EN

İran hələ də "Azərbaycanda İsrail bazaları" nağılından danışır – halbuki, İsrailin raket və təyyarələri...


Xaqani Cəfərli: "İran İsrailin F-35 təyyarələrini, zərərsizləşdirmək bir yana, aşkar etməyə də qadir deyil"

İran İsrailin təcavüz aktını yeniləməkdən ötrü qonşu ölkələrin ərazisindən istifadə etmək ehtimalına qarşı istənilən hərəkətini diqqətlə izləyir. Bunu iyunun 30-da keçirdiyi brifinqdə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib.

Onun sözlərinə görə, İran bununla bağlı müvafiq xəbərlər, kəşfiyyat məlumatları və ehtimallar barədə müvafiq ölkələrə məlumat verib: "Bütün qonşu ölkələr istisnasız olaraq bizi əmin ediblər ki, sionist rejimin öz məkanından və ya ərazilərindən İrana qarşı təcavüzkar hərəkətlər üçün istifadə etməyə icazə verməyəcəklər".

İran yenidən qonşu ölkələrin ərazisindən ona qarşı sui-istifadə edilə biləcəyindən ehtiyatlanır və bu mövzunu yenidən qabardir. Lakin son əməliyyatlar göstərdi ki, heç bir qonşu ölkənin ərazisindən istifadə etmədən də İranın istənilən ərazisi bombalana bilir. Məntiqlə, İsrailə və ABŞ-a heç bir qonşu ölkənin ərazisindən istifadə etmək lazım deyil. İsrailin ballistik raketləri və qırıcı təyyarələri İran üzərində sərbəst manevr edə bilir. Elə isə, İran nədən bu mövzuya tez-tez qayıdır?

Baki-xeber.com-a məsələyə munasibətində politoloq Xaqani Cəfərli bildirdi ki, Tehran rəsmilərinin İsrailin İranın qonşu ölkələrinin ərazisindən istifadə etmək cəhdlərini diqqətlə izləməsi haqqında İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayinin açıqlaması təbliğatı xarakter daşıyan, qeyri-ciddi məsələdir. İsrail Suriya və İraqın hava məkanından istədiyi kimi istifadə edir və Tehran bunun qarşısını almaqda acizdir. İran İsrailin F-35-lərini, zərərsizləşdirmək bir yana, aşkar etməyə də qadir deyil. Nüfuzlu hərbi ekspertlərin fikirlərinə görə, F-35-ləri öncədən aşkar edəcək radar sistemi dünyada mövcud deyil. Hətta ABŞ-ın özünün 4-cü nəsil təyyarələri olan F-16-lar belə F-35-lərə qarşı heç bir şansı olmayan təyyarələrdir. Baxmayaraq ki, bütün dünyada dördüncü nəsil təyyarələrin arasında F-16-ların tayı-bərabəri yoxdur. Yaxud “Xəyalət təyyarə” adlandırılan ABŞ-ın B-2 strateji bombardımançılarını, zərərsizləşdirmək bir yana, aşkar etmək İranın imkanları xaricindədir.

İkincisi, ABŞ İrana qarşı hücumda açıq dənizlərdəki donanmasından istifadə edib ki, onun da qarşısını almaq İranın gücü daxilində deyil.

Üçüncüsu, ABŞ və İsrail İrana qarşı yerüstü əməliyat keçirmək niyyətində olmadığı üçün qonşu ölkələrin ərazilərini izləmək mənasız işdir.

Ümumiyyətlə, ABŞ-ın elə bir zərbə gücü var ki, nəinki İran, hətta İranın cəsarətsiz müttəfiqləri belə birlikdə onun qarşısını almaq gücündə deyillər.

Buna görə də Tehran rəsmilərinin İsrailin İranın qonşu ölkələrin ərazisindən istifadə etmək cəhdlərini diqqətlə izləməsi haqqında açıqlamalar qeyri-ciddi məsələdir. İran rəsmiləri xalqını və dövlətini düşünürsə, belə mənasız açıqlamalar əvəzinə, növbəti zərbələrdən yayınmağın yollarını tapmalıdırlar. Əks halda budəfəki zərbələr İranı 200 il geriyə atacaq".

Akif NƏSİRLİ

Chosen
30
50
baki-xeber.com

10Sources