Musavat.com xəbər verir ki, Azərbaycandan olan Aziz Abbasov Rusiya hüquq-mühafizə orqanları tərəfindən iyulun 19-dək ilkin istintaq təcridxanasına yerləşdirilib.
Bu barədə məlumatı Yekaterinburqda çalışan jurnalist Dmitri Antonenkov yayıb.
Jurnalistin sözlərinə görə, Abbasovun üzərində zorakılıq izləri – xüsusilə göyərmiş yerlər müşahidə olunub. Onun vəkili Zlata Kirsanova isə bildirib ki, Aziz Abbasovun qabırğaları qırılıb və o, beyin silkələnməsi keçirib.
“Bunların hamısı iyunun 27-də saxlanılarkən baş verib”, – deyə vəkil açıqlamasında bildirib.
Rusiya istintaq orqanları Abbasovu 2001, 2010 və 2011-ci illərdə Yekaterinburqda baş vermiş qətl və qəsd hadisələrində iştirakta görə şübhəli bilir. Ümumilikdə bu iş üzrə on nəfərə yaxın şəxs saxlanılıb.
Qeyd edək ki, Yekaterinburqda azərbaycanlılara qarşı son günlərdə artan təzyiqlər və fiziki zorakılıqlar ictimai narahatlıq doğurur. Azərbaycan cəmiyyəti və diaspor təşkilatları bu məsələyə beynəlxalq diqqətin yönəldilməsini tələb edirlər.
Şahanə Rəhimli
Musavat.com