EN

Siyasi şərhçi: Yekaterinburq hadisələri rus şovinizm siyasətinin tərkib hissəsidir

Bakı, 30 iyun, AZƏRTAC

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın etmələri, günahsız insanları qətlə yetirmələri və vəhşicəsinə döymələri rus şovinizm siyasətinin tərkib hissəsidir. Son illər ölkəmizin inkişaf etmiş dövlətlər sırasına qoşulması, Azərbaycanın liderinin reytinqinin sürətlə artması özlərini dünyada güc sahibi kimi tanıdan bəzi ölkələri ciddi təşvişə salıb. 2020-ci ildə Ermənistanla bərabər onun dünyadakı havadarlarını da məğlubiyyətə uğradan və 2023-cü ildə Qarabağda aparılan lokal antiterror tədbirlərindən sonra təşvişə düşənlərin sayı daha da artıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.

O deyib ki, 1997-ci ildən indiyədək Azərbaycanla Rusiya arasında dostluq, əməkdaşlıq, qarşılıqlı təhlükəsizlik və strateji tərəfdaşlıq haqqında 4 sənəd imzalanıb. Sonuncu dəfə 22 fevral 2022-ci ildə Moskvada Rusiya və Azərbaycan prezidentlərinin imzaladıqları 43 bənddən ibarət “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” dünya ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanmışdı. Həmin sənədlərdə bir çox məsələ, o cümlədən iki ölkənin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlığının genişləndirilməsinə sadiqlikləri, siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, təhsil, sosial sahələrdə, eləcə də səhiyyə, gənclər arasında əməkdaşlıq və idman sahəsində yaxınlaşmasının vacibliyi öz əksini tapırdı. Bununla yanaşı, Rusiya Federasiyasının və Azərbaycan Respublikasının üzv olduqları beynəlxalq və regional təşkilatlarda qarşılıqlı maraq doğuran məsələlər üzrə ikitərəfli fəaliyyətin inkişaf etdirilməsi də prioritet vəzifə kimi qarşıya qoyulmuşdu.

Siyasi şərhçinin fikrincə, son illər Rusiyanın Azərbaycana qarşı təxribatlarının arxasında dünyada baş alıb gedən ikili standartlar, siyasi riyakarlıq, islamofobiya dayanır. Əsas məqam isə Azərbaycanın dünya birliyində sürətlə yüksələn reytinqidir. Görünür, bu gün Rusiyanın bir sıra şovinist və ermənipərəst rəsmləri bunu qəbul edə bilmirlər. Onları yandırıb-yaxan artıq dünya birliyinin də “Qarabağ Azərbaycandır!” reallığını və Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini qəbul etməsidir.

Chosen
27
50
azertag.az

10Sources