EN

Rusiyadan növbəti HAVA HÜCUMU - Hərbi komissarlıq yerlə-yeksan olundu – ANBAAN VİDEO

Bu gün Rusiya qoşunları Poltava şəhərinə raket zərbəsi endirib. Raketlərdən biri Poltava Birləşmiş Şəhər Ərazi Komplekltləşdirmə və Sosial Dəstək Mərkəzinin (Hərbi komissarlıq) binasına düşüb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının mətbuat xidməti məlumat yayıb.

“Bu gün, 3 iyul saat 09:00 radələrində düşmən Poltava şəhərinə zərbə endirib. Zərbələrdən biri nəticəsində Poltava Birləşmiş Şəhər Ərazi Komplekltləşdirmə və Sosial Dəstək Mərkəzinin binasında yanğın baş verib”, – məlumatda deyilir.

Həmçinin, həmin binanın yaxınlığına daha bir raket düşüb. Nəticədə özəl yaşayış evinin ərazisində də yanğın olub.

Zərbə nəticəsində mülki vətəndaşlar arasında ölənlər və yaralananlar var.

Hadisə yerində artıq fövqəladə xidmətlər fəaliyyət göstərir, yanğınlar söndürülür, zərərçəkmişlərə yardım göstərilir. Yaralıların vəziyyəti və dağıntıların miqyası barədə əlavə məlumatlar dəqiqləşdirilir.

Poltava Regional Hərbi Administrasiyasının rəhbəri Vladimir Koqut bildirib ki, ilkin məlumata görə, iki nəfər həlak olub, 11 nəfər yaralanıb. Hadisə yerində fövqəladə vəziyyətlərin aradan qaldırılması qərargahı yaradılıb.

“Bir daha çağırış edirəm: hava həyəcanı zamanı mütləq sığınacaqlarda olun”, – deyə Koqut bildirib.

Qeyd edək ki, iyunun 30-da Rusiya işğalçı qüvvələri Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinə “Şahed” tipli kamikadze dronlarla zərbə endirib. Şəhərdə güclü partlayışlar eşidilib.

Xatırladaq ki, bu gecə Rusiya işğalçıları Odessa şəhərinə də kamikadze dronlarla hücum edib. Hava hücumundan müdafiə sistemləri fəal işləsə də, şəhərin mülki infrastrukturu zərər görüb, 5 nəfər yaralanıb, onların arasında uşaqlar da var.


Bizim.Media

Chosen
17
50
bizim.media

10Sources