ain.az bildirir, Azertag portalına istinadən.
Bakı, 30 iyun, AZƏRTAC
Bu günlərdə respublikanın 5 şəhər və rayonunda Ahıllar üçün günərzi qayğı mərkəzlərimiz fəaliyyətə başlayıb. Bu mərkəzlər Bakı, Gəncə, Sumqayıt, Qazax və Xaçmazda ahıllarımıza müvafiq xidmətlər göstərir. Layihə çərçivəsində 150 ahıla sosial xidmət göstərilməsi nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Agentliyin 5 illiyinə həsr olunan mətbuat konfransında deyib.
V.Behbudov qeyd edib ki, növbəti aydan əlilliyi müəyyən edilmiş uşaqlar üçün sosial reabilitasiya mərkəzləri fəaliyyətə başlayacaq: "Respublikanın müxtəlif şəhər və rayonları üzrə əlilliyi müəyyən edilmiş uşaqlara sosial reabilitasiya xidmətlərinin göstərilməsi üçün 20-yə yaxın belə mərkəzimiz fəaliyyətə başlayacaq. Sözsüz ki, uşaqların ailə qayğısı ilə əhatə olunması məqsədilə fəaliyyətimizi davam etdirəcəyik. 2025-ci ildə valideyn himayəsindən məhrum olmuş 220, 2026-cı ildə isə 240 uşağın müəssisələrdən ailə himayəsinə qaytarılması nəzərdə tutulub. Eyni zamanda bu il 200, növbəti ildə isə 220 uşağın müəssisələrə düşməsinin qarşısının alınması istiqamətində iş aparırıq. Valideyn himayəsindən məhrum olmuş 40 uşağın, 2026-cı ildə isə daha 50 uşağın himayədar ailələrdə yerləşdirilməsini həyata keçirməyi düşünürük. Eyni zamanda 2025-ci ildə 165, 2026-cı ildə isə daha 165 uşağın övladlığa verilməsi planlaşdırılır".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.