EN

Paşinyan II Qaregini həbs etdirə bilər?

"Ermənistanda Baş nazir Nikol Paşinyan və kilsənin ali rəhbəri katolikos II Qaregin arasında yaşanan qarşıdurma getdikcə böyüyür". 

Bu sözləri politoloq Turan Rzayev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, xüsusilə Paşinyanın II Qareginə yönəltdiyi ittihamlar, onun subaylıq andını pozması və ailəsinin olması barədə açıqlamaları yalnız şəxsi təhqir kimi deyil, həm də kilsənin nüfuzuna zərbədir:

"Erməni Apostol Kilsəsinin ən yüksək dini rəhbəri olan II Qaregin katolikos statusuna görə həm daxili kilsə qanunları, həm də geniş xalq dəstəyi ilə qorunur. Buna görə onun vəzifəsindən kənarlaşdırılması asan proses deyil. Lakin Paşinyanın son illərdə kilsəyə qarşı sərt addımları və kilsə liderlərinin həbs edilməsi göstərir ki, siyasi hakimiyyət kilsənin ən yüksək nümayəndəsinə də təsir göstərmək niyyətindədir". 

376785

Ekspertin sözlərinə görə, əgər Paşinyan hakimiyyəti və kilsə daxilindəki güclər arasında ciddi razılaşma əldə edilərsə, II Qaregin vəzifəsindən uzaqlaşdırıla bilər:

"Lakin bu, böyük ictimai rezonans və daxili qarşıdurmalar doğuracaq. Hazırda II Qareginə qarşı konkret cinayət ittihamı yoxdur. Paşinyanın ittihamları daha çox mənəvi və dini prinsip məsələsidir. 

Həbs isə ciddi hüquqi prosedurlar və əsaslı sübutlar tələb edir. Buna görə də onun həbsdə uzun müddət saxlanılması real görünmür. Amma siyasi gərginliyin artması və hakimiyyətin kilsəyə qarşı daha sərt mövqeyi davam edərsə, bu ehtimal tamamilə istisna deyil". 

Politoloq qeyd edib ki, Paşinyan kilsənin siyasi təsirini zəiflətmək üçün əlavə addımlar ata, amma bu da cəmiyyətdə kəskin narazılıq və etirazlara səbəb ola bilər:

"Üstəlik, II Qaregin və kilsə rəhbərliyinin müqaviməti qaçınılmazdır. Kilsə öz mövqeyini qorumaq üçün geniş kütləvi dəstək və siyasi müxalifətlə birləşə bilər. Bunun isə ölkədə böhranı dərinləşdirə ehtimalı var. Hesab edirəm ki, vəziyyətdən aslı olaraq hər iki tərəf arasında danışıqlar başlayaraq qarşıdurma yumşala bilər".

Lakin Turan Rzayev diqqətə çatdırıb ki, bu, hazırda çox zəif ehtimaldır:

"Ümumiyyətlə, II Qareginin vəzifəsindən uzaqlaşdırılması və ya həbs olunması mümkün, amma hazırda ehtimalı aşağıdır. Əsas amil bundan sonra hansı tərəfin güclü qalması və ictimai dəstəyi qazanacağındadır".

Pərviz

Chosen
16
33
hit.az

10Sources