana hücumları ABŞ prezidenti Trampın iyunun 24-də elan etdiyi atəşkəslə başa çatıb.
İranla atəşkəsdən sonra İsraildə “Normallaşdırma razılaşmaları”nın genişləndirilməsi gündəmə gəlib və bu çərçivədə Suriya ilə danışıqların aparıldığı bildirilir.
E. KAMAL