İran prezidenti Məsud Pezeşkian ölkəsinin Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əməkdaşlığının dayandırılmasını təsdiqləyib. Oxuməni.az xəbər verir ki, “DW” İran dövlət televiziyasına istinadla verdiyi məlumata görə, prezident parlamentin əvvəllər qəbul etdiyi müvafiq qanunu imzalayıb.
İranlı qanunvericilər bir həftə əvvəl BAEA ilə əməkdaşlığı dayandırmaq qərarına gəliblər. Ölkənin nüfuzlu siyasi qurumu Keşikçilər Şurası ötən cümə axşamı qərarı təsdiqləyib. Almaniyanın xarici işlər naziri Yohann Wadeful Tehranın BAEA ilə əməkdaşlığı dayandırmaq qərarını “tamamilə yanlış siqnal” adlandırıb. Hətta İranın mühüm müttəfiqi Rusiya da İranın bu hərəkətini bəyənmədi.
BAEA rəhbəri Rafael Grossi, İsrail və ABŞ-ın zərbələrindən sonra İrandakı zədələnmiş nüvə obyektlərinə dəyən ziyanı qiymətləndirmək və zənginləşdirilmiş uran ehtiyatlarını yoxlamaq üçün giriş tələb etsə də, Tehran hökuməti ondan imtina edib.
İran nüvə obyektlərinin təhlükəsizliyi təmin olunmayana qədər BAEA müfəttişlərini ölkəyə buraxmayacağını bildirib. İran parlamentinin spikeri Mohammad Bager Qalibaf deyib ki, nüvə nəzarəti orqanı həmçinin ABŞ və İsrailin hücumlarını pisləməli və İranın nüvə proqramını etiraf etməlidir.
Almaz Həsənli