EN

“Qafqazın İsraili” olmağa məhkumuq...

İki gün öncə İran “İslam” Respublikasının Ermənistandakı səfiri Mehdi Sobhani növbəti dəfə İrəvanda jurnalistləri başına toplayıb Azərbaycanla bağlı özü kimi sarsaq iddialar irəli sürdü və guya, “12 günlük müharibə” zamanı Azərbaycan ərazisindən İrana qarşı istifadə edildiyini, İsrail dronlarının Azərbaycan ərazisindən İrana hücum həyata keçirdiyini bəyan etdi.

Lakin ortada isə İranın yalançı səfirinin səsləndirdiyi əsassız və təxribat xarakterli iddialarını təsdiqləyən nə bir sübut, nədəki hər hansı maddi-texniki faktlar var.

Səfirə sadəcə Tehrandan tapşırıblar (ya Abbas Araqçı tapşırıb, yada ki, böyükləri İsrail tərəfindən məhv edilmiş SEPAH-ın yeni komandirləri belə göstəriş veriblər) ki, çıx, jurnalistlərin qarşısında bu yalan məlumatları, “feyk”ləri açıqla.

O da ən utanmaz, abırsız fars diplomatlarından biridir, qırmızı və ağ yalanlar uydurmağın mahir ustasıdır. Bu üzdən, Tehrandan verilən tapşırığı xüsusi canfəşanlıqla yerinə yetirib.

Paralel olaraq isə, İranın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Möctəba Dəmirçiluya isə tapşırıq veriblər ki, sən isə Bakıda rəsmi qəbullar zamanı deyərsən ki, “İran tərəfi tam əmindir ki, Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə oluna bilməz, Azərbaycan dövləti buna heç zaman imkan verməz”.

Prezident İlham Əliyev iyunun 27-də Möctəba Dəmirçilunun etimadnaməsini qəbul edərkən, iranlı səfir eynilə belə də qeyd etdi: “İran tərəfi tam əmindir ki, Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə oluna bilməz, Azərbaycan dövləti buna heç zaman imkan verməz”.

Göründüyü kimi eyni ölkənin Bakıdakı və İrəvandakı səfirlərinin bəyanatları bir-birinə tamamilə daban-dabana ziddir.

Görəsən, bu, texniki səhvdir?

Yox!

Təsadüfdür?

Yenə də yox!

Bu, ikibaşlı oyundur, kombinasiyadır.

Bununla Bakıya psixoloji pressinq tətbiq edirlər. Və eyni zamanda, İsrailin və ABŞ-ın son zərbələrinin ağır nəticələrinin, itkilərinin İran ictimaiyyətində yaratdığı əzikliyi, bədbinliyi, ruh düşkünlüyünü Azərbaycanı hədəfə almaqla qismən də olsa, kompensasiya etməyə çalışırlar.

İranın bu təxribatçı planına sinxron olaraq, eyni gündə (iyunun 27-də) isə Rusiyanın rəsmi, hüquqi quldur strukturları olan “FSB” və OMON” Yekaterinburq şəhərində azərbaycanlılara qarşı barbarcasına “cəza əməliyyatı” həyata keçirir, bir neçə soydaşımızı qətlə yetirir.

Beləliklə, Moskva və Tehran eyni vaxtda, sanki bir-birilə tam koordinasiyalı şəkildə Azərbaycanın üzərinə gəlir.

Bəs, nə etməli?

Aydındır ki, müstəqilliyini cəmi 34 ildir bərpa etmiş və üstəgəl 30 illik işğalın ağrı-acılarından yenicə xilas olmağa, dirçəlməyə başlamış Azərbaycanın bu cür hegemon və toksik dövlətlərin, tarixi düşmənlərin təzyiqləri qarşısında müvazinətini saxlaması, ayaqda qalması və nəyin bahasına olursa-olsun müstəqil siyasətini davam etdirməyə çalışması elə də asan məsələ deyil.

Lakin Azərbaycanın başqa yolu da yoxdur. Biz bu təzyiqlərə inad göstərməli, daha güclü olmağa çalışmalıyıq. Rusiya və İran özləri bizi buna vadar edirlər. Onların zəhərli siyasəti bizə başqa yol qoymur.

Ona görə də Azərbaycan Cənubi Qafqazın İsraili olmağa məhkumdur. O dərəcədə güclənməliyik ki, günün birində biz də yeri gələrsə (molla rejimi bizi buna təhrik edərsə), İsrail kimi İrana hücum etməyi və yaxud, soydaşlarımızı Yekaterinburqda, Moskvada, Piterdə qətlə yetirən “FSBbeşnik”ləri, “omon”çuları tapıb cəzalandırmağı bacarmalıyıq (eynilə MOSSAD kimi).

Biz Putin Rusiyasının və molla İranının ölkəmizə qarşı vaxtlı-vaxtsız basqılarını, təhriklərini, təxribatlarını yalnız bu yolla dayandıra bilərik. Zatən şimal və cənub qonşularımız da təkcə güc faktoru ilə hesablaşırlar. Ona görə də Azərbaycan Kremlin və ayətullahların yuxularını qaçıran bir ölkəyə çevrilməlidir. Bu, tarixi proseslərin və hazırkı geosiyasi gerçəkliklərin sifarişidir...

Chosen
18
31
vaxt.az

10Sources