Rusiya siyasi elitasının daxilində Azərbaycanla münasibətləri korlamağa çalışan qüvvələr var.
Bu sözləri “Report”a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan – Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Nigar Arpadarai deyib.
Onun sözlərinə görə, Yekaterinburqda azərbaycanlılara qarşı baş verən hadisənin ayrıca bir insidentmi, yoxsa hansısa kampaniyanın bir hissəsi olduğunu araşdırmaq lazımdır: “Müəyyən misallar çəkərək deyə bilərəm ki, artıq bir müddətdir Rusiyada miqrant mövzusu şişirdilir. Hərçənd ki, bu kampaniya əsasən Mərkəzi Asiyadan gələnlərə yönəlib, Azərbaycan da bu çərçivəyə salınır. Bundan başqa, AZAL təyyarəsinin vurulmasından sonra münasibətlərdə bir soyuqluq hiss olunur. Qeyd etmək lazımdır ki, bu məsələdə Rusiya tərəfi susqunluq və mövzunu yayındırmaq siyasətini seçib. Halbuki, Prezidentimizin açıq şəkildə verdiyi bəyanatlar göstərdi ki, Azərbaycan bu məsələnin unudulmasına imkan verməyəcək”.
Deputat həmçinin diqqətə çatdırıb ki, Rusiya mediasında Azərbaycanla bağlı, xüsusilə miqrantlar və ölkəmizin Ukrayna ilə münasibətləri kontekstində müxtəlif təxribat xarakterli materiallar yayılmağa başlayıb: “Halbuki, Azərbaycan heç bir gizli mövqe tutmur, müharibənin əvvəlindən bu yana mövqeyini dəyişməyib və siyasətini beynəlxalq hüquq prinsipləri üzərində qurur. Bu isə yayılan informasiyaların sifarişlə həyata keçirildiyini göstərir”.
MM-in işçi qrupunun üzvü Rusiya siyasi elitasında baş verən bütün daxili prosesləri bilmədiyini desə də əlavə edib ki, yalnız zahiri təzahürlərə əsaslanaraq fikir bildirə bilər: “Amma görünən odur ki, bu elitanın daxilində Azərbaycanla münasibətləri korlamağa çalışan qüvvələr var. Mən əminəm ki, bunlar 2020-ci il müharibəsi zamanı Ermənistana müasir silahları göndərən, Qarabağa Ruben Vardanyanı göndərən, AZAL-ın sərnişin təyyarəsinin vurulması ilə bağlı istintaqı düzgün istiqamətdən yayındırmağa çalışan eyni qüvvələrdir. Hətta Yekaterinburqda baş verən hadisələrin birbaşa onların təşkil etdiyi demək olmasa da, hadisələr ətrafında yaradılan informasiya fonunun eyni əlin məhsulu olduğu görünür. Yalnız xatırlatmaq istərdim ki, Azərbaycanla qarşıdurma Rusiyanın maraqlarına ziddir. Deməli, bu qüvvələr dövlət yox, şəxsi maraqlar naminə hərəkət edirlər. Ümid edirəm ki, Moskvada bunu anlayırlar”.