EN

Reabiltasiya Mərkəzinin direktor və işçiləri yenidən məhkəmə qarşısında

Abşeron rayonunun Novxanı qəsəbəsində fəaliyyət göstərən "Uğur Yolu” Reabiltasiya Mərkəzinin direktor Şamil Minyayev və işçiləri Elman Mehdiyev ilə Turxan Allahverdiyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılır.

 

İttihama görə, hər üç şəxs mərkəzə məcburi müalicəyə gətirilmiş gəncin ölümünə görə ittiham olunublar.

 

Məlumata görə, "Uğur yolu” narkotik və digər asılılıqlardan reabilitasiya mərkəzi kimi fəaliyyət göstərir. Mərkəzdə 12 addım proqramı ilə müalicə tətbiq olunur.

 

Belə ki, 2023-cü ildə reabilitasiya mərkəzində özünü hovuza atan gəncin ölməsi ilə bağlı məlumat yayılmışdı. İstintaqla müəyyən olunub ki, hovuzdan çıxarıldıqdan sonra vəfat edən 27 yaşlı Roma Fataxov elə həmin gün məcburi reabilitasiyaya cəlb edilibmiş. İstintaq materiallarında yazır ki, Romanın yaxınları mərkəzə müraciət edərək onun məcburi müalicəyə cəlb edilməsini istəyiblər. Roma özü isə ailəsindən ayrı evdə yaşadığı üçün bundan xəbərsiz olub. Ailə üzvləri ilə əməkdaşlar arasında razılaşma belə olub ki, Roma evdən çıxan kimi tutulub mərkəzinə gətirilsin.

 

Qanun pozuntusu da elə buradan başlayıb. Direktor Minyayev və işçiləri narkotik asılılığından əziyyət çəkən gəncə özlərini polis əməkdaşları kimi təqdim edərək onu avtomobilə mindiriblər. Roma mərkəzə çatdıqdan sonra nə baş verdiyini anlayıb. O, yüksək səslə qışqıraraq müqavimət göstərib. Üstündən bir neçə dəqiqə keçdikdən sonra Roma mərkəzin içi su ilə dolu hovuzunda halsız vəziyyətdə aşkar edilib. Dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Həkim rəyinə əsasən, zərərçəkmiş şəxsin ölümünə səbəb tənəffüs yollarının su ilə tutulması nəticəsində əmələ gəlmiş mexaniki asfiksiya səbəb olub.

 

Hadisəyə görə, Şamil Minyayevə Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma), digərlərinə isə 32.5, 309.2-ci (vəzifə saxtakarlığına cəhd) maddəsi ilə ittiham verilib.

 

Amma müttəhimlər heç biri özlərini təqsirli bilməyiblər.

 

Romanın yaxınları isə təqsirləndirilən şəxslərdən ikisindən-Şamil və Turxandan şikayətçi olublar. Üçüncü şəxsi tanımadıqlarını deyiblər.

 

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə mərkəzin direktoru Şamil Minyayev 4 il, Turxan Allahverdiyev 3 il azadlıqdan məhrum edilib. Elman Mehdiyevə isə şərti cəza verilib. O,  məhkəmə zalından azadlığa buraxılıb.

 

Kamal Məmmədov

 

 

Tarix: 3 İyul 2025, 09:11   
Chosen
64
46
pravda.az

10Sources