EN

550 milyon əhalini təmsil edən prezidentlər Xankəndinə gəlir

İqtisadi Əməkdaşlıq Təşkilatının XVII Zirvə görüşünün azad edilmiş şəhərdə keçirilməsi mühüm və əlamətdar hadisədir

Xankəndi İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə görüşünü qəbul etməyə hazırdır. Zirvə görüşü 3-4 iyul tarixlərində baş tutacaq. Builki mövzu davamlı inkişaf və iqlimə dayanıqlı iqtisadi əməkdaşlıq barədə olacaq.

Heç şübhəsiz ki, indi beynəlxalq iqtisadi toplantının Xankəndidə təşkili əlamətdar hadisədir. Bu həm də Xankəndini diqqət mərkəzinə gətirir. 30 ildən çox separatizmə yuva olmuş bu Azərbaycan şəhərində heç bir rəsmi tədbir və yaxud beynəlxalq konfrans keçirilməyib. Ordumuz şəhəri xunta rejimindən təmizlədikdən sonra Xankəndidə qanuni idarəetmə qurulub.

1964-cü ildə İran, Pakistan və Türkiyə tərəfindən İnkişaf üçün Regional Əməkdaşlıq (İRƏ) adı ilə üç ölkə arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək məqsədilə yaradılmış təşkilat 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adlandırılıb.

Azərbaycan müstəqillik əldə etdikdən dərhal sonra - 1992-ci ildə təşkilata üzv olub. Hazırda mənzil-qərargahı Tehranda yerləşən İƏT-in 10 üzvü var - Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan, İran.

Hazırda İƏT-ə üzv olan ölkələrdə ümumilikdə 550 milyon əhali yaşayır. Bu o deməkdir ki, təşkilat həm region, həm də istehlakçı potensialı baxımından kifayət qədər ciddi potensiala malikdir. Bu potensialına görə təşkilatın böyük perspektivi olduğu hesab edilir. İƏT üzvləri arasındakı illik ticarət dövriyyəsi 76 milyard dollara çatır.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, İran Prezidenti Məsud Pezeşkianın, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana gələcəyi gözlənilir.

Tədbirdə Əfqanıstanı bu ölkənin baş nazirinin iqtisadi məsələlər üzrə müavini Əbdül Qani Bəradər, Pakistanı baş nazir Məhəmməd Şahbaz Şərif  təmsil edəcək.  Digər ölkələrin rəsmilərinin gəlişi isə qarşıdakı iki gündə məlum olacaq.

Deputat

Günay Ağamalı 

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı “Yeni Müsavat”a bildirdi ki, Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə Görüşünün keçirilməsi Azərbaycanın siyasi, iqtisadi və diplomatik müstəvidə artan nüfuzunun parlaq nümunəsidir: “Bu əhəmiyyətli beynəlxalq tədbirin 30 il separatizmin əsarətində qalmış, lakin 2023-cü ilin payızında həyata keçirdiyimiz antiterror tədbirləri ilə düşmən ünsürlərindən tamamilə təmizlənərək Azərbaycanın suverenliyi tam şəkildə bərpa olunmuş, bu gün isə dövlətimizin qürur rəmzinə çevrilmiş Xankəndidə keçirilməsi dərin siyasi mənaya malikdir. Bu, Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqlarının beynəlxalq ictimaiyyət tərəfindən tam şəkildə qəbul olunduğunun bariz göstəricisidir. Cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan diplomatiyası hərbi qələbənin ardınca döyüş meydanında əldə olunan nəticələri yüksək peşəkarlıqla siyasi müstəvidə rəsmiləşdirməyi bacardı. 10 dövlətin iştirakı ilə keçiriləcək toplantı 550 milyonluq bir coğrafiyanın baxışlarının Xankəndinə yönəlməsi deməkdir. Bu, eyni zamanda Azərbaycanın Cənubi Qafqazda sülhün, qarşılıqlı əməkdaşlığın və dayanıqlı inkişafın təmininə yönəlmiş strateji iradəsinin aydın və rəsmi ifadəsidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət nəticəsində ölkəmiz regionda nəqliyyat, enerji və iqtisadi inteqrasiyanın əsas dayağına çevrilib. Xankəndidə keçiriləcək zirvə görüşü iqtisadi baxımdan, eləcə də, siyasi və ideoloji baxımdan xüsusi önəm daşıyır. Azərbaycanın beynəlxalq nüfuzunun artması, işğaldan azad edilmiş ərazilərimizin yeni inkişaf mərhələsinə qədəm qoyması və bu ərazilərin qlobal əməkdaşlıq mərkəzinə çevrilməsi prosesində bu tədbir əlamətdar mərhələdir. İşğaldan azad olunmuş torpaqların inkişaf konsepsiyasının prioritetlərindən hesab olunan investisiyaların cəlb edilməsi bu tip mötəbər tədbirlərlə  daha da stimullaşacaq. Bu zirvə görüşü Azərbaycanın regionda etibarlı tərəfdaş və sabitlik adası olduğunu bir daha nümayiş etdirəcək və dünya ictimaiyyətinə açıq mesaj verəcək: "Xankəndi Azərbaycanındır və burada yalnız sülh, inkişaf və qanuni dövlət idarəçiliyi hökm sürür".

Rəşad

Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov bu tədbirin daha çox siyasi məna daşımasından söz açdı: “Şübhəsiz ki, İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsi mühüm və əlamətdar bir hadisədir. İƏT hər nə qədər iqtisadi təşkilat olsa da, tədbirin Xankəndidə keçirilməsi siyasi məna daşıyır. İlk növbədə ona görə ki, Xankəndi də daxil olmaqla, işğaldan azad olunmuş torpaqlarımız üzərində suveren hüquqların region və ümumiyyətlə, özündə 550 milyon insanı birləşdirən ölkələr tərəfindən tanınması, qəbul edilməsi və bunun bir daha bəyan edilməsi olduqca əhəmiyyətlidir. İkinci bir tərəfdən İƏT kimi regional münasibətlər sistemində önəmli rol oynayan bir təşkilatın toplantısının Xankəndidə keçirilməsi regionda marağı olan bütün güclərə verilmiş mesaj kimi də qəbul oluna bilər. Özündə Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan, Özbəkistan və İranı birləşdirən İƏT həm region, həm də istehlakçı potensialı baxımından kifayət qədər ciddi potensiala malikdir. Düzdür, mövcud olduğu illər ərzində təşkilat bu potensialı tam ölçüdə reallığa çevirməyə müvəffəq olmayıb. Amma son illərdə bu istiqamətdə aktiv fəaliyyətə şahidlik edirik. Hazırda İƏT üzvləri arasındakı illik ticarət dövriyyəsi 76 milyard dollara çatır. Ölkəmizin keçən il ərzində İƏT-ə üzv dövlətlərlə xarici ticarət dövriyyəsi 7.95 milyard ABŞ dolları təşkil edib. Bunun 77.1 faizi Türkiyənin, 8.1 faizi İranın, 5.9 Qazaxıstanın, 4.8 Türkmənistanın, 3.2 Özbəkistanın, 0.5 faizi Qırğızıstanın, 0.3 faizi Pakistanın, 0.09 faizi Tacikistanın və ən nəhayət, 0.006 faizi Əfqanıstanın payına düşür. Rəqəmlər o qədər böyük olmasa da əsas olan perspektivlə bağlıdır. Perspektiv isə olduqca böyükdür.

Keçən dövr ərzində Azərbaycan “İƏT-ə üzv dövlətlər arasında ticarət əməkdaşlığına dair Çərçivə Sazişi”, “İƏT regionunda tranzit nəqliyyat haqqında Saziş”, “İƏT regionunda investisiyaların təşviqi və qorunması haqqında Saziş” kimi sənədlər imzalayıb. Bu sazişlərin məqsədi üzv dövlətlər arasında iqtisadi əməkdaşlığı gücləndirmək və daxili ticarəti inkişaf etdirməkdir.

İndiki mərhələdə üzv ölkələr arasında istər iqtisadi, istərsə də siyasi sahədə münasibətlərin daha da inkişaf etdirilməsi isə olduqca vacibdir. Çünki dünyanın iqtisadi və siyasi səhnəsində mürəkkəb proseslər baş verir. Təkcə siyasi təhlükəsizliyin erroziyasını deyil, həm də iqtisadi münasibətlərin pozulmasını müşahidə edirik. İƏT isə regional baxımdan bu münasibətlərin pozulmasının qarşısını almağa imkan yaradır. Təşkilata üzv ölkələrin qədim İpək Yolu üzərində yerləşməsi, müasir dövrdə isə özündə yeni İpək Yolunu ehtiva edən “Bir kəmər - bir yol” layihəsinin çəkisinin artması nəticə etibarilə sözügedən ölkələrin rolunu aktivləşdirir. Azərbaycanın bu qurum daxilində əlaqələndirici rola malik olduğunu nəzərə alaraq deyə bilərik ki, Xankəndidə keçiriləcək XVII zirvə görüşü təşkilatın fəaliyyəti ilə yanaşı, mövcud potensialın inkişafına da mühüm töhfə verəcək".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Chosen
23
16
musavat.com

10Sources