EN

Qvardiola: "Bir çox insanlar Klublararası DÇ-ni yalnız iştirak etmədikləri üçün tənqid edirlər"

"Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola "Liverpul"un sabiq baş məşqçisi Yurgen Kloppun Klublararası DÇ ilə bağlı tənqidlərinə cavab verib.

Operativ Media xəbər verir ki, Klopp bu turnirin futbol tarixində həyata keçirilmiş ən pis ideyalardan biri olduğunu bildirmişdi. Onun fikrincə, bu turnirdə iştirak futbolçuların zədələnmə riskini artırır.

"Yurgenlə biz çox mübarizə aparmışıq, onun bu fikirlərinin haradan qaynaqlandığını bilirəm. İngiltərədə çox üz-üzə gəlmişik, UEFA ilə görüşlərdə də bir yerdə iştirak etmişik, xüsusilə də Premyer Liqada — futbolçular və məşqçilər üçün daha yaxşı təqvim, keyfiyyət və istirahət şəraiti uğrunda çalışmışıq", —  deyə Qvardiola qeyd edib.

O, Kloppun mövqeyini başa düşdüyünü də bildirib:

"Biz, məşqçilər, turnirləri təşkil etmirik. Hər kəsin öz rolu var. Artıq demişəm ki, burada iştirak etdiyimizə görə qürur duyuram. Axırda isə bir çox insan bu turniri yalnız ona görə tənqid edir ki, orada iştirak etmirlər və ya iştirak etmək istəyirlər", — deyə Qvardiola əlavə edib.

Xatırladaq ki, Klublararası Dünya Çempionatı 15 iyun – 13 iyul tarixlərində ABŞ-də keçirilir. Bu dəfə ilk dəfə olaraq turnirdə 32 komanda iştirak edir. "Mançester Siti" 1/8 final mərhələsində "Əl-Hilal"la qarşılaşacaq.

Chosen
26
50
operativmedia.az

10Sources