Sia Az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Rusiyanın Yekaterinburq şəhərində yaşayan soydaşlarımız – Səfərovlar ailəsi ilə bağlı baş verən hadisələr hər bir azərbaycanlını ciddi şəkildə narahat edir. Hüquq-mühafizə orqanlarının onlara qarşı sərgilədiyi münasibət nə hüquqi baxımdan, nə də Rusiya-Azərbaycan münasibətlərinin mahiyyəti və xarakteri baxımından qəbuledilən deyil". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti və dövləti bu məsələyə son dərəcə prinsipial və düzgün münasibət nümayiş etdirmişdir: "Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının Azərbaycan adında bir vətəni var. Azərbaycan dövləti bütün vətəndaşlarına və soydaşlarına daim sahib çıxır, onların hüquqlarının qorunmasını qarşısına vəzifə qoyur.
Biz heç bir azərbaycanlının taleyinə biganə deyilik, onların qayğısını çəkir, üzərimizdə məsuliyyət hiss edirik. Səfərovlar ailəsinin yaşadığı bu xoşagəlməz hadisə də bir daha göstərdi ki, Azərbaycan dövləti xaricdə yaşayan soydaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün vasitələrdən istifadə edir və edəcəkdir".
Politoloq bildirib ki, Rusiya hakimiyyət orqanları Azərbaycan tərəfinin narahatlığını nəzərə almalı və baş vermiş hadisəyə aydınlıq gətirməlidirlər: "Məsələyə hüquqi baxımdan yanaşdıqda, hüquqda geniş yayılmış və tətbiq olunan təqsirsizlik prezumpsiyası prinsipi mövcuddur. Təqsirsizlik prezumpsiyası o deməkdir ki, hər hansı əmələ görə şübhəli bilinən şəxs tələb olunan hüquqi prosedur və qaydalar əsasında, yalnız məhkəmə yolu ilə təqsiri sübuta yetirildiyi halda təqsirli sayıla bilər. Əks halda, həmin şəxs təqsirli hesab edilə bilməz. Nəzərə almaq lazımdır ki, təqsirsizlik prezumpsiyası beynəlxalq deklarasiyalar tərəfindən də dəstəklənir və bu yanaşma Rusiya hüquq çərçivəsində də mövcuddur. Rusiya Prezidentinin mətbuat katibi bildirib ki, Azərbaycanla münasibətlərin daha da yaxşılaşmasında maraqlıdırlar. Hesab edirəm ki, əməli şəkildə göstərilməli, sübuta yetirilməlidir. Son baş verənlər, yəni soydaşlarımıza qarşı baş vermiş hadisələr müvafiq orqanlar tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Bu məsələdə qanun pozuntusuna yol verən şəxslərə qarşı da müvafiq hüquqi addımlar atılmalıdır.
Hesab edirəm ki, bu, Rusiya–Azərbaycan münasibətlərinin gələcəyi baxımından çox vacibdir. Rusiyada çoxsaylı soydaşlarımız yaşayır və əmək fəaliyyəti ilə məşğuldurlar. Onların böyük əksəriyyətinin Rusiya vətəndaşlığı mövcuddur. Bu baxımdan düşünürəm ki, soydaşlarımızın Rusiya iqtisadiyyatına da kifayət qədər təsirli töhfələri vardır"- deyə, o əlavə edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.