ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauell prezident Donald Trampın tətbiq etdiyi gömrük tariflərinin faiz siyasətinə təsir etdiyini bildirib. Pauell qeyd edib ki, məhz bu tariflər səbəbilə faiz endiriminə getmək mümkün olmayıb.
Valyuta.az xəbər verir ki, Pauell bu barədə Avropa Mərkəzi Bankının panelində çıxışı zamanı danışıb:
"Tariflərin miqyasını gördükdə gözləmə mövqeyinə keçdik və əsasən, ABŞ üçün bütün inflyasiya proqnozları bu tariflərin nəticəsi olaraq əhəmiyyətli dərəcədə yüksəldi".
FED-in faiz qərarlarında əsas məqsəd inflyasiyanı nəzarətdə saxlamaqdır. Son məlumatlar ümidverici olsa da, mərkəzi bank gömrük tariflərinin iqtisadiyyata təsiri tam aydınlaşana qədər ehtiyatlı davranmağa davam edir. Pauell vəziyyəti belə dəyərləndirib: "Bu halda qeyri-müəyyənlik əsas düşməndir. Qərarlarımız verilərə əsaslanacaq. Hər iclasa ayrıca yanaşırıq. Heç bir iclası əvvəlcədən istisna etmirəm və ya mütləq qərar kimi dəyərləndirmirəm".
Prezident Donald Tramp isə bildirib ki, FED sədri Cerom Pauellin əvəzinə iki və ya üç yüksək vəzifəli namizədi nəzərdən keçirir.
"Air Force One" təyyarəsində jurnalistlərə açıqlama verən Tramp namizədlərin adlarını açıqlamaqdan imtina etsə də, seçimini sentyabr və ya oktyabr aylarında, yəni tez bir vaxtda elan edə biləcəyini təsdiqləyib.
"The Wall Street Journal" qəzetinin məlumatına görə, namizədlər arasında sabiq FED sədri Kevin Varş, Milli İqtisadi Şuranın direktoru Kevin Hasset, ABŞ-ın sabiq maliyyə naziri Skott Bessent, keçmiş Dünya Bankı rəhbəri Devid Malpas və FED sədrinin müavini Kristofer Vallerin adları hallanır.
Paşa Məmmədli