EN

Əməkdar artist Zemfira Sadıxova: Mədəniyyət naziri şəxsən mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir

“Bacım Şahnigara deyərəm, sənə qəşəng bir don tikər”... Onu görəndə elə bildim, bu dəmdə “Dəli Kür” filmindəyəm və onun əynindəki paltarı da Cahandar Ağanın bacısı Şahnigar tikib. Düzünü desəm, həyəcanlı idim, axı qarşımda Mələk dayanmışdı. Özü də bir yox, iki mələk: biri “Dəli Kür”ün Mələyi, digəri 86 yaşını təzəcə tamamlayan mələk - Zemfira Sadıxova.

Əməkdar artist Zemfira Sadıxovanın APA-ya müsahibəsi

- Üç gün geciksəm də ad gününüzü təbrik edirəm, Zemfira xanım. 85 oldu?

- Çox sağ ol, yox 86.

- Mən fikirləşirdim hələ 85-i çox demişəm, maşallah, o yaşı vermək olmur.

- Olar, olar (gülür).

Mən o rolu rejissorun müdaxiləsi olmadan oynamışam

- Sizi Cahandar Ağanın Mələyi kimi xatırlayıram həmişə.

- Həmin filmə o rol üçün yüzdən artıq aktrisa çağırılmışdı. Özü də çox gözəl qızlar idi.

- Görünür, sizdən gözəl olmayıblar.

- (Gülür) aktyor oyunu da var, bunlar təkcə gözəlliklə olan şey deyil. Mən “Dəli Kür”dəki Mələk roluna görə 1970-ci ildə Minsk Kinofestivalında “Ən yaxşı aktrisa” mükafatını almışam. Mən o rolu rejissorun müdaxiləsi olmadan oynamışam, necə bacarırdım, elə də oynayırdım. Onu da deyim sizə, mənim ilk qonorarım “Dəli Kür”dən olub.

- Həmin rola görə xeyli tənqid də eşitmisiniz.

- Tənqidləri mən eşitmirdim. Amma mən küçədən keçəndə nadinc uşaqlar “Dəli Kür”ün mahnısını oxuyub mənə sataşırdılar.

- Kinostudiyada sizə qarşı soyuq münasibətin səbəbi sözügedən film idi?

- Yox, əksinə məni o rola Bədii Şura təsdiq edəndə hami sevinirdi.

- Bəs soyuqluğun səbəbi nə idi?

- Aktyor ştatının direktoru var idi, adı yadımdan çıxıb. Bir gün mənə dedi ki, saat 7-də gəl kinostudiyaya. Mən də dedim, hə, yaxşı, gələrəm. Getdim evdə, yoldaşım aktyor Yusif Vəliyevə dedim ki, filankəs məni çağırır. Soruşdu ki, niyə? Dedim, bilmirəm. Nə isə, getdim. Direktorun otağına girəndə mənə orada nakişi hərəkəti elədi. Yusif biləndə ki, o məni niyə çağırıb, gedib onunla dava elədi, başını vurub yardı. Sonra Adil İsgəndərov yoldaşıma dedi ki, gərək eləməzdin, belə davranış sənə yaraşmır, Kinostudiyanın adı üçün də pisdir. Bir sözlə, mənə qarşı olan soyuqluğun səbəbi bunlar idi.

Gənc rejissorlara dəstək məqsədilə filmlərinə çəkilmişəm

- Həmin adam hansısa cəza aldı?

- İşdən çıxardılar.

- Leyla Şıxlinskaya ilə aranızda mübahisə olub?

- Yox, aramızda heç nə baş verməyib, amma əlaqəmiz də olmayıb. Bir filmdə çəkilsək də, münasibətimiz olmayıb. Mənim heç bir aktrisa ilə intriqam olmayıb.

- Bəs dostuq etdiyiniz aktrisalar olub?

- Olub, indi də var.

- Kimlərdir?

- Həmidə Ömərova, Sona Mikayılova, Gülzar Qurbanova.

- Gənclərdən yoxdur?

- Axı məni indi çəkmirlər ki, tanış olum gənclərlə. Gənc rejissorlar olub ki, ilk işləri olduğuna görə təmənnasız dəstək məqsədilə gedib çəkilmişəm. Amma gəncləri tanımaq üçün onlarla işləmək lazımdır.

Bu vaxt üzünü fotoqrafımız İlkinə tutub deyir:

Oğlum, sən məni çəkirsən, saçım zadım pis gündədir.

- Sizin gözəlliyinizə heyranıq vallah.

- Yalan deyirsən (gülür).

- Mən sizin yaşınızda sizin kimi gözəl qalan az qadın görmüşəm.

- Bu oldu başqa məsələ (gülür).

İslam Səfərli atama dedi ki, sən bilirsən, qızının nə boyda istedadı var?!

- Sonuncu rol aldığınız film hansı olub?

- Ən sonuncusu “Qış nağılı” filmi olub, gənc rejissor var Pərviz, onun filmi idi. 2019-cu ildə çəkilmişəm.

- Altı ildir təklif yoxdur?

- Bəyəm Azərbaycanda film çəkilir? Azərbaycanda film yoxdur. Hər halda mən görmürəm. Əlim-ayağım üstümdə, ağlım başımda, danışığımı bilirəm, amma dəvət edən yoxdur. Dəvət etsələr, məmnuniyyətlə çəkilərəm.

- İqtisadiyyatdan aktrisalığa sizi nə gətirdi?

- Mən uşaqlıqdan aktrisa olmağı arzulamışam. Hər dəfə Mədəniyyət və İncəsənət İnstitutunun qarşısından keçəndə ağlayırdım ki, məni bura girməyə qoymadılar. Mən də bir il heç bir yerə sənəd vermədim, amma sonra təki diplom olsun, evdəkilər əl çəksin deyə o vaxtı Azərbaycan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə daxil oldum. Yarım il oxuyandan sonra rəhmətlik Rahib Hüseynovun yanına getdim. Dedi ki, xarici görünüşün yarayır, amma aktrisa bacarığını yoxlamaq üçün gərək sənətkarlar baxsın. Sonra Adil İsgəndərovu, Məlik Dadaşovu, Müxlis Cənizadəni, daha bilmirəm kimləri çağırdı. Mən orada monoloqlar dedim, şeirlər oxudum. Dedilər ki, bizim teatr sizin kimi aktrisa üçün ağlayır, mütləq gəlin. Mən də sənədlərimi götürüb verdim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna.

- Ora qəbul olunmağınızı evdəkilər arasında birinci kim bildi?

- Əvvəlcə bacım bildi, sonra anam, atam.

- Hansı reaksiyanı verdilər?

- Nə etsinlər, artıq sənədlərimi vermişdim, qəbul da olmuşdum.

- Atanızla bu barədə söhbətiniz olmadı?

- Yox, atam bilirdi ki, mənim həvəsim var. 14 yaşım olanda Tibb işçiləri evi var idi, orada dram dərnəyi keçirilirdi, mən də orada iştirak edirdim. Bir dəfə həmin dərnəkdə İslam Səfərlinin “Göz həkimi” tamaşasında oynamışam, İslam Səfərli özü də zalda olub. Günlərin bir günü atamla yolu keçəndə İslam Səfərliyə rast gəldik, atamla dost idi rəhmətlik. Atam deyəndə ki, mən onun qızıyam, İslam müəllim qayıtdı ki, sən bilirsən, qızının nə boyda istedadı var?! Bu qız aktrisa olmalıdır. Çünki mən 14-15 yaşımdan Səməd Vurğunun “Vaqif” əsərini əzbər bilirdim. Başqa monoloqları da əzbərləmişdim.

- Atanız İslam Səfərliyə hansı cavabı verdi?

- Atamda dedi ki, yox, aktrisa olmaz.

- Sonralar aranızda inciklik olmadı atanızla?

- Yox, qismətdir də. Nə etmək olar?

- İqtisadda dərslərinizi necə oxuyurdunuz?

- Tənbəllik etməsəm, yaxşı oxuyurdum. Mən riyaziyyatı uşaqlıqdan yaxşı bilirəm, amma özümü heç vaxt iqtisadçı kimi təsəvvür etməmişəm. Amma sizə deyim, haqq-hesabı gözəl bilirəm (gülür).

- Uşaqlıq arzunuza çatmısınız demək olar?

- Çatmışam, amma əfsus ki, məni lazımınca çəkmədilər. Hamı deyirdi, kameraya çox yaraşırsan, hər bir rakursdan səni çəkmək olur. Hər bir obrazı da oynaya bilirəm, universitet vaxtı mənim kimi sakit biri üçün tam əks rollar oynamışam. Müəllimlərim inanmırdı ki, mən həmin rolları necə belə yaxşı oynayıram. Ümumiyyətlə, obrazın xarakterini yaxşı mənimsəmək bacarığım var.

Rejissorların məni filmə çəkməyi çox çətin başa gəlirdi

- 40-dan çox filimə çəkilmisiniz. Yəni düşünürsünüz daha artıq ola bilərdi?

- Bəli, çox ola bilərdi, qoymurdular.

- Kimlər qoymurdu?

- Cəmil Əlibəyov var idi, kinostudiyanın direktoru idi. Ona yuxarıdan tapşırıq vermişdilər ki, məni heç bir filmə çəkilməyə, dublyaja girməyə qoymasınlar. Hətta Kinostudiyadan çıxartmaq da istəyirdi.

- Sizcə niyə elə bir tapşırıq verilmişdi?

- Gözəllərin başı bəlalı olur deyirlər. Vicdansız adamlar təəssüf ki, çoxdur, incəsənət aləmində isə xüsusi ilə çoxdurlar.

- Sizə qarşı maneələr ola-ola 49 filmə çəkildiniz.

- Hələ rejissorlar məni çətinliklə çəkirdilər. Məsələn, Oqtay Mirqasımov məni filmə çəkəndə dedi ki, ssenarini Zemfira xanım üçün yazmışam, onun yerinə başqa aktrisanı təsəvvür edə bilmirəm. Rejissorların məni filmə çəkməyi çox çətin başa gəlirdi.

- Sizcə mane olmaqlarında başqa səbəblər ola bilər?

- Yoldaşım təzəcə vəfat etmişdi, mən iki uşaqla tək qalmışdım. O qədər pis niyyətli, insafsız adamlar var idi ki... Yoldaşım rəhmətə gedəndən sonra evimə elçilər də gəldi, xəbər də göndərdilər. Atam da, anam da istəyirdi ki, evlənim, 40 yaşım var idi onda. Gələnlərin içində vəzifəli adamlar da vardı, amma mən həmişə deyirdim ki, mənim qızım var. Qızı olan ana ərə getməz.

- Sizin sənətdə qarşınızı alan adamın kimliyini bilirdiniz?

- Bəli, bilirəm. Onun göstərişi ilə Kinostudiyanın rəhbəri məni işdən çıxartmaq istəyirdi, çəkilməyə və dublyajlara girməyə qoymurdu. O bir nəfərin sözü kifayət edirdi ki, mənim qarşıma keçsinlər. Təsəvvür edin, neçə film olub ki, sınaq çəkilişlərində oynamışam, bəyənilmişəm, amma sonradan məni çəkməyiblər.

Yusif Vəliyevi ətrafı bilə-bilə içirdirdi

- Sizi israr edib çəkən rejissorlara sonradan təzyiqlər olurdu?

- Çox şeylər olurdu, oğlum.

- Yoldaşınız Yusif Vəliyevlə necə tanış olmusunuz?

- Mən institutu bitirib Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrına gələndə orada Yusiflə tanış oldum. Heç bir ay keçmədi ki, Yusif mənə evlilik təklif etdi. Amma evdəkilər razı deyildi deyə, söhbət bir az uzandı.

- Evdəkilərin razı olmamaqlarına səbəb nə idi?

- Yaşca məndən böyük idi. Yusif məndən 22 yaş böyük idi. Amma mən artıq bir dəfə ailə qurub ayrılmışdım. 24 yaşımda ikinci dəfə Yusiflə ailə qurdum.

- İlk yoldaşınızdan çoxdan ayrılmışdınız?

- Hə, üstündən xeyli keçmişdi. Çox az müddət bir yerdə yaşadıq, heç 1 il olmadı. Ayrılanda oğlum 6 aylıq idi.

- Nə əcəb 22 yaşında ailə həyatı qurmağa razılaşmışdınız? Evdən məsləhət görmüşdülər, yoxsa özünüz istəmişdiniz?

- Yox özüm istəmişdim. Çox gənc idim, onda 18 yaşım var idi.

- Birinci yoldaşınız nə işlə məşğul idi?

- Mühəndis idi.

- Necə tanış olmuşdunuz?

- Qonşumuz idi.

- Niyə ayrıldınız?

- Bilirsiniz, insanla bir damın altında yaşayanda daxilindəki bütün çatışmazlıqlar üzə çıxır. İnsanı tanımaq üçün gərək bir damın altında yaşayasınız. Görüşəndə, nişanlı vaxtı tanımaq olmur.

- Yusif Vəliyev necə bir həyat yoldaşı idi?

- Yox, Yusif də ideal deyildi, onun da çatışmayan tərəfləri var idi. Amma 15 il bir yerdə yaşamışıqsa, deməli yola getmək olurdu.

- Spirtli içki içirdi Yusif müəllim?

- İçirdi. Bir az da ətrafı bilə-bilə içirdirdi. Paxıllıqdan içirdənlər çox idi.

- İçib xətrinizə dəymirdi?

- Olurdu, hər şey olurdu. Küssək də, barışsaq da, o, mənsiz qala bilmirdi, mən də onsuz.

- Müsahibələrinizin birində qeyd edirsiniz ki, Yusif məni qoruyurdu. O, sizi nədən qoruyurdu?

- O, mənə həmişə deyərdi ki, səni dünyanın o başına da tək buraxaram, sənə o qədər inanıram. Amma ətrafdakı adamlara inanmıram. İstəmirəm ki, sənin adına söz çıxartsınlar. Baxın, məni belə qoruyurdu.

- Yusif müəllimlə Adil İsgəndərov arasındakı soyuqluq nədən qaynaqlanırdı?

- Bayaq dediyim məsələyə görə olmuşdu. Yusif mənim üçün Kinostudiyada dalaşdı, Adil İsgəndərov da Yusifə dedi ki, gərək belə şey eləməzdin. Ondan sonra aralarında soyuqluq yarandı.

Mən 60 ildir ekrandayam, amma heç ev də ala bilmədim

- Yəni ona qədər münasibətləri yaxşı idi?

- Əlbəttə.

- Sonuncu dəfə Kinostudiyada nə vaxt olmusunuz?

- (Köks ötürür) 40 il olar.

- İndiki halı sizi narahat edir?

- Əlbəttə, narahat edir. Bu saat oranın dəhlizini küləklər doldurur. Hazırda kino yoxdur.

- Niyə kino yoxdur?

- Pul yoxdur. Hökumət gərək imkan yaratsın ki, filmlər çəkilsin.

- 86 yaşınız ərəfəsində Xalq artisti adı gözləyirdiniz?

- Xalq artisti adını artıq gözləsəm də vaxtı keçib. Onu mən çox-çox əvvəllər almalı idim. Məni Mədəniyyət Nazirliyi seçim qarşısında qoydu: ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən? Təbii ki, mən Prezident təqaüdünü seçdim, çünki 250 manat pensiya ilə dolanmaq mümkün deyildi. Xalq artisti adı da qaldı. İndi isə heç kimə ad vermirlər. Mən 60 ildir ekrandayam, amma heç ev də ala bilmədim, indi də qızımın yanında yaşayıram.

- Sizə kim dedi fəxri adlar daha verilmir?

- Mənə mədəniyyət naziri Adil Kərimli şəxsən dedi ki, artıq heç kəsə fəxri ad verilmir, bu sistem ləğv olunub...

Poliqon.info

Chosen
15
50
poliqon.info

10Sources