Regional əməkdaşlıq hər zaman Azərbaycanın əsas prioritetlərindən biri olub. Xüsusilə tarixi və mədəni bağların mövcudluğu fonunda Mərkəzi Asiya ölkələri, o cümlədən regionun siyasi və iqtisadi baxımdan aparıcı aktorlarından biri olan Özbəkistanla ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə xüsusi önəm verilir. Bu istiqamətdə müşahidə olunan müsbət dinamika diqqətəlayiqdir.
Birgə layihələr portfeli 4 milyard dolları ötür
Hazırda Azərbaycan və Özbəkistanda təxminən 300 birgə müəssisə fəaliyyət göstərir. İkitərəfli ticarət dövriyyəsinin artırılması, emal və innovasiya sahələrinin inkişafı, idxalı əvəz edən və yüksək texnologiyalı məhsul istehsalının təşviqi, eləcə də qarşılıqlı investisiyaların cəlbi məqsədilə 2023-cü ilin dekabrında Özbəkistanda “Azerbaijan Uzbek Investment Company” (AUIC) adlı Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti yaradılıb. Daşkənddə yerləşən və 500 milyon ABŞ dolları nizamnamə kapitalına malik olan bu qurumun əsas missiyası müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin kapitalında 49 %-dək paya sahib olmaqla onların genişlənməsinə və inkişafına dəstək verməkdir. Artıq ötən dövr ərzində AUIC ümumi dəyəri 360 milyon ABŞ dolları aşan 15 layihənin maliyyələşdirilməsində iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü ilin avqustunda Özbəkistana dövlət səfəri zamanı imzalanan sənədlər iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni mərhələyə keçməsinə təkan verib. Səfər çərçivəsində “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Özbəkistan Respublikasının İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi arasında 2024–2025-ci illər üçün Ticarət-iqtisadi və İnvestisiya Əməkdaşlığının Genişləndirilməsinə dair Yol Xəritəsi” qəbul edilib.
Bundan əlavə, ümumi dəyəri 520 milyon ABŞ dolları olan 7 layihə üzrə razılaşmalar imzalanıb. Bu layihələrin sırasına Daşkənddə yaşayış kompleksi, beşulduzlu mehmanxana və premium sinif rezidensiyanın inşası, Qaşqadərya vilayətində gündəlik 350 ton gücündə gips və gips-karton məhsulları istehsalı zavodunun tikintis, Yevlax və İmişli rayonlarında pambıq becərilməsindən son məhsula qədər bütün mərhələləri əhatə edən tekstil klasterinin yaradılması, Füzuli rayonunda Azərbaycan–Özbəkistan dostluq bağının salınması və Xankəndidə toxuculuq fabrikinin inşası daxildir.
Qeyd edək ki, Xankəndidəki toxuculuq fabriki artıq fəaliyyətə başlayıb. Layihənin ilkin mərhələsində peşəkar təlim keçmiş 250 nəfər işlə təmin olunub. Ümumilikdə müəssisədə 1 000-ə yaxın daimi iş yerinin yaradılması planlaşdırılır. Fabrikdə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan sakinlər çalışacaq. Burada istehsal ediləcək məhsulların Avropa və ABŞ bazarlarına ixracı nəzərdə tutulur.
Ticarət dövriyyəsi 1 milyard dollara doğru artır
Azərbaycan ilə Özbəkistan arasında ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məqsədi daşıyan “Yol Xəritəsi”nin praktiki tətbiqi artıq real nəticələr verməyə başlayıb.
Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 252,1 milyon ABŞ dollarına çataraq tarixi maksimum səviyyəyə yüksəlib. Bu, 2023-cü illə müqayisədə 41 %, son onillikdə isə 15 dəfədən çox artım deməkdir. Artım dinamikası bu ilin ilk aylarında da davam edib: 2025-ci ilin yanvar-aprel aylarında ticarət dövriyyəsi 170,3 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur.
Bu ilin ilk 4 ayında Azərbaycan bu ölkəyə 3,2 milyon dollarlıq alüminium ərintiləri, 1,6 milyon dollarlıq qara metaldan borular, 1,2 milyon dollarlıq kərə yağı, 1,13 milyon dollarlıq minik avtomobilləri, 625 min dollarlıq pərakəndə satış üçün qablaşdırılmış uşaq yeməkləri, 606 min dollarlıq təzə alma, 543 min dollarlıq badam, 412 min dollarlıq meşə fındığı, 342 min dollarlıq mis filizləri və konsentratları, 336 min dollarlıq lak və boya məhsulları, 285 min dollarlıq polietilen, propilen və polipropilen, 283 min dollarlıq traktorlar, 266 min dollarlıq sürtkü yağları, 238 min dollarlıq heyvan yemləri, 194 min dollarlıq nişasta, 174 min dollarlıq pambıq yağı və sair məhsullar satıb.
Eyni dövrdə Özbəkistandan Azərbaycana 95,32 milyon dollarlıq qızıl, 7,94 milyon dollarlıq tütün, 7,4 milyon dollarlıq pambıq ipliyi, parçalar, xovlu örtüklər, 5,24 milyon dollarlıq yunan qozu, 4,98 milyon dollarlıq avtomobil kuzovları, 4,87 milyon dollarlıq mis məftil, boru və folqa, 4,33 milyon dollarlıq qurudulmuş meyvələr (üzüm, ərik, qara gavalı, digər), 3,4 milyon dollarlıq daxiliyanma mühərriklər, 1,9 milyon dollarlıq quş yumurtası, 1,49 milyon dollarlıq kişi və qadın geyimləri, 1,32 milyon dollarlıq qurudulmuş lobya, 1,25 milyon dollarlıq kağız məmulatları, 893 min dollarlıq yer fıstığı, 824 min dollarlıq soğan, 819 min dollarlıq soyuducu və dondurucular, 796 min dollarlıq yataq, stol, mətbəx və digər mebel məmulatları, 746 min dollarlıq şokolad məmulatları, 734 min dollarlıq toyuq əti, 641 min dollarlıq mebel, 515 min dollarlıq kondisionerlər, 480 min dollarlıq elektrik qızdırıcı cihazları və sair məhsullar idxal edilib.
Son bir il ərzində iki ölkə arasında ticarət nomenklaturasında da genişlənmə baş verib. İlk dəfə olaraq Azərbaycandan Özbəkistana təbii bal, mineral su, barama və kərə yağı ixrac olunub. Eyni zamanda, Özbəkistandan Azərbaycana ilk dəfə toyuq əti, pambıq toxumu, qum, konteyner, qızıl və əncir tədarük edilib.
Hazırkı dinamika göstərir ki, qarşılıqlı ticarət dövriyyəsi yaxın illərdə 1 milyard ABŞ dollarına çatmaq potensialına malikdir.
“Yaşıl enerji” - əməkdaşlığın yeni strateji istiqaməti
Azərbaycanda qeyri-neft sektorunun inkişafı və dayanıqlı iqtisadi artımın təmin olunması baxımından “yaşıl enerji” strategiyasının reallaşdırılması mühüm əhəmiyyət kəsb edir. Avropa və Asiya arasında körpü rolunu oynayan Azərbaycanın enerji sistemlərinin Mərkəzi Asiya ilə inteqrasiyası isə həm strateji, həm də tarixi əhəmiyyət daşıyır.
2024-cü ilin noyabrında Bakıda keçirilən COP29 tədbiri çərçivəsində Azərbaycan, Özbəkistan və Qazaxıstan prezidentləri Xəzər dənizi–Qara dəniz marşrutu ilə Avropaya “yaşıl enerji”nin ötürülməsini nəzərdə tutan mühüm saziş imzaladılar. Bu layihə region ölkələrinin bərpa olunan enerji potensialını beynəlxalq bazarlara çıxarmaq baxımından geniş imkanlar açır.
Layihənin icrası çərçivəsində önəmli addımlardan biri Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankının prosesə qoşulması oldu. Bu həftənin əvvəlində isə Azərbaycan Energetika Nazirliyində növbəti əhəmiyyətli irəliləyişə imza atıldı: “Azərenerji” ASC, “Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti” və “Özbəkistanın Milli Elektrik Şəbəkələri” ASC arasında “Azərbaycan–Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi” layihəsinin icrasına xidmət edən “Yaşıl Dəhliz Birliyi” MMC-nin yaradılması barədə sənəd imzalandı.
Bu təşəbbüs Cənubi Qafqaz və Mərkəzi Asiyanın enerji təhlükəsizliyini uzunmüddətli perspektivdə təmin edəcək, həmçinin regionun bərpa olunan enerji potensialının Avropaya daşınmasında etibarlı və dayanıqlı enerji körpüsünə çevriləcək.
Genişlənən əməkdaşlıq yeni müqavilələr, yeni layihələr üçün zəmin yaradıb
Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iyulun 2-də Azərbaycana etdiyi dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın daha da dərinləşdirilməsinə xidmət edən mühüm mərhələ oldu. Səfər çərçivəsində sənaye, tikinti, infrastruktur və istehsal sahələrini əhatə edən çoxsaylı iqtisadi sənədlər imzalandı.
Bu sənədlər arasında quru tikinti qarışıqları və gipsokarton istehsalı, Özbəkistanın Namanqan şəhərində yaşayış evlərinin tikintisi layihələri yer alır. Bundan əlavə, Azərbaycan və Özbəkistan şirkətləri arasında süd məhsulları və məişət kimyası sahələrində istehsal və satış üzrə tərəfdaşlıq, həmçinin yüksək gərginlikli kabellərin istehsalı üzrə əməkdaşlıq müqavilələri imzalanıb.
Daşkənd şəhəri Azərbaycan şirkətləri ilə ümumi məbləği 400 milyon ABŞ dolları olan sazişlərə imza atıb. Səfər zamanı xidmət sahəsində də altı yeni müqavilə bağlanıb. Bunlara Daşkənddə beşulduzlu mehmanxana, yaşayış məhəlləsi və ticarət-əyləncə kompleksinin tikintisi, eləcə də Azərbaycan kapitalı ilə mehmanxana və restoran şəbəkəsinin qurulması layihələri daxildir.
Şübhə yoxdur ki, bu istiqamətlər üzrə birgə fəaliyyət iki ölkənin biznes subyektləri arasında qarşılıqlı əlaqələri möhkəmləndirəcək, iqtisadi və ticarət münasibətlərini daha da stimullaşdıracaq.
Tərəfdaşlıqdan strateji inteqrasiyaya doğru
Azərbaycan ilə Özbəkistan arasında formalaşan əməkdaşlıq modeli ikitərəfli iqtisadi maraqlarla yanaşı geniş regional inteqrasiyaya xidmət edir. Siyasi iradə, qarşılıqlı etimad və tamamlayıcı iqtisadi imkanlar bu əməkdaşlığı yeni keyfiyyət mərhələsinə çıxarır. Ticarət dövriyyəsindəki rekord artım, birgə investisiya layihələrinin genişlənməsi, sənaye və xidmət sahələrində dərinləşən tərəfdaşlıq, "yaşıl enerji" dəhlizinin reallaşdırılması iki ölkənin regional və beynəlxalq iqtisadi sistemlərdə daha fəal rol oynamasına zəmin yaradır.
Azərbaycan–Özbəkistan münasibətləri artıq sadəcə dostluq və əməkdaşlıqdan ibarət deyil, bu münasibətlər strateji transformasiya mərhələsinə qədəm qoyur. Mövcud potensial düzgün qiymətləndirildiyi və ardıcıl şəkildə gerçəkləşdirildiyi təqdirdə, qarşıdakı illərdə bu əməkdaşlıq Cənubi Qafqaz və Mərkəzi Asiyanın inkişafında nümunəvi modelə çevrilə bilər.