EN

Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilib

İyulun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Laçın şəhərində ilk dəfə olaraq İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Həftəsi çərçivəsində ECO-nun Qadınlar Forumu təşkil edilib.

AZƏRTAC-ın Laçına ezam olunmuş müxbiri xəbər verir ki, forumun əsas məqsədi qadınların bütün sahələrdə imkanlarının artırılması üçün ECO ölkələrində sektorlararası əməkdaşlığı təşviq etmək, eləcə də təşkilatın əhatə etdiyi regionda dayanıqlı, inklüziv və davamlı cəmiyyətlərin formalaşmasında onların rolunu vurğulamaq və gücləndirməkdən ibarətdir.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq ECO Həftəsinin və Qadınlar Forumunun Qarabağ və Şərqi Zəngəzurda keçirilməsini tarixi hadisə adlandırıb. Komitə sədrinin sözlərinə görə, ECO kimi vacib regional format çərçivəsində Qadınlar Forumunun təşkili qadınlar arasında davamlı inkişaf və iqlimə dayanıqlı gələcəyin qurulması sahəsində sistemli və davamlı regional əməkdaşlığın başlanğıcı ola bilər.

O diqqətə çatdırıb ki, qadınların iqtisadi imkanlarının artırılması və sosial rifahının təmin olunması cəmiyyətin ümumi inkişaf səviyyəsinin göstəricisidir: "Biz inanırıq ki, qadınların iqtisadi müstəqilliyi olmadan onların sosial və siyasi güclənməsindən danışmaq mümkün deyil. Odur ki, Azərbaycan daim bu sahədə mühüm təşəbbüslərlə çıxış edir və bu sferada müsbət təcrübəsini paylaşmağa hazırdır. Ölkəmizdə qadın sahibkarlığının inkişafı üçün güzəştli maliyyə alətləri, bacarıqların artırılması proqramları, kənd yerlərində qadın əməkdaşlığını gücləndirən kooperativ modelləri geniş vüsət alıb. Eyni zamanda, qadınların təhsilə çıxışı, elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində də ölkəmiz ciddi nəticələr əldə edib”.

Daha sonra B.Muradova bildirib: “Cəmiyyətin inkişafını qadınsız təsəvvür etmək olmaz”, - deyən Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanda qadın siyasətinin müəllifi və banisidir. Məhz Ümummilli Liderin hakimiyyətə gəlişindən sonra Azərbaycanda dövlət strukturlarında və ictimai işlərdə qadınlar irəli çəkilib. Bunun nəticəsidir ki, 1998-ci ildə Ulu Öndər Azərbaycanda qadınlarla bağlı siyasətin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi üçün Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Fərman imzalayıb. Qadın məsələlərinin həlli sahəsində Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın göstərdikləri diqqət və qayğı ölkəmizdə qadınların ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakını təşviq edən nümunəvi dövlət siyasətinin təzahürüdür. ECO Qadınlar Forumu bu baxımdan mühüm bir mexanizm ola bilər. Biz bu çərçivədə qadınların regional iqtisadi layihələrdə iştirakını təşviq edə, təhsil və rəqəmsal bacarıqlar üzrə ortaq təşəbbüslər yarada, gənc qadın liderlər üçün yeni platformalar açan bir əməkdaşlıq mərkəzi ola bilərik. Azərbaycan digər çoxtərəfli formatlar çərçivəsində olduğu kimi, ECO müstəvisində də qadınların dayanıqlı inkişaf sahəsində əməkdaşlığının tərəfdarıdır. Həmin platforma, eyni zamanda, 2025-ci ildə başa çatan ECO-nun Baxış sənədinin davamı kimi və 2026–2035-ci illəri əhatə edəcək yeni inkişaf strategiyasının işlənib hazırlanmasında mühüm rol oynaya bilər. İnanıram ki, bu forumun nəticələri ECO-da yeni səhifə açacaq və biz bu yolda tərəfdaşlarımızla çiyin-çiyinə irəliləyəcəyik".

ECO-nun Baş katibinin müavini Silapberdi Nurberdiyev ECO-nun gender bərabərliyinin təmin olunması istiqamətində mühüm addımlar atdığını və qadınların dəstəklənməsində çox israrlı olduğunu bildirib. Onun sözlərinə görə, forum qadınların güclü iqtisadi cəmiyyətin qurulmasındakı rolunu bir daha ortaya çıxaracaq. “Qadınlara təkcə ənənəvi deyil, müasir sahələrdə də dəstək göstərilməli, onların rəqəmsal bacarıqları artırılmalıdır. Artıq təşkilatın qadınların texnologiya sahəsində inkişafı ilə bağlı planları da hazırdır”, - deyə o diqqətə çatdırıb.

Özbəkistanın Baş nazirinin müavini, Ailə və Qadın Komitəsinin sədri Zulayxo Maxkamova ECO-ya üzv dövlətlərdə qadınların ekoloji fəallığının artırılması məqsədilə müsabiqənin təşkil olunmasını və ilk belə tədbirin Özbəkistanda keçirilməsini təklif edib. Onun sözlərinə görə, qadınların təhsil, elm, iqtisadi sahələrdə inkişafı regional dayanıqlılığa imkan verəcək. "ECO Həftəsi çərçivəsində keçirilən ilk Qadınlar Forumunun təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edirəm. Forum rəhbər qadınlar arasında dialoqun qurulması üçün mühüm platformaya çevriləcək", - deyə Özbəkistanın Baş nazirinin müavini bildirib.

BMT Baş katibinin müavini, təşkilatın Dayanıqlı İnkişaf Qrupunun sədri Amina Mohammed videomüraciətində ECO-nun Qadınlar Forumunun sadəcə görüş deyil, həm də bir dialoq, bəyanat olduğunu vurğulayıb. "Qadınlar innovasiya və yaşıl iqtisadiyyatda vacib rol oynamalı, təhsilə transformasiya etməli, öz ölkələrində aparıcı qüvvə olmalıdırlar. Bu, bizim üçün prioritetdir. Əgər cəmiyyətdə dəyişikliklərə nail olmaq istəyirsinizsə, qadınların təhsilə çıxışı təmin edilməlidir. Onlar dövlət xidmətlərində, özəl sektor və sahibkarlıqda da fəal olmalıdırlar. Çünki qadınlar gələcəyi formalaşdırırlar. Gender bərabərliyinin təmin edilməsi vacibdir. Ötən ilin sentyabrında BMT çərçivəsində bununla bağlı xüsusi sənəd qəbul etmişik. Sənəd qadınların dayanıqlı inkişafının təmin olunmasındakı rolundan bəhs edir. Bu ilin oktyabr ayında BMT çərçivəsində növbəti forum keçiriləcək. Bu, bizim aramızda həmrəyliyin təzahürü olacaq. Biz transformativ dəyişikliklərə birlikdə nail olacağıq. Bir yerdə bu məsələnin öhdəsindən gələ, daha inklüziv və ədalətli cəmiyyət qura bilərik. Göstərdiyiniz rəhbərlik keyfiyyətlərinə görə minnətdaram", - deyə A.Mohammed bildirib.

Foruma videomüraciətində dünyanın bir sıra problemlərlə üzləşdiyini vurğulayan BMT-nin Baş katibinin müavini, təşkilatın Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının İcraçı katibi Armida Salsiah Alisjahbana deyib: "Elə dövrdə yaşayırıq ki, böhranlar çoxdur, ekosistemlər məhv olur, iqtisadiyyatda qeyri-aydınlıq mövcuddur. Düşünürük ki, bu məsələlərlə bağlı çağırışları öz imkanlarımıza çevirməliyik. Rəhbərlik keyfiyyətlərimizi, bacarıqlarımızı və innovasiya ilə bağlı olduğumuzu nümayiş etdirməliyik. Bu gün Asiya və Sakit Okean regionu üzrə qadınların fəaliyyəti ilə yaxından maraqlanır və onların innovasiyaya çıxışının təmin edilməsi üçün çalışırıq. Bütün bu işlərin həyata keçirilməsində bir maneə var: maliyyələşmə. Regionumuzda qadınların, o cümlədən gənc qızların yalnız 7 faizinin innovasiyaya çıxışı var. Son illər 90 milyon dollar vəsait ayıraraq 2 minə qədər ailəyə yardım göstərmişik ki, onlar yaşıl iqtisadiyyatın bir hissəsinə çevrilsinlər, xüsusilə onların regional bazarlara çıxışları olsun. Bu, həm də onu göstərir ki, qadınlar artıq rəqəmsal iqtisadiyyatın bir hissəsinə çevrilirlər. Bakıda irəli sürülmüş təşəbbüs əsasında düşünürük ki, iqlimlə bağlı müxtəlif həll variantlarını tapacaq, vəsaitlərin mənbələrini müəyyən edəcəyik. Belə uğurlu təşəbbüslər dayanıqlı gələcəyi təmin etmək üçün çox əhəmiyyətlidir. Forum gözəl bir fürsətdir ki, belə bir strategiyalara nəzər salaq, səylərimizi gücləndirək, qadınlar üçün imkanlar yaradaq. Bu yaxınlarda Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın ikinci sessiyası keçiriləcək. Azərbaycan həmin sessiyada xüsusi təşkilatçı rolunu oynayacaq. Orada Asiya və Sakit Okean regionu üzrə iqlimlə bağlı müxtəlif həll variantlarının açıqlanmasını gözləyirik. Bir yerdə işləməli və irəli getməliyik ki, dayanıqlı gələcəyi quraq".

Sonra "Hənifə Məlikova - Zərdabi qızların təhsili təqaüd proqramı" adlı film nümayiş etdirilib.

Forum "İqlimə dayanıqlılıq üçün insan inkişafında qadınların rolu", “Şəhərsalmanın inkişafında qadınların rolu" və "Dayanıqlı inkişafda qadınların rolu" mövzularında panel sessiyalarla davam edib. Panel sessiyalar zamanı “İqlim davamlılığı üçün insan inkişafında qadınların rolu”, “Təhsil vasitəsilə qadınlar, o cümlədən qızlar üçün imkanların artırılması”, “Rəqəmsal inklüzivlik: innovasiyalar və təcrübə mübadiləsi” və digər mövzular müzakirə olunub.

Yekunda çıxış edən AQUPDK-nın sədri B.Muradova forumun fərqli mövzularda baş tutan və sektorlararası əməkdaşlığı təşviq edən yeni, faydalı dialoq formatına çevrildiyini vurğulayıb. Qadınların regional və qlobal inkişaf proseslərində lider rolunun gücləndirilməsi naminə baxışların, ortaq iradənin formalaşmasına təkan verdiyini və onların regional həmrəyliyin parlaq təcəssümü olduğunu deyib. "Biz - müxtəlif ölkələrdən olan fikir liderləri, siyasətçilər, beynəlxalq qurumların nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçiləri bir araya gələrək, qadınların yaşıl gələcək naminə potensialını necə daha yaxşı səfərbər edə biləcəyimizi müzakirə etdik. Ortaq dəyərlər üzərində gələcək üçün birgə niyyətlərimizi müəyyənləşdirdik. Bir daha əmin olduq ki, ECO regionunda qadınların bilik, bacarıq və liderlik potensialı dayanıqlı inkişaf proseslərinin mərkəzində yer almalıdır. Bütün panel sessiyalarda səslənən fikirlər, təcrübə paylaşımı və tövsiyələr sübut etdi ki, təhsil, sağlamlıq, yaşıl iqtisadiyyat, rəqəmsal transformasiya və şəhərsalma kimi sahələrdə qadınların liderliyinin təşviqi sosial və iqtisadi rifahın təminatı üçün əsas şərtdir. Forum bir daha göstərdi ki, qadınların hərtərəfli inkişafına göstərilən diqqət gələcəyə əhəmiyyətli sərmayə olmaqla yanaşı, həm də inklüziv inkişafa böyük töhfədir. Azərbaycan olaraq, biz bu prinsiplərə sadiqik və inanırıq ki, qadınların gücləndirilməsi həm milli inkişaf, həm də bugünkü qlobal çağırışlara cavab vermək baxımından çox vacibdir. Əmin edirəm ki, Azərbaycan dövləti bu istiqamətlərdə səyləri davam etdirəcək, irəli sürdüyümüz təşəbbüsləri konkret nəticələrə çevirməyə çalışacaq".

Chosen
36
50
demokrat.az

10Sources