BAKI, TurkicWorld
Nüvə sənayemizi bombalamaqla məhv etmək mümkün deyil.
TurkicWorld xəbər verir ki, İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami son hadisələrlə bağlı dövlət televiziyasına verdiyi açıqlamada bildirib ki, ölkəsinin nüvə sənayesi yerli və milli bir struktur olduğu üçün bombardmanla məhv edilə bilməz.
“Nüvə sənayesini bombalamaqla dayandırmaq mümkün deyil. Bu, milli sənayedir və inkişafı qətiyyətlə davam edəcək”, – deyə İslami bildirib.
İslami həmçinin ABŞ və İsrailin İranın nüvə obyektlərinə hücumlarını pisləyib və bu addımların BMT qətnamələrinə zidd olduğunu vurğulayıb:
“Bu hücumlar beynəlxalq hüquqa ziddir və gücün hüququ əvəz etdiyi bir sistemin göstəricisidir. Güclü deyilsinizsə, sizi heç kim qorumaq istəmir.”
Bu arada, İran parlamenti tərəfindən daha əvvəl qəbul edilən və Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (BAEA) əməkdaşlığın dayandırılmasını nəzərdə tutan qanun prezident Məsud Pezeşkian tərəfindən imzalanaraq bu gün qüvvəyə minib.
Qeyd edək ki, İsrail iyunun 13-də İranın müxtəlif şəhərlərində yerləşən nüvə obyektlərini və yüksək rütbəli hərbi rəhbərləri hədəf alan irimiqyaslı hücumlara başlayıb. Bu hücumlar nəticəsində Baş Qərargah rəisi, SEPAH komandanları və 9 nüvə alimi də daxil olmaqla yüzlərlə insan həlak olub.
İranın verdiyi məlumata görə, ümumi mülki itki sayı 935, yaralı sayı isə 4870-dir. İsrailin isə İranın cavab hücumları zamanı 28 nəfər itki verdiyi, 1272 nəfərin yaralandığı bildirilir.
İyunun 22-də ABŞ da münaqişəyə müdaxilə edərək İranın Natanz, Fordo və İsfahandakı nüvə obyektlərini vurub. Bunun cavabında İran iyunun 23-də Qətərdə yerləşən ABŞ-ın Əl-Udeyd aviabazasını hədəfə alıb.
İyunun 24-də ABŞ prezidenti Donald Tramp İran və İsrail arasında atəşkəs əldə olunduğunu açıqlayıb.